AZ

Qərb “ demokrat dostunu” necə unutdu?

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

SSRİ-nin dağılması ilə Qərb post-İttifaq ərazisində özünün dayaqlarını formalaşdırmağa başladı. İllərlə bu yöndə “iş aparan”, “dostlar tapan”, onları “təlimatlandıran” və “hazırlaşdıran” Qərb yeni dönəmdə məhz bu yaratdığı siyasi fiqurlardan öz mənfəəti üçün istifadə etməyə başladı. Sirr deyil ki, cəmisi 20 ilə yaxın keçmişdə Gürcüstanda baş verənlər də məhz Qərbin ssenarisi üzrə həyata keçirdi. Elə Saakaşvilinin siyasi həyatına nəzər saldıqda bütün ştrixlər ortaya çıxır - 1992-ci ildə Osloda yerləşən Norveç İnsan Hüquqları İnstitutunda çalışan,  1993-cü ildə Strasburqda yerləşən Beynəlxalq İnsan Hüquqları İnstitutunun diplomuna layiq görülən, 1994-cü ildə “Edmund S. Muskie Graduate Fellowship” proqramı üzrə təqaüd qazanaraq Kolumbiya Universitetinin Hüquq elmləri fakültəsində magistraturaya daxil olan, 1995-ci ildə Corc Vaşinqton Universitetində dissertasiya müdafiə edərək doktorluq dərəcəsi qazanan Saakaşvili 1995-ci ildə Gürcüstan parlamentinin deputatı seçildi. 2000-ci ildə ədliyyə naziri vəzifəsinə təyin edilir, daha sonra Tiflis meri seçilir. 2004-cü ildə rəngli inqilab nəticəsində hakimiyyətə gələn Saakaşvili 2013-cü ilə qədər Gürcüstan prezidenti olur.

Daha sonra Ukraynaya gedən Saakaşvili orada da bəzi vəzifələrdə təmsil olunur. 2017-ci ildə isə Ukrayna vətəndaşlığından çıxarılır. Ukraynanın yeni prezidenti Volodimir Zelenski dövründə 2019-cu ilin may ayında Mixail Saakaşviliyə Ukrayna pasportu geri qaytarılır. 2021-ci ilin oktyabrında Mixail Saakaşvili ölkəsinə qanunsuz qayıtdıqdan sonra həbs edilir. Artıq 3 ildir ki, həbsdə olan Saakaşvili ilə bağlı zaman-zaman bəzi “bəyanatlar” verilsə də, Qərb öz keçmiş “dostunu” unudur. Hətta illərdir ki, keçirilən “Demokratiya sammit”lərinə quru dəvət belə göndərilməyib.

Yeri gəlmişkən, həbsdə olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) verdiyi iddiasını geri götürərək, səhhətinə görə həbs cəzasının ləğvini və xaricə müalicəyə göndərilməsini tələb edib. Bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze brifinqdə məlumat verib. Qeyd edək ki, 6 fevral 2023-cü ildə Tiflis Şəhər Məhkəməsi və martın 2-də Tiflis Apellyasiya Məhkəməsi keçmiş prezidentin səhhətinə görə həbs cəzasını təxirə salmaqdan imtina etdikdən sonra Saakaşvilinin vəkilləri AİHM-ə müraciət etmək qərarına gəlmişdilər.

Göründüyü kimi, Qərb vaxtilə “demokratiya yayıcısı” kimi qələmə verilən “dostlarını” taleyin ümidinə buraxır. Halbuki, bir zamanlar Qərb Saakaşvilini az qala demokratiya sözü ilə paralelləşdirmişdi, onun addımlarını ən demokratik addımlar kimi asossasiya olunmasını təbliğ edirdi. Bəs necə oldu ki, Qərb Saakaşvilini “istifadəyə yararlılıq” siyahısından çıxarıb, hətta onunla bağlı bir nüansı önə çəkmir? Bu, “insan hüquq və azadlıqları” adı altında özünün maraq və planlarını təşviq edən siyasi güclərin əsl simasını üzə çıxarır. Məqsədli və süni şəkildə qabardılan, “qəhrəman”a çevrilməsi uğrunda geniş iş aparılan, fərqli maraqların təmsilçisi olanlar Saakaşvilinin durumundan ibrət götürməlidir. Yaddan çıxmış “demokrat” quru sözə belə layiq görülmür...

MƏNSUR

Seçilən
108
Mənbələr
Şərh ()
Bağla