AZ

“Xüsusi təyinatlılar ordunun formalaşması zamanı zərurətdən yaranan qüvvələr idi” - Hərbi ekspert

Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaradılmasından 25 il ötür. Xüsusi Təyinatlı Qüvvələr 1999-cu il aprelin 30-da yaradılıb. Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər.

Ehtiyada olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Herbiand.az-a bildirib ki, Birinci Qarabağ savaşında ordunun tərkib hissələri formalaşmış şəkildə deyildi:

“Ordu yalnız pərakəndə şəkildə, özünü müdafiə taborları formasında fəaliyyət göstərirdi. Ulu öndərin gəlişindən sonra Azərbaycanda işğalçılara qarşı mütəşəkkil şəkildə mübarizə aparıldı. Nəticədə, düşmən Bişkek sazişi daşıyan atəşkəs rejimini imzaladı. Sonra Azərbaycan ordusunun formalaşması sürətləndi və nizami ordu yarandı. Burada isə müəyyən istiqamətlər inkişaf etməyə başladı. Xüsusi təyinatlı qüvvələr də məhz həmin ordunun formalaşması zamanı zərurətdən yaranan bir qüvvələr idi. Xüsusən, işğal dövründə təmas xəttində dağlıq və meşəlik ərazilər daha çox üstünlük təşkil edirdi. Belə olduğu halda, xırda qrupların fəaliyyəti daha məqsədyönlü idi. Kəşfiyyat aparmaq, hansısa xüsusi tapşırıqlar yerinə yetirmək üçün xüsusi təyinatlı qüvvələr lazım idi. Onlar xüsusi bacarığa malik olmalı və hərtərəfli vəziyyətdə döyüş tapşırığını yerinə yetirməyi bilməliyidilər. Azərbaycanın xüsusi təyinatlıları qısa bir zamanda dünyada olan qabaqcıl xüsusi təyinatlıların təcrübəsini öyrəndilər. Xüsusi təyinatlı qüvvələrinin yaranmasında birinci Qarabağ savaşında təcrübə qazanmış, Əfqanıstan döyüşlərində iştirak etmiş və xüsusi qabiliyyətə malik zabit və digər heyət iştirak edib. Sonra isə dünya təcrübəsindən və qardaş ölkə olan Türkiyənin xüsusi təyinatlılarının hazırlıq proqramları, texniki-tədris bazası və digər proseslər Azərbaycanda inkişaf etməyə başladı. Qısa zamanda demək olar ki, xüsusi təyinatlılar sürətlə inkişaf edərək, xüsusilə öz bacarığını atəşkəs dövründə düşmənin arxasında fəaliyyət göstərməklə getdikcə çoxaldırdılar. Deməzdim ki, hansısa sırf diversiya işləri ilə məşğul idilər. Ancaq düşmənin arxasına keçmək, orada müşahidə aparmaq və digər xüsusi tapşırıqların yerinə yetirilməsində cəlb olunurdular”.

Ehtiyada olan polkovnik qeyd edib ki, xüsusi təyinatlıların aprel hadisələrində fəaliyyətini real şəkildə gördük:

“Xüsusi təyinatlılar düşmənin mövqelərini ələ keçirməklə digər qüvvələrin irəliləməsinə və ərazilərin düşməndən azad edilməsinə nail oldular. Xüsusi təyinatlılar çox ciddi formada hazırlıq keçir. Hazırlıqda həm Azərbaycanın bu sahə üzrə mütəxəssisləri, həm də Türkiyədə bu sahədə böyük təcrübəyə malik olanlar cəlb olunurlar. Xüsusi təyinatlıları beynəlxalq tədbirlərdə və yarışlarda da iştirak edirlər. Yarışlardan birində hələ Vətən müharibəsindən öncə Türkiyədə 28 ölkənin iştirakı ilə keçirilən yarışda birincilik qazanmışdılar. Bu da Azərbaycanın xüsusi təyinatlılarının yüksək peşəkarlığından xəbər verir. Xüsusi təyinatlılarımız fərdi təlimlərdən əlavə iri təlimlərdə ssenariyə uyğun olaraq özünəməxsus tapşırıqları yerinə yetirirlər. Xüsusi təyinatlıların peşəkarlığını məhz döyüşlərdə - Azərbaycanın ərazi bütövlüyünün bərpası zamanı gördük. Azərbaycanın əsas taktikası sızma hərəkəti taktikası idi. Məhz xüsusi təyinatlıların professionallığı, onların düzgün istifadəsi, sızma taktikasını həyata keçirməsi bizim təyin olunan istiqamətlərdə irəliləməni sürətləndirərək düşməni daim gərgin vəziyyətdə saxlamağa imkan verirdi. Xüsusi təyinatlılarımız düşmənin arxasında yerləşən atəş vasitələri - raket və artilleriya mövqeləri haqqında dəqiq məlumat verərək Azərbaycanın artilleriya və aviasiyasını həmin hədəflərə yönəldərək darmadağın edilməsinə şərait yaradırdı. Bununla da düşmənin müqaviməti xeyli zəifləyirdi. Bu isə bizim şəxsi heyət arasında itkilərin minimuma gətirilməsi, tapşırığın maksimum sürətlə yerinə yetirilməsinə gətirib çıxartdı”.

Şair Ramaldanovun sözlərinə görə, İkinci Vətən müharibəsində xüsusi təyinatlılar haqqında danışanda birinci növbədə məhz Şuşa kimi alınmaz qalanın yüngül silahlardan istifadə edilməklə, şəhərin dağılmasının qarşısını almaqla azad edilməsini yüksək peşəkarlıq kimi qiymətləndirə bilərik:

“Təxminən ona oxşar bir ərazidə təlim keçərək, hər şeyi ölçüb-biçərək yüksək hazırlıq səviyyəsinə gəlmiş xüsusi təyinatlılarımız, nəticədə Şuşanı azad etdilər və düşməni kapitulyasiya aktına bərabər üçtərəfli sənədə qol çəkməyə məcbur etdilər. Sonra xüsusi təyinatlılar artıq qazanılmış döyüş təcrübəsindən irəli gələn təhlillər apararaq, öz hazırlığını daha da zənginləşdirərək peşəkarlığını yeni mərhələyə qaldırmağa nail oldu. Hamının haqlı hörmətini qazanmış və qürur yerimiz olmuş xüsusi təyinatlılar həmişə peşəkarlığı və yüksək ruh yüksəkliyi ilə seçilirlər. Bizim xüsusi təyinatlıların növbəti peşəkar göstəricisi antiterror tədbirlərində oldu. Antiterror tədbirlərində unikal əməliyyat apararaq bir sutkadan da az müddət ərzində düşməni ağ bayraq qaldırmağa məcbur etmək və separatçı rejimin Azərbaycan ərazisində sonunu qoymağında böyük qəhrəmanlıq göstərdilər. Xüsusi təyinatlılarımız sentyabr hadisələri zamanı düşmənin Kəlbəcər istiqamətində təxribatının qarşısını da almağı bacarmışdılar. Onlar atəş dəstəyi ilə kombinə olaraq qısa zamanda düşməndən strateji yüksəklikləri azad edərək Göyçə gölünə qədər böyük bir ərazini nəzarət altına almağa nail oldular. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dediyi kimi, xüsusi təyinatıların hərbi hissələrinin sayı qat-qat artırıldı. Xüsusi təyinatlılara demək olar ki, yaxın olan yeni komando hərbi hissələr yarandı. Bu gün də Azərbaycan ordusunun inkişaf etdirilməsi üçün Türkiyə modelinə keçidlə bağlı tapşırıqlar qoyulub. Azərbaycan ordusu bu tapşırıqları müvəffəqiyyətlə yerinə yetirir. Tapşırıqların içində əlbəttə, xüsusi təyinatlıların və komando birliklərinin hazırlığı, şəxsi heyətin və hərbi hissələrin sayının artırılmasını göstərmək olar”.

Hərbi ekspert vurğulayıb ki, xüsusi təyinatlılarımız bu gün 25 illiyini həm yüksək döyüş təcrübəsi əsasında formalaşan peşəkarlıqla, həm də yüksək ruh yüksəkliyi və gündən-günə artan nailiyyətləri ilə qarşılayırlar:

“Düşünürəm ki, bütün xalq bizim qürur yerimiz olan xüsusi təyinatlılarımıza böyük hörmət bəsləyərək onların 25-ci ilini təbrik edir və uğurlar diləyirlər. Uğurlar da göz qarşısındadır. Əlbəttə, hələ də sülh müqaviləsi bağlanmayıb. Hələ də müəyyən revanş niyyətli qüvvələr var, hələ də Ermənistan sakitləşə bilmir. Ermənistanın havadarları münaqişənin alovlanmasına cəhd göstərirlər. Belə olduğu şəraitdə, xüsusi təyinatlılarımız peşəkarlığıyla hər zaman Azərbaycan dövlətinin ərazi bütövlüyünü qorumağa və öz üzərinə düşən vəzifəni yerinə yetirməyə daim hazır vəziyyətdədirlər. Eşq olsun Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinə!”

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla