AZ

İş vaxtını azaltmaq rəhbərlərə sərf edir, xərcləri azalır və… – MÜMKÜN TƏKLİF

Monteneqro 7 saatlıq iş gününə keçməyə hazırlaşır. İş saatının azaldılmasının ilinin sonuna qədər gerçəkləşdiriləcəyi bildirilir.

Daha əvvəl də bir sıra avropa ölkələrində 4 günlük iş həftəsinə keçid məsələsi gündəmə gəlib, hətta bəzi ölkələrdə tətbiqinə başlanıb.
Öncədən bu mövzuda danışan yerli ekspertlər 4 günlük iş həftəsinin Azərbaycanda yaxın gələcəkdə mümkün olmadığını deyirdilər.

Bəs Azərbaycanda 7 saatlıq iş rejiminə keçid edilə bilərmi?

Mövzu ilə bağlı Ölkə.Az-a danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov bu cür təşəbbüslərin əslində, işəgötürənlər üçün sərfəli olduğunu deyib:

"Belə təşəbbüslər çox olur. Bir var, dövlət sektoru, bir də var, biznes. Qərb ölkələrində elə biznes sahələri mövcuddur ki, iş saatının və iş günlərinin vaxtını azaltmaqla, əslində, pul gətirir. Məsələn, bir işçi 8 saata gördüyü işi 5 saata görür, eyni əməkhaqqını alır, amma bu zaman həmin idarənin, zavodun, fabrikin enerji, material itkisi azalır və bunun hesabına işəgötürən qazanmış olur. Yaxud iş günlərinin sayını azaldırlar, bu zamanda yenə həmin qaydada işçi işi 6 iş günündə 40 saata həyata keçirəcəyi halda daha az müddətə görür. Eyni məhsuldarlıqdır, amma işəgötürən burada yenə də udmuş olur. O cümlədən xaricdə bəzi şirkətlər var ki, işçilərin bir qismini məsafədən iş görürlər. Bu zaman ofis xərcləri, iş otaqlarının sayı azalır, ofisin həcmi kiçilir ki, bu da onun xeyrinə işləmiş olur. 

Hazırda müasir texnologiyanın tətbiqi ilə belə şeylər mümkündür. Tutaq ki, əvvəllər nəyisə hasil etməyə 8 saat vaxt lazım idi, amma indi qabaqcıl texnologiyanın vasitəsilə 4 saat bəs edir. Bu halda işçini işdə çox saxlamağa ehtiyac yoxdur. Həmin əməkhaqqını saxlayır, enerji və s. itkiləri azaldaraq əlavə qazanc əldə etmək istəyir. 

İndi Monteneqroda, ümumiyyətlə, iş saatını həftəlik 35 saata endirmək istəyirlərsə, hesab edirəm ki, bu, bütün dövlət sektorunu əhatə etməyəcək. Yəqin, bunu eksperimental səviyyədə edəcəklər. Onsuz da dövlət sektorunda elə sahələr var ki, orada iş saatı, iş günləri sutka ərzində davam edir, bir növbə gəlir, digəri gedir. Məsələn, ictimai nəqliyyat, qatar, aviasiya, həyatı təmin edən elektrik, su, yanacaq təchizatı, o cümlədən bəzi hüquq-mühafizə orqanları və s. sutka ərzində işləyir. Yəni bu məsələyə birmənalı yanaşmaq olmaz. Bu baxımdan hesab edirəm ki, yenilik eksperiment səviyyəsindədir". 

S.Məmmədovun fikrincə, Azərbaycanda dövlət sektorunda belə bir addımın atılması gözlənilməsə də, özəl sahədə tətbiqi üçün maneə yoxdur:

"Hələlik konstitusiyamıza görə, 8 saatdan çox olmamaq şərtilə həftəlik 40 saat iş müddəti müəyyən olunub. Amma praktikada görürsünüz ki, işəgötürənlər 12-14 saat işlədir. 

Bizdə muzdla işləyənlərin yarıdan çoxu dövlət sektorundadır. Ölkəmizdə bu mümkün deyil. Özəl sektorda isə bunu sahibkar müəyyən edir. İstəsə, iş saatını azaldar, amma əsas odur ki, maaşı azaltmasın. İş vaxtını azlatmaq olar, çoxaltmaq olmaz. Azaltmağa heç bir qanun qadağa qoymur. Belə bir dəyişikliyin olmasını dövlət sektorunda gözləmirəm, amma özəl sektorda kim istəsə, edə bilər. Bunun üçün qanun dəyişdirməyə və s. ehtiyac yoxdur". 

Billurə Yunus

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla