AZ

“Dronlar Rusiyanı dağıda bilməz..."

“Qərbin əsas hədəfi  Ukraynanın ərazi bütövlüyü yox, Rusiyanın gələcək modelidir...”
 
“Hazırkı mərhələdə həm Qərbdən gələn hərbi kömək, həm də hərbi əməliyyatların gedişi sadəcə olaraq gələcək danışıqların və modellərin bəlkə də elementləri ola bilər. Yəni ABŞ və Rusiya razılaşır ki, bu hissə mənim nəzarətimdə qalır, digər hissə sənin... Ukrayna hərbi-siyasi cəhbəsindəki vəziyyəti təxminən belə xarakterizə etmək olar. Və açıq demək olar ki, öz içərisində müxtəlif fərqli maraqları(ABŞ-nin, Britaniyanın, Avropanın, ayrıca Fransanın, Almaniyanın və s.) ehtiva edən Qərbin əsas hədəfi  Ukraynanın ərazi bütövlüyü yox, Rusiyanın gələcək modelidir”.
 
Bu fikirləri Moderator.az əməkdaşının “Nəhayət, bir ilə yaxın fasilədən sonra ABŞ Ukraynaya yardım paketini təsdiqləyib. Sizcə bundan sonra Ukrayna üçün həm hərbi, həm siyasi cəbhədə müsbət dəyişikliklər çox olacaqmı?” sualını cavablandırarkən Azərbaycanın sabiq baş diplomatı Tofiq Zülfüqarov səsləndirib.
 
“Hesab edirəm ki, artıq faktiki olaraq Rusiya və ABŞ arasında hansısa konktaktların mövcud olması üzə çıxır. Və danışıqlara bənzər bu kontaktların əsas mövzusu Ukraynanın gələcək modelinin müzakirəsidir. Bunu təsdiq edən eyni zamanda Türkiyənin də Ukraynaya aid bəzi məsələlərdə göstərdiyi təşəbbüslərdir. Bilirsiz ki, prezident Ərdoğanınn da bu mövzuda təşəbbüsləri var. Və əminəm ki, bu da Rusiya ilə ABŞ arasında gedən müzakirələrin bir növ ortaq bir məzərəsidir. Yəni mürəkkəb və ziddiyyətli proseslər gedir. Və mən çoxdan əminəm ki, indiki mərhələdə hərbi əməliyyatlar əsas məsələni həll etmək iqtidarında deyil. Çünki son 2 ildən çox müddətdə nə Rusiya öz qarşısına qoyduğu məqsədlərə nail ola bilib, nə də Ukrayna Rusiya ordusunu məğlub edərək ərazi bütövlüyünü bərpa edə və güc vasitəsilə öz gələcək modelini təsbit edə bilib”,- deyən politoloq hesab edir ki, Qərblə Rusiya gələcəkdə Ukraynanı nüfuz zonalarına bölmək fikrindədirlər. 
 
“Bir sözlə, hərbi əməliyyatlar bir siyasi faktor kimi indi nəticə vermir. Hazırkı mərhələdə həm Qərbdən gələn hərbi kömək, həm də hərbi əməliyyatların gedişi sadəcə olaraq gələcək danışıqların və modellərin bəlkə də elementləri ola bilər. Yəni ABŞ və Rusiya razılaşır ki, bu hissə mənim nəzarətimdə qalır, digər hissə sənin... Ukrayna hərbi-siyasi cəhbəsindəki vəziyyəti təxminən belə xarakterizə etmək olar. Və açıq demək olar ki, öz içərisində müxtəlif fərqli maraqları(ABŞ-nin, Britaniyanın, Avropanın, ayrıca Fransanın, Almaniyanın və s.) ehtiva edən Qərbin əsas hədəfi  Ukraynanın ərazi bütövlüyü yox, Rusiyanın gələcək modelidir. Yəni söhbət Putindən sonra bir nüvə dövləti olan Rusiyanın gələcəkdə dünyadakı proseslərdə hansı rol oynayacağından gedir. Əslində Qərbi maraqlandıran, narahat edən əsas məsələlər bunlardır”.
 
Yəni deyilənlərin əksinə fikirləşirsiz ki, Qərb Rusiyanın parçalanmasında maraqlı deyil” sualına isə keçmiş xarici işlər naziri belə cavab verib:
 
“Hər halda belə fikirləşməyə əsas var. Amma konkret hadisələrin hara gətirib çıxaracağı bilinmir. Çünki hələ beş il bundan öncə kiminsə ağlına gəlməzdi ki, Ukrayna dronları gəlib Sankt-Peterburqda, Moskvada, Kremlin yaxınlığında partlaya bilər. Lakin o da var ki, dronlar Rusiyanı dağıda bilməz. Əgər Rusiya parçalansa, bu, hansısa hərbi əməliyyatların nəticəsində yox, ölkənin daxilində gedəcək proseslərin nəticəsində baş verə bilər. Yəni mən “Rusiyanın gələcəyi” deyəndə buna işarə edirəm”.
 
Sultan Laçın
 
 
Seçilən
14
Mənbələr
Şərh ()
Bağla