AZ

Söz və məlumat azadlığı demokratik inkişafın mühüm amilidir...

Image

Bu gün Azərbaycan cəmiyyətində açıq fikir mübadiləsinə, medianın səmərəli və azad fəaliyyətinə, seçki prosesinin aşkarlığının təmin edilməsinə hər cür şərait yaradılıb.

Ümumiyyətlə, yeni müstəqillik illərində informasiya sahəsinin demokratikləşməsi və liberallaşdırılması, söz və məlumat azadlığının təmin edilməsi sahəsində xeyli işlər görülüb, mühüm nəticələr əldə edilib. Bu sahədə münasibətləri bərabərlik və plüralizm prinsipləri əsasında səmərəli tənzimləyən qanunvericilik aktları formalaşdırılıb. Vətəndaşların informasiya hüquqlarının müdafiəsinin konstitusiya təminatının gücləndirilməsinə xidmət edən digər hüquqi aktlar qəbul olunub. 

Azərbaycan istənilən ölkə kimi öz media məkanını xarici neqativ təsirlərdən qoruyur 

Söz və məlumat azadlığının təmin edilməsinə yönəlmiş informasiya sahəsində islahatlar zamanı media fəaliyyətinin lisenziyalaşdırılması prosedurlarının sadələşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Digər addəmlar media arasında rəqabət mühitinin inkişafına, plüralizmə, milli informasiya məkanının istifadəçilər tərəfindən tələb olunan müvafiq informasiya ilə doldurulmasına şərait yaradır. 

Azərbaycanın qanunvericiliyi və hüquq tətbiqetmə təcrübəsi hər bir şəxsin öz fikrini azad ifadə etmək hüququna təminat verir. Bu hüquqa hər cür məlumat və ideyaları axtarmaq, almaq və yaymaq azadlığı daxildir, bunlar yalnız qanunla məhdudlaşdırıla bilər. Özü də o halda ki, qanun başqalarının hüquq və ya reputasiyasını, yaxud milli təhlükəsizliyi, ictimai asayişi qorumağə tləb edir. Yayımlanan materialların düzgünlüyünə görə jurnalistlərin hüquqi və peşəkar məsuliyyətinə xüsusi diqqət yetirilir. Vətəndaşların şərəf və ləyaqətini ləkələyən, bilə-bilə yalan məlumatların yayılmasının yolverilməzliyi və məsuliyyəti ilə bağlı hüquqi normalar mövcuddur ki, bu da ilk növbədə insan ləyaqətinə hörmətin hüquqi təminatlarının təmin edilməsinə yönəldilir, hüquq normalarının gücləndirilməsinə xidmət edir. Müstəqil, peşəkar və sosial məsuliyyətli jurnalistikanı dəstəkləmək məqsədilə dövlət digər addımlar da atır.   Lakin bütün bunlardan sui-istifadə edilməsi də yolverilməzdir. Xüsusən də müəyyən xarici qüvvələrin media vasitəsilə ölkə həyatına müdaxiləsi qəbulolunmazdır. Dövlət bu xüsusda müvafiq tədbirlər görməlidir. Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev bir nçə gün əvvəl Berlində Almaniyanın kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında bu mövzuya genişşəkildə toxunub: “Azərbaycanda media azadlığı təmin edilir. Azərbaycanda heç bir senzura yoxdur, azad internet, yüzlərlə media orqanı fəaliyyət göstərir. Ona görə Azərbaycanı medianın inkişafını guya əngəlləmək istiqamətində atılmış addımları ilə tənqid etmək ədalətsiz olardı. Əgər internet azaddırsa, hansı məhdudiyyətdən söhbət gedə bilər? Fərdi məsələlərə, hadisələrə gəldikdə isə təbii ki, hüquq-mühafizə orqanları bütün məsələləri araşdırırlar. Bir müddət bundan əvvəl xaricdən qanunsuz maliyyələşən bəzi media orqanlarının nümayəndələri istintaq orqanları tərəfindən saxlanılıb. Bu da Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə aparılıb. İstənilən ölkə öz qanunlarını müdafiə etməlidir. Əgər xaricdən qanunsuz vəsait alan hansısa media nümayəndəsi istintaqa cəlb edilibsə, o demək deyil ki, bizdə media azad deyil. Sadəcə olaraq, hər kəs qanun çərçivəsində fəaliyyət göstərməlidir. Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir. Bir sözlə, demək istərdim ki, Azərbaycanda azad cəmiyyət var, insanlar tam azad və sərbəst şəkildə yaşayırlar, qururlar, yaradırlar, o cümlədən media nümayəndələri də”.

Söz azadlığı demokratik inkişafın əsas təməl sütunlarından biridir 

Hazırda Azərbaycan cəmiyyətində söz azadlığı hər bir vətəndaşın fundamental hüququna çevrilib. Bu hüquq təkcə milli qanunvericilikdə təsbit edilmir, həm də müxtəlif beynəlxalq hüquqi müqavilə və sazişlərlə qorunur. Ölkəmizdə söz və mətbuat azadlığı dövlət siyasətinin prioritet istiqamətidir. Çünki şəffaflıq və söz azadlığı dövrün tələbidir, Azərbaycanda islahatların tələbi budur.

Məlumdur ki, söz azadlığı BMT-nin 100-ə yaxın müqaviləsi, 60-dan çox YUNESKO müqaviləsi, Avropa Şurasının 200-dən çox müqaviləsi və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının 30-dan çox beynəlxalq konvensiya, bəyannamə və beynəlxalq müqavilələri ilə hüquqi cəhətdən tənzimlənir. Azərbaycan Konstitusiyasında beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarının aliliyi də tanınır. Başqa sözlə, sözügedən konstitusiya norması göstərir ki, insan hüquq və azadlıqlarının təmin edilməsi, o cümlədən müdafiəsi dövlətin daxili işlərindən kənara çıxır. Söz və mətbuat azadlığını təmin edən mühüm beynəlxalq sənədi, yəni Ümumdünya İnsan Hüquqları Bəyannaməsini öyrəndikdə görmək olar ki, onun 19-cu maddəsində hər kəsin fikir və ifadə azadlığı hüququ ifadə olunur. Bu hüquqa heç bir müdaxilə olmadan öz fikirlərinə sahib olmaq azadlığı və dövlət sərhədindən asılı olmayaraq istənilən KİV vasitəsilə məlumat və ideyaları axtarmaq, almaq və yaymaq azadlığı daxildir. Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt söz və mətbuat azadlığına dair qaydanı aşağıdakı kimi müəyyən edir: “Hər kəsin ifadə azadlığı hüququ olmalıdır. Bu hüquqa sərhədlərdən asılı olmayaraq hər cür məlumat və ideyaları şifahi, yazılı və ya çap formasında, bədii əsər şəklində və ya öz seçdiyi hər hansı digər vasitələrlə sərbəst axtarmaq, almaq və yaymaq daxildir” Bütövlükdə bu, söz və mətbuat azadlığını, medianın hərtərəfli inkişafını və üstəlik, jurnalistlərin azad və şəffaf fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasını təmin edir. İnsanın ifadə azadlığı hüququna internetə daxil olmaq hüququ da daxildir. Bu hüquqa sərhədlərdən və idarəetmə formalarından asılı olmayaraq müxtəlif informasiya və ideyaları axtarmaq, almaq və yaymaq azadlığı daxildir. Bu gün internet və sosial şəbəkələr Azərbaycan cəmiyyətinin problemlərinə çevik və aktiv reaksiya vermək baxımından mühüm önəm  kəsb edir.   Demokratik, hüquqi dövlət olan Azərbaycanda cəmiyyətin hərtərəfli inkişafı üçün əsas elementlərdən olan fikir və söz azadlığı tam təmin edilir. Demokratik prinsiplər, plüralist dəyərlər daim eyni vəziyyətdə qalan sabit anlayışlar deyil və onlar hər zaman yeniliyə, təkmilləşməyə yönəlirlər. Azərbaycanda qərarlaşan demokratik dəyərlər də tədricən təkmilləşərək yeni keyfiyyətdə təzahür edir. Bu da uğurlu demokratik inkişafın əsas təməl sütunlarından biridir. 

Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla