AZ

"Trendyol" Azərbaycanda haqsız rəqabət yaradırmı? - MÜNASİBƏT BİLDİRİLDİ

"Düşünmürəm ki, "Trendyol" hazırda haqsız rəqabət aparır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

O bildirib ki, haqsız rəqabətin aparılması, ümumiyyətlə, rəqabətin bərqərar olması üçün ölkəmizdə aidiyyəti qurum tərəfindən bütün proseslərə nəzarət olunur: "Sadəcə "Trendyol"un bu istiqamətdə ciddi bazar payına sahib olması, hökmran mövqeyə malik olması onun haqsız rəqabət aparması anlamına gəlmir. O ki qaldı haqsız rəqabətin nəyə əsasən müəyyən edilməsinə, nəzərinizə çatdırıram ki, bununla bağlı rəqabət məcəlləsi təsdiq edilmiş, qüvvəyə minmişdir.

Rəqabət məcəlləsi 2024-cü il iyulun 1-dən qüvvəyə minir və qanunun qüvvəyə mindiyi gündən “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanunları ləğv edilir. 12 fəsil, 84 maddədən ibarət olan Rəqabət Məcəlləsi Azərbaycan Respublikasında azad və sağlam rəqabətin təmin olunması, qorunması və inkişafının ümumi əsaslarını, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini, rəqabət sahəsində tənzimlənməni, təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati və hüquqi əsaslarını, bazar subyektlərinin hüquqlarını və vəzifələrini, habelə rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir, sahibkarlıq fəaliyyəti daxil olmaqla iqtisadi fəaliyyətin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır.

Məcəlləyə əsasən Bazar subyektləri tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti rəqabət orqanı tərəfindən həyata keçirilir. Rəqabət orqanı dedikdə rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini həyata keçirən, dövlətin rəqabət siyasətinin formalaşdırılmasında iştirak edən və həmin siyasətin həyata keçirilməsini, habelə rəqabət sahəsində tənzimlənməni təmin edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) başa düşülür. Məcəllə ilə təbii inhisar fəaliyyəti sahələri, təbii inhisar subyektlərinin fəaliyyətinin dövlət tənzimlənməsi və onların fəaliyyətinə rəqabət orqanı tərəfindən dövlət nəzarəti məsələləri müəyyən edilmişdir. Artıq bu tipli proseslər bilavasitə bu məcəllə vasitəsilə tənzimlənəcəkdir".

Müəllif: Söylü Ağazadə
Seçilən
11
Mənbələr
Şərh ()
Bağla