AZ

Azərbaycan COP29-u yüksək səviyyədə təşkil etməklə beynəlxalq aləmdə öz sözünü deyəcək –ŞƏRH

Azərbaycan

Bakı, 1 may, AZƏRTAC

Prezident İlham Əliyevin “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışı COP29-un ev sahibi kimi, Azərbaycanın qlobal problemlərə, xüsusilə iqlim dəyişikliyi məsələlərinə necə həssaslıqla yanaşdığını nümayiş etdirir. Prezident çıxışında bu cür tədbirlərə Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla əlaqələri və onlardan ölkələr arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də həmrəyliyini möhkəmləndirmək imkanı kimi baxdığını xüsusi olaraq vurğulayıb. Lakin təkcə bu deyil. Prezident İlham Əliyevin Almaniya səfəri və oradakı yüksək səviyyəli görüşləri, bəzi bədxah qüvvələrin Azərbaycana qarşı birləşmiş cəbhə yaratmaq planlarını sözün əsil mənasında alt-üst edib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında "İslahatçı Gənclər" İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.

Onun sözlərinə görə, Almaniya kimi Avropa nəhənginin ölkəmizə və onun liderinə qarşı xüsusi diqqəti, eləcə də Avropa İttifaqının doqquz üzvü ilə imzalanan “Strateji Tərəfdaşlıq” haqqında razılaşmalar və bəyannamələr də bunu sübut edir. Köhnə qitənin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm pay sahibinə çevrilən Azərbaycanın təkcə regional deyil, eyni zamanda, qlobal gücə çevrildiyini hamı görür və qəbul etməyə məcbur olur.

“Qarabağın işğaldan azad edilməsi və Azərbaycanın suverenliyinin tam şəkildə bərpası təkcə hərbi qələbə olmayıb, eyni zamanda, Prezident İlham Əliyevin timsalında bir türk-müsəlman ölkəsinin adına tayı-bərabəri olmayan bir siyasi və diplomatik zəfərdir. Dünyanın yaxın-uzaq tarixində bu və buna oxşar hadisələrə rast gəlinməyib. Bu mənada hesab edirəm, bütün ali tribunaları Azərbaycan həqiqətlərinin carçısına çevirməyə çalışan ölkəmiz COP29-u da ən yüksək səviyyədə təşkil etmək və keçirməklə, təkcə beynəlxalq iqlim dəyişikliyi hərəkatının tarixinə deyil, beynəlxalq münasibətlər tarixinə də öz damğasını vuracaq", - deyə F.Şahbazlı əlavə edib.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
1
Mənbələr
Şərh ()
Bağla