AZ

“30 ildi onları zəlil edirəm, bundan sonra da edəcəyəm”

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı ola bilər. O, bununla bağlı Partiyanın XI Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Arif Hacılıya ərizə ilə müraciət edib. Keçmiş partiya rəhbərinin yenidən başqanlığa namizəd olması müxtəlif çevrələrdə müzakirəyə səbəb olub. Onun bu addımını qınayanlar olsa da, başqan seçiləcəyi təqdirdə Müsavata yeni nəfəs gətirəcəyini düşünənlər də az deyil. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, İsa Qəmbərin yenidən Müsavat başqanı olması partiyaya heç nə qazandırmayacaq: 

“Qətiyyən bunun müsbət nəticəsinin olacağını düşünmürəm. İsa Qəmbər milli hakimiyyətin devrilməsində müstəsna xidmətləri olmuş bir şəxsdir. İsa Qəmbər öz qiymətini qaldırmaq istəyir. Onu hakimiyyət müalicə üçün Almaniyaya göndərdi, oğlu həmin ölkədə qondarma "erməni soyqırımı"nı təbliğ etdi. Müsavat bizik, onlar deyil. Rəhmətlik Məmməd Əmin Rəsulzadə bilsəydi ki, onun partiyasının başında İsa Qəmbər siyasi alver edəcək, heç onu yaratmazdı. Ona görə də İsanın partiya rəhbəri seçilib-seçilməməsində heç bir əhəmiyyət yoxdu və onun nəyəsə təsir etmək imkanı da yoxdur”. 

Hafiz Hacıyev İsa Qəmbəri sərt şəkildə tənqid edib: 

“Avropada və ABŞ tərəfindən Azərbaycana qoyulan sanksiyalar bunları ruhlandırıb. Bəzi qüvvələr də onlara xüsusi mesaj göndərib. Bu mesajlardan bizə də çatıb. Amma biz milli dövlətçiliyi müdafiə etdiyimizə görə bu oyunlara getmirik. Görünür onlar yenidən həvəsləniblər. Guya Müsavatda kim qalıb ki? Yerdə qalanlar da çalışırlar ki, İsa Qəmbərlə müəyyən alverə girsinlər. Əgər onlar dövlətçilik, müstəqillik əleyhinə nəsə etsələr, qabaqlarında bizləri görəcəklər. Necə ki, onları 30 il ərzində zəlil etmişəm, bundan sonra da edəcəm. Onların heç bir nüfuzu yoxdur. Əsl Müsavat partiyası bizik, bütün ziyalı müsavatçılar bizim ətrafımızda toplaşıb. Hər halda bu nəticəsiz bir oyundur”. 

Nazim Hacıyev 


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
Mənbələr
Şərh ()
Bağla