AZ

İlahi nizamda zülm yoxdur? - Tural İrfanıın ŞƏRHİ

Fəlsəfi mənada ədalət və hikmət anlayışı zahirən fərqli mənalarda, təzadlı görünür. Quranda Xızır və Musa peyğəmbərlərin yolçuluğu zamanı Xızırın azyaşlı uşağı öldürməsinin səbəbini sorğulayan Hz. Musaya Xızır etiraz edir, hətta bu suallar yollarının ayrılmasına səbəb olur.

Azyaşlı, heç bir günah etməmiş bir uşağı qətlə yetirmək Tövhid dini hüququna görə haram və böyük günahdır. Hətta kiminsə gələcəkdə böyük günahlar edəcəyini qeyb elmi ilə, Allahın bildirməsi ilə bilsə belə yenə də o kimi şəxslərə, cinayəti işləməmiş cəza vermək zülmdür.

İmam Əli öz qatilini, Peyğəmbərin xəbər verməsi ilə bilirdi, hətta o şəxs ona ən yaxın adamlardan olmuşdu. Ancaq onu qabaqcadan cəzalandırmaq olmazdı, cəzalandırmadı da.

Zahiri mənada dünyəvi idarəetmə nizamına görə Xızırın uşağı öldürməsi ədalətsizlik idi. Çünki o uşaq hələ heç bir günahın sahibi deyildi. Ancaq ilahi prizmadan yanaşanda hikmətə əsaslanırdı. Allah da dünyanı məhz bu ilahi hikmət əsasında idarə edir.

Fələstində günahsız körpələr, yaxud sağalmaz xəstəliyə düçar olub illərlə əziyyət çəkənlər, aclıqdan torpaq yeyən Somali əhalisi zahiri baxımdan ədalətsizliklə üzləşiblər. Məgər Allah ruzini özü bölmürmü? Şübhəsiz ki, özü bölür. Bəs onda nə üçün körpələr acından ölür? Ərəb ölkələrində də Allahdan danışan şeyxlərin mikrofonu, unitazı belə qızıldandır, aşı vannada yeyirlər...

Demək burada bir hikmət var. Bu görüntü ilahi meyarların nəticəsində meydana gələn hadisələrdir. O hikmətə əsaslanan tətbiqatı insanlar, idarəçilər yox, yalnız Allah həyata keçirə bilər və bu belə də olur. Ancaq bununla yanaşı, bu səhnədə idarəçilər, insanlar da sınağa çəkilir. Uşaqlar cənnətə qədəm qoyur. Bəlkə də yaşasa, yarısı, ya da hamısı tüğyançı, günahkar, kafir olub cəhənnəmə gedəcəkdi. Necə ki, Xızır uşağı öldürməklə onu cənnətlik etdi. Ancaq yaşasa böyük günah sahibi olub axirəti bərbad olacaqdı.

Odur ki, ədalət və hikmət anlayışları fərqlidir. Hikmətə əsaslanan olaylar ədalət prizmasından haqsız görünür.

Rəvayətə görə Əzrayıldan sual edilib ki, fəaliyyəti müddətində öldürdükləri arasında heç acıdığı, təəssüfləndiyi olubmu? Cavab verib ki, bəli, olub. Ədalət baxımından yanlışlıq olduğunu zənn edib təəssüflənmişəm, ancaq sonra hikmətini görüb şükr etmişəm ki, elə doğru olan bu imiş.

Allah tərəfindən böyük bir heyəti olan gəmini batırmaq üçün əmr aldım və batırdım. Taxtaya sarılıb dalğaların üstündə sahilə doğru çırpınan bir uşağa toxunmamaq tapşırıldı. O uşağa baxıb çox acıdım, təəssüfləndim. Şübhəsiz ki, Allaha sual edə bilmədim.

Bir də bir neçə ildən sonra Babildə Nəmrud adlı hökmdarın canını almaq tapşırıldı. Uca dirəklər üstündə asma bağlar saldırıb sanki dünyada cənnət yaratmışdı. Ancaq bağların tikildiyi illər ərzində ona heç baxmamışdı. Bağlar hazır olduğu gün hökmdar evlənib gərdəyə o bağlarda girmək üçün gəlinlə birgə pilləkənləri qalxanda nida gəldi ki, hökmdarın canını al. Onun canını aldım, ancaq çox mütəəssir oldum ki, axı bu, illərlə əziyyət çəkib bağ tikmişdi, özü də evləndiyi gün heç o bağları görmədən onu öldürmək... Görəsən olmazdımı qalxıb bağı görə idi, kamına çata idi, sonra canını alaydıq...

Elə bunları düşünərkən Allahdan nida gəldi ki, mənə üsyan edib özünü tanrı elan edən, İbrahim peyğəmbəri oda atan, hətta göylərdəki cənnətlərə rəğmən Babildə asma bağlar tikdirib "Allahın nəyi məndən üstündür, mən də göydə cənnət salmışam..." deyən Nəmrud sənin dənizdə taxtanın üstündə tərk edib təəssüfləndiyin həmin körpə idi. Budur, böyüdü, ərsəyə çatdı, hökmdar oldu, onu dənizdən xilas etdiyimizə şükr etmək əvəzinə dünyada bu fəsadları törətdi, naşükür oldu...

Odur ki, zahirən ədalətsizlik kimi görünən hadisələr hikmətə və ilahi təqdirə, qədər və qəzaya əsaslanır. İlahi nizamda zülm yoxdur.

Tural İrfan, ilahiyyatçı


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla