AZ

Karqo şirkətlərindən narazı müştərilər üçün yenilik – Bu sistem keyfiyyətə necə təsir edəcək?

 İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyin yaydığı məlumata görə, “E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlanıb. Artıq vətəndaşlar xidmətindən narazı qaldıqları karqo şirkətlərindən tənzimləyici quruma şikayət edə biləcəklər.

Hazırda həm də “E-Şikayət” sistemi vasitəsilə internet, telefon rabitəsi, mobil internet və mobil telefon kimi telekommunikasiya xidmətləri üzrə də müraciətlərin qəbulu həyata keçirilir.

Həmçinin adıçəkilən sistemdə vətəndaşlarla yanaşı, poçt rabitəsi operatorlarının da müvafiq səhifəyə daxil olması üçün imkan yaradılıb.

Vətəndaşların qarşılaşdığı problemlərin bir başa tənzimləyici quruma yönəldilməsi məsələnin həllinə dəstək olacaq? Bu, karqo şirkətlərində əlavə bir məsuliyyət yaradacaq?

Valyuta.az bu sualları marketoloq, karqo şirkətlərindən birinin nümayəndəsi Pərviz Əzimovla müzakirə edib:

Pərviz Əzimov bu sistemlə bağlı məlumatlı olduqlarını bildirib:

“Hətta bu məsələ ilə bağlı əməkdaşlarımız İKTA ilə görüşüb, onların təlimlərində də iştirak ediblər”.

Pərviz Əzimov bildirib ki, hazırkı sistem qismən daha elektronlaşmış  və prosesləri sürətləndirmək üçün qurulub:

“Buna görə hər hansı xüsusi məsuliyyət yaradacağından daha çox, proseslərin optimallaşdırılması nəzərdə tutulub. Bu vaxta qədər bu kimi şikayətlər olduqda vətəndaşlar daha çox Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edirdilər. Qurum həmin şikayətləri araşdırmaq üçün məsul şirkətlərə göndərirdi və proses bu formada davam edirdi”. 

Vətəndaşların daha çox şikayət etdiyi mövzular haqqında da danışan ekspert bildirib ki, sosial media, facebook qruplarına nəzər yetirdikdə, müştərilərin kargo şirkətlərindən əsas narazılığı bağlamanın zamanında təhvil verilməməsi ilə bağlı olur: 

“Bizim şirkətlə bağlı hazırda bu tip şikayət çoxluğu olmadığı üçün dəqiq faiz çoxluğu demək çətindir. Bundan başqa da çalışdığım şirkəti ilə bağlı xüsusi bir şikayət çoxluğu müşahidə etmirəm. Nadir hallarda hər hansı müştəri şikayəti ola bilər. Bu da çox fərqli mövzudan ola bilər. İl ərzində 2-3 şikayət olduğu üçün ümumiləşdirmə aparmaq çətindir”.

Davud

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla