AZ

Əməkdar artist Osman Hacıbəyovun 100 illiyi münasibətilə tədbir keçirilib

Bakı, 30 aprel, AZƏRTAC

Aprelin 30-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Əməkdar artist Osman Hacıbəyovun 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək peşəkar imkanlarının genişliyindən məharətlə istifadə edən görkəmli aktyor Osman Hacıbəyovun müxtəlif xarakterli rollar ifa etdiyini bildirib. Qeyd edib ki, O.Hacıbəyov El oğlu, Ayaz (“El oğlu” və “Ana”), Əşrəf və Qıdı kirvə (“Hacı Qəmbər”), Yaşar (“Yaşar”), Elşən (“Məlik Məmməd”), Protey (“İki veronalı”), İmran, Nəsrəddin (“Anacan” və “Nəsrəddin”), Bəxtiyar (“Komsomol poeması”) və başqa rolları ilə sənət tariximizdə iz qoyub.

Muzeyin şöbə müdiri Xanım Abdinova Hacıbəyovlar nəslinin layiqli nümayəndəsi olan O.Hacıbəyovun yaradıcılıq yolu haqqında danışıb. O diqqətə çatdırıb ki, bu nəsil Azərbaycan musiqisinin yaranmasında və inkişafında əvəzolunmaz dərəcədə böyük rol oynayıb.

Tədbirdə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova və tələbələri Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər.

Sonda sənətkarın iştirak etdiyi tamaşalardan ibarət videofraqmentlər nümayiş olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla