AZ

''Krasnodar'' ''Zenit''in ''hədiyyəsini'' geri çevirdi - TURUN İCMALI

Hesabat turuna şənbə günü Qroznıda start verildi.

“Football-plus.az” xəbər verir ki,“Axmat” 24-cü turda evdə “Baltika”dan 7 top buraxandan bəri rəqib tanımır. Bu dəfə “Nijni Novqorod”u darmadağın edən Maqomed Adiyevin kollektivi ardıcıl 3-cü qələbəsini qazandı. Son 5 turun hamısında ən azı 3 qol buraxaraq məğlub olan “Nijni Novqorod” isə XXI əsrdə elitada belə uğursuz seriya yaxalayan 3-cü komandadı.

Gilyermo Abaskal qovulandan sonra yüksəlişə keçən “Spartak” fanatlarını sevindirməkdə davam edir. Bu dəfə “ağ-qırmızılar” Moskva derbisində “Lokomotiv”dən üstün oldu. Halbuki “dəmiryolçular” son 6 turda uduzmamışdılar. “Spartak” bu mövsüm Moskva təmsilçilərinə qarşı 6-cı oyunda da məğlub olmadı (3 qələbə, 3 heç-heçə) və turnir cədvəlində 4-cü pilləyə qayıtdı. “Zenit” sanki çempion olmamaq üçün əlindən gələni edir. Deyəsən, həqiqətən də ardıcıl çempionluqlardan sonra komandada motivasiya ilə bağlı problem yaranıb. Bunu artıq Sergey Semak da etiraf edir. Ötən tur evdə “Rubin”ə uduzan Sankt-Peterburq nəhəngi bu dəfə səfərdə “Dinamo”ya boyun əydi. Özü də yenə qol vurmadan. “Dinamo” müstəqillik dönəmində tarixində ilk dəfə “Zenit”i mövsümün hər iki oyununda yenməyi bacardı! Piterlilər bu mövsüm ikinci dəfə ardıcıl 2 məğlubiyyətlə üzləşdilər. Belə uğursuz seriya ilk dövrədə 9-10-cu turlarda da yaşanmışdı. Yenidən çempionluq mübarizəsinə qoşulan “Dinamo” “Zenit”lə xal fərqini 3-ə endirdi. ÇSKA isə sürünməkdə davam edir. Komanda bu dəfə debütant “Baltika”ya uduzdu. ÇSKA-nın əfsanəsi Sergey İqnaşeviçin çalışdırdığı “Baltika” son 6 turda 4-cü qələbəsini qazanmaqla düşmə zonasından çıxdı. Halbuki komandanın ilk 20 turda cəmi 3 qələbəsi var idi.
Dünən əsas diqqətlər Samaraya yönəlmişdi. ''Krasnodar'' qalib gələcəyi təqdirdə liderliyə yüksələcəkdi. Amma Murad Musayevin komandası bu vəzifənin öhdəsindən gələ bilmədi. Son 25 dəqiqəni azlıqda keçirən və qolsuz bərabərliklə kifayətlənməli olan ''Krasnodar''ın 3 oyunluq qələbə seriyası qırıldı. ''Zenit'' şəxsi oyunlarda üstün olduğu üçün yenə də həftəni lider kimi tamamladı.

26-cı tur
Dinamo – Zenit 1:0
Tyukavin, 76.
Zenit: Kerjakov, Karavayev (Alip, 73), Yerakoviç, Nino, Santos, Vendel, Barrios (Pedro, 83), Klaudinyo, Artur (Mantuan, 73), Mostovoy (Sergeyev, 73), Kassyerra (İzidor, 83).

Krılya Sovetov - Krasnodar 0:0
Krasnodar: Safonov, Volkov, Tormena, Alonso, Olasa, Çernikov, Kastanyo (Krivtsov, 61), Kadi (Yektov, 72), Spertsyan (Kayo, 90+1), Sa (Batçi, 72), Kordoba.
Spartak – Lokomotiv 3:2
Bonqonda, 44-p. Medina, 56. Xluseviç, 67 – Süleymanov, 50. Sarveli, 71.
Spartak: Maksimenko, Zobnin, Maslov (Prutsev, 69), Çernov, Ryabçuk, Litvinov, Umyarov (Martins, 67), Bonqonda, Medina (Mozes, 82), Uqalde (Sobolev, 83), İqnatov (Xluseviç, 57).
Lokomotiv: Lantratov, Nenaxov, Nyamsi, Morozov, Silyanov, Mitay (Sarveli, 63), Karpukas (Dzyuba, 84), Samoşnikov (Süleymanov, 46), Mirançuk, Pinyayev (Jemaletdinov, 64), Qluşenkov.
Baltika – ÇSKA 3:1
Bistroviç, 51-p. Aleks, 76. Kaplenko, 85 – Qlebov, 90.
ÇSKA: Akinfeyev, Kellven (Oblyakov, 63), Lukin (Zabolotnı, 63), Moyzes, Diveyev, Qayiç, Zdelar, Kislyak (Aqapov, 63), Musayev, Davila (Qlebov, 81), Çalov.
Axmat – Nijni Novqorod 5:1
Konate, 25; 53. Kamilov, 45+4. Şatara, 65. Sadulayev, 87 – Kutateladze, 42.
Rostov – Orenburq 2:1
Ronaldo, 81. Komliçenko, 90+6 – Tompson, 13.
Soçi – Fakel 0:0
Rubin – Ural 1:1
Daku, 43 – Beqiç, 86.
1. Zenit 26 15 5 6 44-23 50
2. Krasnodar 26 14 8 4 41-25 50
3. Dinamo 26 13 8 5 43-33 47
4. Spartak 26 12 6 8 37-31 42
5. Lokomotiv 26 10 11 5 44-37 41
6. Krılya Sovetov 25 11 6 8 43-35 39
7. Rostov 26 11 7 8 39-39 40
8. ÇSKA 26 9 11 6 45-36 38
9. Rubin 26 10 7 9 24-31 37
10. Axmat 26 8 5 13 29-38 29
11. Nijni Novqorod 26 8 4 14 25-38 28
12. Fakel 26 6 9 11 19-28 27
13. Baltika 26 7 5 14 28-32 26
14. Orenburq 26 6 8 12 29-35 26
15. Ural 26 6 7 13 25-40 25
16. Soçi 25 4 8 14 26-40 20
Bombardirlər: Kassyerra (Zenit) – 16, Kordoba (Krasnodar) – 14, Tyukavin (Dinamo) – 13.
Növbəti turun oyunları mayın 4-6-sı aralığında keçiriləcək: Krasnodar – Axmat, ÇSKA – Rubin, Dinamo – Soçi, Lokomotiv – Rostov, Nijni Novqorod – Spartak, Fakel – Zenit, Ural – Baltika, Orenburq – Krılya Sovetov.

Oyundan sonra
Sergey Semak, “Zenit”in baş məşqçisi:
“Sanki qol vurmağın yollarını unutmuşuq. Bu matç ötən turdakı oyunun davamı oldu. Topa nəzarət etməyimizə baxmayaraq, əlimizə düşən fürsətlərdən yararlana bilmirik. Buraxdığımız qollara gəlincə, bundan heç kim “sığortalanmayıb”. Kiminsə bəxti çox gətirir, kiminsə bəxti az gətirir. Hər komanda rəqib imkan verdiyi qədər oynayır. “Dinamo”, gözlədiyimiz kimi, əks-hücumlara bel bağlayırdı. İkinci hissədə daha fəal olacağımızı gözləyirdim. Əvəzetmələr məhz buna hesablanmışdı. Amma bu baxımdan ümidlərimiz doğrulmadı. Bəlkə də problem motivasiya ilə bağlıdı. Mən futbolçu ikən ardıcıl 5 dəfə çempionluq yaşamamışam. Hər il qalib gələndə komandanı motivasiyalandırmaq getdikcə çətin olur. Amma oyunçularımı günahlandırmaq istəmirəm. Döyüşürlər, mübarizə aparırlar və əllərindən gələni edirlər”.


Marçel Liçka, “Dinamo”nun baş məşqçisi:
“Zenit” üzərində qələbə qazanmaq sanki bir bayramdı. “Zenit” uduzsa da, gücünü göstərməyə müvəffəq oldu. Çünki qol vurduğumuz ana qədər oyunun axarına məhz onlar nəzarət edirdi. Sadəcə, müdafiəmizdə boşluq tapa bilmədilər. Onların hücum oyunçularına göz açmağa imkan vermirdik. Arxa xətdə həqiqətən də çox intizamlı oynadıq. Hücumda passiv nəzərə çarpsaq da, ikinci hissədəki dəyişikliklər bəhrə verdi. Top bizə düşəndə ondan daha səmərəli istifadə etməyə başladıq. Qol bizə əlavə ruh yüksəkliyi verdi”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla