AZ

“Subyektiv fikrimə görə, Rəşad Sadıqov konkret “Sumqayıt”ı nəzərdə tutub” – şok açıqlamaya münasibət

Misli premyer-liqasının 32-ci turunda “Zirə” “Araz-Naxçıvan”a 0:1 hesabıyla uduzdu.

Oyunsonrası mətbuat konfransında "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov “hakimliklə bağlı köhnədən qalma bağlantılar var. Bəzi klubların hakimlərlə münasibəti... Əminəm ki, bu, yaxın gələcəkdə aradan qalxacaq. Amma hələ ki davam edir” fikirlərini səsləndirib. Görəsən, Sadıqov nə demək istəyir? Doğrudan da, hakimlərlə ayrı-ayrı klublar arasında bağlantılar var? “Football-plus.az” bu sualla həmkarlarımızdan Kənan Həsənovla Anar Xanlarova müraciət edib.

Kənan Həsənov:

“Nəinki Rəşad Sadıqov, zaman-zaman premyer-liqanın bütün baş məşqçiləri hakimlikdən şikayətlənir. Dəfələrlə mətbuat konfransında, açıqlamalarda və müsahibələrdə hakim səhvlərindən, hakimliyin aşağı səviyyədə olmasından danışılıb. Hətta Qurban Qurbanov da hakimliklə bağlı şikayətini çatdırıb. Komandası rahat şəkildə çempion olan mütəxəssis də hakimlərdən narazılığını bildirirsə, başqalarının daha da irəli getməsində qeyri-adi heç nə yoxdu. Bu bir faktdı ki, ölkəmizdə hakimlik istədiyimiz səviyyədə deyil. Çox böyük təəssüf hissi ilə bunu qeyd edirəm ki, VAR sistemi gələndən sonra belə səhvlər azalmadı. Yetərincə nəticəyə təsir edən səhvlər oldu. Şəxsən mən Rəşad Sadıqovun dediyi kimi hansısa hakimin klublara bağlı olduğu deməzdim. Çünki şübhə üçün əlimdə fakt olmalıdı. Ola bilər ki, Sadıqovun əlində hansısa fakt var, ona əsasən danışır. Bunu ondan soruşmaq daha düzgün olardı. Amma məndə şəxsən belə fakt yoxdu. Sadəcə, onu deyə bilərəm ki, hakimliklə bağlı ciddi problemlər var. Oyunlarda ciddi səhvlər var. Bunları da hər kəs görür”.

Anar Xanlarov:

“Hansı klubları, hansı şəxsləri nəzərdə tutduğunu Rəşad Sadıqov özü daha yaxşı bilər. Mənim subyektiv fikrimə görə, Sadıqov konkret “Sumqayıt”ı nəzərdə tutub. Onun fikrincə, “Sumqayıt” ın prezidenti Riad Rəfiyevin hakimlərlə bağlantısı var və hakimlər Rəfiyevə görə həmin kluba kömək edirlər. Yəqin ki, “Qarabağ”la oyunun son dəqiqəsində yaşanan şübhəli penalti epizodu Rəşad Sadıqovu bu sözləri deməyə vadar edib. “Zirə”nin məğlubiyyəti də bu fikrin səslənməsinə ciddi təsir edib. “Zirə” “Araz-Naxçıvan”ı məğlub etsəydi, yəqin ki, Sadıqov heç vaxt belə fikir səsləndirməzdi”.

GÜNAY SÜLEYMANOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
Mənbələr
Şərh ()
Bağla