AZ

Ronaldo “Kruzeyro”nun səhmlərinin nəzarət paketini satdı

Braziliya millisinin sabiq hücumçusu, əfsanəvi Ronaldo “Kruzeyro” futbol klubunun səhmlərinin nəzarət paketini satıb.

Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.

“Yekədiş”in “Kruzeyro”nun 90%-lik səhm payı müqabilində 109 milyon avro məbləğində qazanc əldə etdiyi bildirilir.

Ronaldo “Kruzeyro”nun səhmlərinin satışına həsr edilmiş mətbuat konfransında “növbəti – “Valyadolid”dir”, deyə sahib olduğu daha bir klubu satışa çxaracağını bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Ronaldonun hər iki klubu satacağı haqda məlumat mətbuatda dolaşırdı.

Ronaldo “Kruzeyro”ya 2021-ci ilin dekabrında sahib olmuşdu və onun rəhbərliyi altında “tülkülər” Braziliya A Seriyasına qayıdaraq, ötən mövsümü 14-cü yerdə başa vurublar.

Ronaldo “Valyadolid”i isə 2018-ci ildə alıb. İspaniya klubunun 51%-lik səhm payı Ronaldoya 30 milyon avro məbləğə başa gəlib.

Tam adı Luis Nazariu de Lima olan Ronaldonun xüsusi təqdimata ehtiyacı yoxdur. “Fenomen” ləqəbli Braziliyalı əfsanə “selesao” ilə ikiqat dünya çempionu, Amerika Kubokunun ikiqat qalibi, Konfederasiyalar Kubokunun qalibi, “Qızıl top”un ikiqat qalibidir. Ronaldo “Kruzeyro”, PSV (Eyndhoven), “Barselona”, “İnter”, “Real”, “Milan” və “Korintians”da çıxışları ilə futbolsevərlərin könlünü fəth edib. “Yekədiş” 2011-ci ildə futboldan ayrılıb. Mütəxəssislərin rəyinə görə mütəmadi ağır zədələr alaraq öz imkanlarını tam gücü ilə sabit nümayiş etdirə bilməməsinə rəğmən, Ronaldo futbol tarixinin ən yaxşı mərkəz hücumçusdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla