AZ

Daşınmaz əmlak bazarında bahalaşmanın səbəbi nədir?

Bakıda daşınmaz əmlakın qiymətində artımlar müşahidə edilir. Belə ki, fevraldan başlayaraq fərdi həyət evlərinə tələb artıb. Buna görə də fərdi evlərdə və torpaq sahələrində 1,4 faiz qiymət artımı qeydə alınıb. Yaşayış binalarında və qeyri-yaşayış sahələrinə isə tələb dəyişməyib. Yaşayış binalarında olan mənzillərdə 0,9 faiz aylıq qiymət artımları müşahidə olunub. Qeyri-yaşayış sahələrində isə 1,3 faiz aylıq qiymət artımı qeydə alınıb.

Maraqlıdır, görəsən daşınmaz əmlakların qiymətinin artması nədən qaynaqlanır? Qiymət artımlarının nə vaxta qədər davam etməsi gözlənilir?

Əmlak eksperti Elnur Fərzəliyev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, artıq uzun illərdir Bakı, Sumqayıt, Xırdalan və digər böyük şəhərlərə tələbat artdıqca həmin şəhərlərdəki daşınmaz əmlakların qiymətlərində artımlar müşahidə olunur: “20 il əvvəlki qiymətlərə nəzər yetirsək görərik ki, daşınmaz əmlakların qiyməti arasında 10-15, bəzi hallarda isə 20 dəfəyə qədər artım baş verib. Bu artımlar dünyada gedən proseslərdən, ölkənin iqtisadi gəlirlərindən və tələbatın artmasından qaynaqlanır. Eyni zamanda, tələb çox, təklif az olduğu halda da qiymət artımı baş verir. Artıq istər fərdi həyət evləri, istərsə də çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin məhdudlaşması onların satış qiymətlərinə təsir edir. Təbii ki, bu tikinti xərclərini də yüksəldir. Ümumiyyətlə, daşınmaz əmlak çıxarışlı və çıxarışsız olmaqla iki yerə ayrılır. Bu gün ölkəmizdə çıxarışlı əmlaklar çıxarışsızlara nisbətən daha baha olsa da onlara tələbat daha çoxdur. Həmçinin bu çıxarışlı əmlakların kredit və ipoteka yolu ilə satışa çıxarılması onlara olan tələbi yüksəldir. Bu isə qiymət artımını qaçılmaz edir. İlin sonuna qədər qiymətlərdə artımlar daha çox müşahidə olunacaq. İsti aylar gəldikcə qiymət artımları torpaq səhələrində, bağ və fərdi həyət evlərdə özünü göstərəcək. Soyuq aylarda isə tələbat daha çox bina evlərinə olur. Təxminən bu proses isə avqustun sonundan sentyabrın əvvəlindən başlayacaq”.

Sayalı Abasova, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla