AZ

“Ermənistanda hadisələrin bu cür inkişafı Azərbaycan üçün iki təhlükə doğurur...”

“Düşünürəm ki, hətta Ermənistanda alternativ gücə, yaxud mütəşəkkil silahlı dəstəyə çevrilə biləcək həmin o Qarabağ döyüşçüləri hərəkatı da Rusiyanın oyununa girməyəcəklər...”
 
“Və bu halda Rusiya nə edir? Özünün ehtiyat və bir növ həlledici kartı olan erməni kilsəsini oyuna buraxır. Amma eyni zamanda məsələ ondadır ki, erməni kilsəsi artıq...”
 
Ermənistanda Qazaxın kəndlərinin Azərbaycana qaytarılması prosesiylə bağlı gərginlik davam edir. Bəs görəsən, bu gərginlik əsasən hansı xarici və daxili güclər tərəfindən körüklənir? Həm Ukraynada, həm də Gürcüstanda 9 may “qələbə” gününə qədər ciddi revanş götürməyə çalışan Rusiya burada Paşinyanı devirmək üçün ikibaşlı oyun oynaya bilərmi: yəni həm Azərbaycan kəndlərinin qaytarılmasını alqışlayıb həm də bundan yararlanaraq hər iki tərəfdəki “5-ci kalon”u  və agenturası vasitəsi ilə gərginliyin pik həddə çatdırılmasına çalışa bilərmi? Doğrudanmı bu gərginlik, bəzi şərhçilərin qeyd etdiyi kimi, Paşinyanın devrilməsi ilə nəticələnə bilər?..
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik üzrə ekspert Ərəstun Oruclu bunları söyləyib:      
 
“Məlum məsələdir ki, artıq Cənubi Qafqaz geo-siyasi mübarizədə növbəti cəbhə xəttinə çevrilib. Və bu gün Qərb ölkələri bu regiona daha çox Gürcüstan və Ermənistan vasitəsilə müdaxilə edirlər. Rusiya isə tərəfdaş kimi Azərbaycanı seçib və eyni zamanda Gürcüstanda vəziyyəti məqsədli şəkildə qarışdırır. Mən əvvəl də demişdim ki, Gürcüstanın hazırkı hökuməti ilə Avropa Birliyi üzvlüyünə namizəd qəbul olunması ilə Qərb yalnız bu ölkəni öz tərəfinə çəkmək məqsədi güdür. Axı həmin qərar verilməzdən cəmi bir həftə öncə Avropa Birliyi dairələrində Gürcüstanın həmin qurumun üzvlüyünə namizədliyi qəbul edilmirdi. Və indiki situasiyada Rusiya Gürcüstanı mütləq qarışdırmalıdır. Ona görə ki, Gürcüstan Ermənistana yeganə loqistika məkanıdır. Yəni nəqliyyat, kommunikasiya çıxışıdır. Gürcüstan AB-yə üzv olur və bunun ardınca oradakı Rusiyapərəst hakimiyyətin heç bir ehtiyacı olmadığı halda gündəmdən çıxarılmış “xarici agentlər haqqında qanu”nun başqa bir adla müzakirəyə qaytarılması məhz Rusiyanın planı idi. Və həmin plan da davam edir. Digər tərəfdən isə Ermənistanın işğalı altında qalan Azərbaycan məxsus kəndlərin qaytarılması Rusiya tərəfindən alqışlanır. Və biz  açıq-aydın görürük ki, Azərbaycan-Ermənistan konfliktinin aradan qaldırılması üçün, demək olar ki, bütün səylər səfərbər olunub. Məsələn, bazar günü ABŞ-nin Dövlət katibi Entoni Blinken həm Azərbaycan, həm Ermənistan rəhbərləri ilə danışaraq sülh prosesini alqışladığını bildirib və bu yolun davamına çağırış edib. Paralel olaraq Ermənistanda daxili vəziyyət məhz məlum 4 kənd ətrafındakı məsələ ilə bağlı gərginləşdirilir. Təbii ki, orada iş görən Rusiyadır. Bu, birmənalı şəkildə belədir. Aydındır ki, bu, Qərb ola bilməz. Çünki Qərb sülhə çalışırsa, anlayır ki, onun Cənubi Qafqaz strategiyası sülh üzərində, Rusiyanınkı isə hərb üzərində qurulub. Ona görə ki, Rusiya buradan Yaxın Şərqə dəhliz açmalıdır. Zəngəzur dəhlizini... Rusiya Azərbaycanla Ermənistan arasında sülhün yaranmasına imkan verməməlidir. Amma Kreml üzdə özünü elə göstərir ki, guya o, sülh tərəfdarıdır. O isə əsla sülh tərəfdarı deyil. Mənim buna zərrə qədər şübhəm yoxdur. Elə Azərbaycandakı rusiyapərəstlərin, Rusiya “5-ci kalon” nümayəndələrinin verdiyi açıqlamalardan da Moskvanın vəziyyəti süni şəkildə gərginləşdirməyə çalışması açıq görünür. Və həmin işi eyni zamanda Ermənistandakı “5-ci kalon” da görür. Onu  da nəzərə alaq ki, Ermənistanda Paşinyan hakimiyyətinə opponentlik edənlər əsasən Qarabağ klanının əvvəl hakimiyyət başında olmuş iki cinayətkar lideridir və daha çox Köçəryan düşərgəsidir. Serjik Sərkisyan bir qədər balanslı mövqe nümayiş etdirir. Çünki o, yaxşı bilir ki, Rusiyanın planında onun yeri yoxdur. Odur ki, yalnız sözdə radikallıq edir və hansısa təsirli addımlar atmaqdan çəkinir. Digər tərəfdən,  Robert Köçəryan və ümumiyyətlə, Qarabağ klanı Ermənistanda o qədər neqativ bir imicə malikdir ki, ermənilər faktiki olaraq onu qəbul etmirlər. Və bu halda Rusiya nə edir? Özünün ehtiyat və bir növ həlledici kartı olan erməni kilsəsini oyuna buraxır. Amma eyni zamanda məsələ ondadır ki, erməni kilsəsi artıq həmin erməni kilsəsi deyil. Bu dini qurum, xüsusilə də bugünkü katolikos o qədər cinayətlərə, korrupsiya çirkabına bulaşıb ki, Ermənistandakı Paşinyan tərəfdarları, media platformaları tərəfindən o qədər neqativ əməllərdə ifşa olunub ki, hər kəs erməni kilsəsinin ardınca getməyin düzgün olmadığını anlayır. Təbii ki, müəyyən bir radikal kəsim bu qurumun arxasınca gedə bilər. Ancaq mən düşünürəm ki, hətta Ermənistanda alternativ gücə, yaxud mütəşəkkil silahlı dəstəyə çevrilə biləcək həmin o Qarabağ döyüşçüləri hərəkatı da Rusiyanın oyununa girməyəcəklər. Mən bunu əminliklə deyirəm; onlar da son anda ya Paşinyanı dəstəkləyəcəklər, ya da neytral qalacaqlar. Əslində Ermənistanda hadisələrin bu cür inkişaf etməsi bizim üçün iki təhlükə doğurur. Birinci təhlükə Paşinyan dəyişdiriləcəksə, bu, Azərbaycan, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi üçün arzuolunmaz bir variantdır. İkincisi, Paşinyanın dəyişdirilməməsi də bizim üçün daha pis dinamaik vəd edə bilər. Bu halda Rusiya birmənalı şəkildə iki ölkə arasında savaşı qızışdırmağa çalışacaqdır. Mən prosesi belə görürəm. Bu, nəticə verəcəkmi? Bunu söyləmək bir qədər çətindir. Lakin unutmamalıyıq ki, hər iki hər üçün Cənubi Qafqaz ölkəsində Rusiyanın kifayət qədər resursları var. Onları cəlb edəcəyi halda Kreml bölgədə sabitliyi poza bilər. Cənubi Qafqazda sabitliyin pozulması isə Moskvaya öz opponentlərini, öz rəqiblərini qarşılayaraq bölgəyə qoşun yeridə bilmək imkanı yaradır. Bax, söhbət bundan gedir”.
 
Sultan Laçın 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
38
Mənbələr
Şərh ()
Bağla