AZ

13 ildə Azərbaycan Dünya Mədəniyyətlərinin Dialoquna hansı töhfələri verdi...

Image

Seyid Camal Əzimbəyli: “Bu platformalarda mədəni-dini abidələrimizin məhv edilməsini dünyaya çatdırdıq”

Hazırda dünya ictimaiyyəti Azərbaycanın etnik-mədəni və dini müxtəlifliyin tənzimlənməsi sahəsində əldə etdiyi nailiyyətləri yüksək dəyərləndirir. Bu gün bir çox dövlətlər ölkəmizin bu sahədəki uğurlu təcrübəsini öyrənir.

2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başladılmış, mədəniyyətlərarası dialoq sahəsində yeganə qlobal platforma olan “Bakı Prosesi” mənəvi-mədəni dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın təşəbbüsü ilə müxtəlif mədəniyyətlər və dinlər arasında səmərəli dialoqun qurulması məqsədilə irəli sürülmüş və qlobal hərəkata çevrilmiş “Bakı Prosesi” çərçivəsində müntəzəm olaraq Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, eləcə də Dünya Dini Liderlərinin Sammiti və Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının Qlobal Forumu təşkil edilir. Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunub. 

O da məlumdur ki, “Bakı Prosesi” çərçivəsində Bakıda mayın 1-3-də “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. 

Bütün bu deyilənlərin fonunda Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünya mədəniyyətlərinin dialoquna nə töhvələr verib? Azərbaycanın mədənyətlərarası dialoqun təşkili sahəsindəki fəaliyyəti müasir Azərbaycanın problemlərinin həllində, o cümlədən ölkəmizin dünyada mövqeyinin möhkəmlənməsi, sivil dövlət kimi tanınması, əlaqələrin qurulması, Qarabağ münaqişəsinin həllində nə kimi rol oynayıb? Bu kimi proseslər Azərbaycana nə kimi töhfələr verib? 

“Mədənyətlərarası dialoq sayəsində bir-birinə düşmən münasibət bəsləyən dövlətlər Bakıda bir araya gəldilər” 

Sözügedən məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən şərqşünas Seyid Camal Əzimbəylinin fikrincə, Azərbaycanın bununla bağlı töhfələri çoxşaxəlidir: “Əvvəla, Forumun əsas məqsədi mədəniyyətlərarası əməkdaşlıq və dialoqun təşviqi üçün mühüm beynəlxalq platforma kimi “Bakı Prosesi”nin rolunu möhkəmləndirməkdir. Forum BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və BMT-nin Ümumdünya Turizm Təşkilatının birgə tərəfdaşlığı ilə keçiriləcək. Müasir dövrdə mədəniyyətlərarası ziddiyyətlər böyük toqquşmalara səbəb olsa da, bu münaqişələrin qarşısının alınması üçün mədəniyyətlərarası dialoq məfhumu daha da aktual xarakter daşıyır. Ali dəyərlərin ən qədim və təməl proseslərindən biri olan mədəniyyətlərarası dialoq diskriminasiya, təcrid olunma və şiddətə qarşı ən effektiv çarədir. Azərbaycan 2011-ci ildən bu platformanı təşkil etməklə dialoqa töhfə verir. Çünki Azərbaycanın tarixi mədəni müxtəliflik tarixidir. Bu gün həmin tarixi irs əsasında respublikamız dünyaya mədəniyyətlərarası dialoqun müxtəlif ölkələri yaxınlaşdırmağın, fərqli mədəniyyət və sivilizasiya nümayəndələri arasında yeni körpülərin qurulmasının yeganə yol olduğunu göstərir. Bu platformaya ilk dəfə start veriləndə ərazilərimiz işğal altında idi. Biz bu platforma çərçivəsində işğal faktorunu, mədəni-dini abidələrimizin məhv edilməsini dünyaya çatdırdıq. Fikrimcə, erməni vandalizminin ifşasında bu amil mühüm rol oynadı. Bu, beynəlxalq miqyasda mövqelərimizi möhkəmləndirməklə yanaşı, 44 günlük Vətən müharibəsi dönəmində siyasi baxımdan Azərbaycanın xeyrinə işlədi. Mədənyətlərarası dialoq sayəsində bir-birinə düşmən münasibət bəsləyən dövlətlər Bakıda bir araya gəldilər. Sülhə xidmət edəcək dəyərləri müzakirə etdilər. Bu da ümunən münasibətlərin istiləşməsinə öz töhfəsini verdi. O baxımdan Azərbaycanın bu məsələdə oynadığı rol böyükdür”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla