AZ

“Real” eksperimental heyətlə də rəqib tanımır - TURUN İCMALI

La Liqada son turlar formal xarakter daşıyacaq.

Demək olar ki, çempion də bəllidi, ÇL-ə vəsiqə qazanacaq başqa komandalar da. Hətta “Atletik”in 5-ci yeri tutacağına da şübhə etməyə dəyməz. “Qranada” ilə “Almeriya” taleyi ilə barışıbsa, “Kadis” hələ də “xilaskar” 17-ci pilləni “Selta”dan “qoparacağına” ümid edir.

Açıq-aydın “Bavariya” ilə ÇL oyununu düşünən Karlo Ançelotti meydana əsasən əvəzediciləri buraxmışdı. “Real Sosyedad”a qarşı oynayanlardan, çox güman, yalnız Karvaxalla Çuameni almanlarla oyunda start heyətində görünəcək. Madrid klubunun hətta 2-ci heyəti də çempionatın ən güclü komandalarından birini məğlub edə bildi. “Real” dözdü və şansını gözlədi. Kubo və iki dəfə də Oyarsabal əlverişli imkandan yararlanmadı. Əvəzində qonaqlar əla üçgedişli kombinasiya qurdu. Çuameni – Karvaxal – Gülər kombinasiyasını ilk dəfə start heyətində yer alan türkiyəli istedad bitirdi. Cəmi 3 dəqiqə sonra Kubo bu qolun əvəzini çıxdı, ancaq hücumun başlanğıc mərhələsində Barreneçea topu Çuamenidən kobudluqla aldığından hesab dəyişmədi. 2-ci hissənin əvvəlində Turryentesin zərbəsini qaytaran Kepa komandasını xilas etdi. “Real” hesabı qorumaq üçün oynadı, meydan sahibləri heç cür oyunun axarını dəyişmək üçün resurs tapa bilmədi. Sona 15 dəqiqə qalmış Oyarsabal topu tora göndərsə də, bu dəfə qol ofsayd üzündən qeydə alınmadı. Bu məqam meydan sahiblərini daha da ruhdan saldı, onlar bir daha Kepanı ciddi şəkildə narahat etmədi. Əvəzində “Real” sonda fərqi artıra bilərdi. Ancaq Remiro Kamavinqanın təhlükəli zərbəsini dəf etdi. Sırf səviyyə hesabına qazanılan qələbə madridliləri “qızıl”a bir addım da yaxınlaşdırdı.
La Liqanın cari mövsümünün sürprizi isə “Jirona”dı. Kataloniyanın kiçik təmsilçisi səfərdə “Las-Palmas”ı məğlub etdi. Hərçənd Ramires 8-ci dəqiqədə penaltini qola çevirsəydi, bu oyunda hər şey fərqli ola bilərdi. Düzdü, “Jirona”dan Dovbik də 26-cı dəqiqədə penaltini boşa verdi, sadəcə, qapıçıdan dönən topu təkrar tora göndərən Lopes qonaqları irəli çıxardı. 57-ci dəqiqədə növbəti dəfə “nöqtə”yə yaxınlaşan bu dəfə dəqiq oldu və mövsümdəki 19-cu qolunu vurdu.

“Atletik” bu mövsüm “Atletiko” üçün başağrısına çevrilmişdi. Buna qədər madridlilərla basklar 3 dəfə üz-üzə gəlmiş və Valverdenin komandası bütün oyunlarda – həm çempionatda, həm də kubokda üstün olmuşdu. 4-cu duel ərəfəsində “Atletiko”nun çempionatda vəziyyəti daha yaxşı idi. “Hindular” baskları 3 xal qabaqlayırdı. Qələbə “Atletiko”nun mövsümü ilk “4-lük”də bitirəcəyini 90-95 faiz təminat altına alacaqdı. De Paulun erkən qolu meydan sahiblərinin işini asanlaşdırdı. “Atletik” fasiləyə qədər yalnız bir real qol vəziyyəti yaratdı ki, onda da Sanset qeyri-dəqiq oldu. Bununla belə, hissənin sonunda Qrizmannın kobud səhvinin səbəb olduğu əks-hücum Niko Uilyamsın dəqiq zərbəsi ilə nəticələndi – 1:1. 2-ci hissə “Atletiko”nun qolu ilə başladı. Korrea Simonla təkbətək çıxdı və imkanı boşa vermədi. Bundan sonra məharətlə hesabı qorumaq üçün oynayan “hindular” sona yaxın daha bir qol vurdu. Linonun zərbəsindən sonra top əvvəlcə dirəyə, ardından Simonun əlinə dəyib tora düşdü. “Atletik”dən 6 xal uzaqlaşan “Atletiko”, demək olar ki, ÇL-ə son vəsiqənin taleyini həll etdi.

Bazar günü keçirilən Sevilya derbisində qalib müəyyənləşmədi. 1-ci dövrənin oyununda olduğu kimi, yenə “Betis” qələbə yaxın idi. Oyunun əvvəli qonaqlardan Romeronun zədələnərək yerini Lukebakioya verməsi ilə yadda qaldı. Hissənin sonlarında “yaşıl-ağlar” oyun üstünlüyünü qol vəziyyətlərinə çevirməyə başladı. Fornalsın zərbəsindən sonra təcrübəli Ramos komandasını xilas etsə də, 38-ci dəqiqədə İsko Lukebakionun əllə oynamasına görə təyin olunan penaltini qola çevirərək “Betis”i irəli çıxardı. 2-ci hissənin əvvəlində Bakambü Romeronun aqibətini yaşadı. Ən pisi odu ki, “Betis”in forvardı qapıçı ilə təkbətək çıxarkən zədələndi. 56-cı dəqiqədə nominal qonaqlar Salasın sayəsində hesabı bərabərləşdirdi. “Betis” sona qədər çox çalışsa da, qələbə topunu vura bilmədi. Bu isə o deməkdi ki, Pelleqrininin komandası hesabat turunda uduzan “Real Sosyedad”a çatmaq imkanını əldən verdi. “Betis”lə “Sevilya” ardıcıl 2-ci mövsümdə derbidə qalibi müəyyənləşdirə bilmir. “Xiyarlar”ın La Liqadakı Sevilya derbilərində qələbəsiz seriyası artıq 11 oyuna çatıb.

Turun qalan oyunlarına gəlincə, səfərdə “Almeriya”nı məğlub edən “Xetafe” avrokuboklara iddiasını qorudu, “Alaves”lə oyunda darmadağın olan “Selta” hələ də təhlükəli zonadadı. “Rayo Valyekano”nun qapısından 3 cavabsız qol keçirən “Vilyarreal” hələ də avrokuboklara vəsiqə ümidini qoruyur. 3:0 hesabı “Qranada” – “Osasuna” oyununda da qeydə alındı. “Kadis”lə “Malyorka” heç-heçəyə razılaşdı. Turun dünən axşam keçirilən son oyununda “Barselona” “Valensiya”ya qalib gəldi.

33-cü tur
Real Sosyedad – Real 0:1

Gülər, 29. (37109)
Real: Kepa, F.Qarsiya (Kamavinqa, 76), Naço, Militao, Karvaxal, Modriç (Vaskes, 84), Çuameni, Sebalyos (Valverde, 68), Dias (Rüdiger, 76), Gülər (Vinisius, 68), Xoselu.
L
as-Palmas – Jirona 0:2
Lopes, 26. Dovbik, 57-p. (18374)
Jirona: Qassaniqa, Qutyerres, Blind, Lopes, E.Qarsiya, A.Qarsiya, Errera (Martines, 89), Savio (Torre, 80), Martin (Solis, 89), Kouto (Portu, 70), Dovbik (Sıqankov, 70).

Atletiko – Atletik 3:1
De Paul, 15. Korrea, 52. Simon, 80-öz qapısına – N.Uilyams, 45. (64612)
Atletiko: Oblak, Lino, Ermoso, Ximenes, Vitsel, Molina (Rikelme, 67), De Paul (Aspilikueta, 82), Koke, Lyorente (Saul, 82), Korrea (Barrios, 77), Qrizmann.

Betis – Sevilya 1:1
İsko, 38-p. Salas, 56. (55770)

Almeriya – Xetafe 1:3
Losano, 41 – Qrinvud, 27; 48. Mata, 61. (7874)

Alaves – Selta 3:0
Simeone, 48. Quridi, 54. Benavides, 86. (18039)

Vilyarreal – Rayo Valyekano 3:0
Sörlot, 18; 74. Moskera, 69. (17869)

Qranada – Osasuna 3:0
Pelyistri, 29. Uzuni, 48. Boye, 90+5. (13825)

Kadis – Malyorka 1:1
Ramos, 59 – Muriqi, 12. (18174)

Barselona – Valensiya 4:2
Lopes, 22. Levandovski, 49; 82; 90+3 – Duro, 27. Pepelu, 38-p. (30167)

1. Real 33 26 6 1 71-22 84
2. Barselona 33 22 7 4 68-39 73
3. Jirona 33 22 5 6 69-40 71
4. Atletiko 33 20 4 9 62-39 64
5. Atletik 33 16 10 7 53-33 58
6. Real Sosyedad 33 13 12 8 46-35 51
7. Betis 33 12 13 8 41-39 49
8. Valensiya 33 13 8 12 37-38 47
9. Vilyarreal 33 12 9 12 54-55 45
10. Xetafe 33 10 13 10 41-45 43
11. Osasuna 33 11 6 16 37-49 39
12. Alaves 33 10 8 15 31-38 38
13. Sevilya 33 9 11 13 42-46 38
14. Las-Palmas 33 10 7 16 30-41 37
15. Rayo Valyekano 33 7 13 13 27-42 34
16. Malyorka 33 6 14 13 27-39 32
17. Selta 33 7 10 16 37-50 31
18. Kadis 33 4 14 15 23-46 26
19. Qranada 33 4 9 20 36-61 21
20. Almeriya 33 1 11 21 32-67 14

Bombardirlər: Dovbik (Jirona) – 19, Bellingem (Real), Sörlot (Vilyarreal) - 17, Budimir (Osasuna), Levandovski (Barselona) – 16.
Növbəti turun oyunları mayın 3-5-si aralığında keçiriləcək: Xetafe – Atletik, Real Sosyedad – Las-Palmas, Real – Kadis, Jirona – Barselona, Malyorka – Atletiko, Osasuna – Betis, Selta – Vilyarreal, Valensiya – Alaves, Rayo Valyekano – Almeriya, Sevilya – Qranada.

Turun rəqəmi
5 - “Real” “Real Sosyedad”ın qapısına bu qədər zərbə vurmaqla qələbə qazandı. Bu isə madridlilərin müvafiq statistikanın aparıldığı 2003/04 mövsümündən bəri 2-ci belə qələbəsidi. “Real” 2018-in dekabrında “Ueska”nı da bu şəkildə məğlub etmişdi.

Turun ulduzu
Kepa Arrisabalaqa (Real) – yağış topu və meydanı hər iki qapıçı üçün ağır etmişdi. Həm Remiro, həm də Kepa dəfələrlə komandasını xilas etdi. Ancaq qonaqların qapıçısı daha çox oyuna müdaxilə etməli oldu. Çünki “Real”ın eksperimental heyətində anlaşmazlıqlar çox idi. Kepa ən azı üç dəfə real qol vəziyyətində madridlilərin köməyinə çatdı.

Turun sitatı
Arda Gülər, “Real”ın yarımmüdafiəçisi:
“Mən dünyanın ən yaxşı klubundayam və çox xoşbəxtəm. Təkcə fiziki durumum yox, mentallığım üzərində də işləyirəm. Səbirlə gözləyirəm, mükəmməlləşməyə davam etməliyəm. Bu imkana görə Ançelottiyə minnətdarlıq etmək istəyirəm”.


Faktlar
* Arda Gülər “Real”ın start heyətində yer aldığı ilk oyunda – 19 yaş 61 günlüyündə qol vurdu. Bu, 21-ci əsrdə Madrid klunun oyunçuları arasında 2-ci göstəricidi. Rekord 18 yaş 294 günlüyündə fərqlənən Rodriqoya məxsusdu.
* “Real” La Liqada son 27 oyunda uduzmayıb. Klub rekordunun (bir mövsümü əhatə edən) təkrarlanmasına cəmi 1 oyun qalır. “Ağ şimşəklər” 1989/90 mövsümündə ardıcıl 28 oyunda uduzmayıb.

Reaksiya
Karlo Ançelotti, “Real”ın baş məşqçisi:
“Real” yaxşı oynayır, çoxlu pressinq edir. Bu komanda xoşuma gəlir. San-Sebastyanda qələbə qazabmaq asan deyildi. Möhtəşəm heyətimiz var. Hər oyunda qələbə qazanmalıyıq. La Liqada qələbədən bizi 4 xal ayıır, çempionluğa çox yaxınıq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla