AZ

“Qəbələ” elitadan getdi, avrokuboklara iddialıların sayı azaldı - TURUN İCMALI

Misli premyer-liqasında 32-ci tur bəzi suallara aydınlıq gətirdi.

İlk növbədə “Qəbələ”nin elitada qalmaq baxımından nəzəri şansını da itirməsini vurğulamalıyıq. Bunun eyni hədəf uğrunda mübarizə aparan “Kəpəz”lə oyunda baş verməsi də rəmzi məqamdı. Ümumiyyətlə, ötən həftə “Qəbələ” üçün faciəvi alındı – kubokdan da ələndilər, elita ilə də vidalaşdılar. “Turan Tovuz” düşərgəsi də aşağı-yuxarı eyni dərəcədə məyusdu. Qərb təmsilçisi son 9 gündə ardıcıl ikinci darmadağın yaşamaqla avrokubolara vəsiqə şansını minimuma endirdi.

Krunoslav Renduliçin təyinatından sonra bir müddət qeyri-sabit nəticə göstərən “Sabah” artıq uğurun reseptini tapıb. “Tələbələr” “Qarabağ”ın ardından “Səbail”i də məğlub etməyi bacardı. Şahin Diniyevin yetirmələri isə “Turan Tovuz” kimi avrokuboklara vəsiqə qazanmaq şansını itirmiş oldu. Doğrudu, cüzi ehtimal var. Lakin 5-ci yerdəki “Sabah”la xal fərqinin artıq 7-yə çatması hədəfə çatmağı mümkünsüz edir. Masazır təmsilçisi isə son tura qədər iddiasından əl çəkməyəcəyini bir daha göstərdi.
Cari mövsüm o qədər drammatik keçib ki, “Kəpəz”lə “Qəbələ”dən başqa bütün komandalar 2-ci pillədə görünüb. Mövsümün əvvəlindən aşkar autsayder statusu ilə barışan komandalar daha yaxşı nəticə üçün mövsümün gedişində məşqçi dəyişikliyinə də əl atdı. Fəqət Gəncə təmsilçisi bu istiqamətdə cəld hərəkət etdi. “Qəbələ” kimi komandanın elitanı tərk etməsi bütün futbol ictimaiyyəti üçün üzücüdü. Lakin bu futboldu. Hədəfə çatmaq üçün isə çox çalışmaq və ilk növbədə yaxşı nəticə göstərmək vacibdi.

Ümumiyyətlə, bu tur bəzi cütlərin taleyi bir-birinə çox bənzədi. Məsələn, “Səbail”lə “Turan Tovuz” avrokuboklara iddiadan çəkildi, “Sabah”la yanaşı, “Neftçi”nin də ümidləri artdı. Bəlkə də “ağ-qaralar” üçün fanklubların boykot qərarından daşınaraq tribunaya dönməsi həlledici oldu. Oyunun gedişində tovuzlu azarkeşlərin Rəvan Həmzəzadənin qərarlarına narazı olması da gözdən qaçmadı. Xüsusən də Bruno Qonçalveşin qırmızı vərəqəylə meydandan kənarlaşdırılması azarkeşlərin aqressivliyini artırdı.

“Sumqayıt” mövsüm ərzindəki ən önəmli qələbəsini qazandı desək, yanılmarıq. Komanda Samir Abasovun yoxluğunda, dolu tribunalar önündə əsl əzmkarlıq nümayiş etdirdi. Penaltinin tələb olunduğu epizodla bağlı isə fərqli fikirlər var. Amma “Qarabağ”ın oyunçularının dəfələrlə real qol imkanlarını əldən verməsi penalti ehtiraslarınn səngiməsini şərtləndirir. “Köhlən atlar” çempionatdakı ardıcıl 3-cü oyunda qələbəyə həsrət qaldı. Görünən odu ki, Qurban Qurbanov hər nə qədər tələkbar olsa da, çempionluğu rəsmiləşdirmiş, artıq fikri başqa yerdə olan futbolçularını oyuna kökləməkdə çətinlik çəkir. Bu xal itkilərinin hazırda “Qarabağ”a heç bir ziyanı olmasa da, hər halda, futbolçuların təbiətini anlamaq baxımından acı mənzərədi.

Turun dünən axşam keçirilən son oyunu sensasiya ilə bitdi. Sonuncu dəfə 22-ci turda “Neftçi”ni məğlub edən “Araz-Naxçıvan” daha bir iddialıya – “Zirə”yə də eyni aqibəti yaşatdı. “Qartallar”ın 5 oyunluq məğlubiyyətsiz seriyası da bitdi...

Misli premyer-liqası
4-cü dövrə, 32-ci tur
27 aprel
Sabah – Səbail 2:0
28 aprel
Qəbələ - Kəpəz 0:1
Neftçi – Turan Tovuz 3:0
Sumqayıt – Qarabağ 1:0
29 aprel
Zirə - Araz-Naxçıvan 0:1
1. Qarabağ 32 23 4 5 85-32 73
2. Sumqayıt 32 13 11 8 33-34 50
3. Neftçi 32 14 8 10 43-33 50
4. Zirə 32 13 10 9 29-20 49
5. Sabah 32 14 7 11 46-38 49
6. Səbail 32 11 9 12 47-51 42
7. Turan Tovuz 32 11 9 12 47-47 42
8. Araz-Naxçıvan 32 9 8 15 29-44 35
9. Kəpəz 32 9 7 16 37-59 34
10. Qəbələ 32 4 5 23 23-61 17
Bombardirlər: Olavio Juninyo (Qarabağ) – 17, Aleksandr Ramalinqom (Səbail) - 13, Yassin Benzya (Qarabağ) – 12.
Növbəti turun proqramı
4 may, 16.30. Kəpəz – Sumqayıt
4 may, 19.30. Qarabağ - Neftçi
5 may, 16.30. Turan Tovuz – Zirə
5 may, 19.00. Araz-Naxçıvan – Sabah
6 may, 19.00. Səbail – Qəbələ

KAMAL SƏFƏR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
Mənbələr
Şərh ()
Bağla