AZ

Elman Nəsirov: "İstərdik ki, İsa Qəmbər dövlətçiliyin yanında yer alsın"

“Mayın 4-də Müsavat Partiyasının qurultayı keçiriləcək. İstisna deyil ki, İsa Qəmbər yenidən partiya rəhbərliyinə qayıtsın. O, artıq namizədliyini irəli sürüb. İndi suallar yaranır ki, İsa Qəmbərin yenidən partiya rəhbərliyinə qayıdışı Müsavatın fəaliyyətində hansı yeniliklərə gətirib çıxara bilər? Partiya müxalifət sıralarında öz mövqeyini nə dərəcədə möhkəmləndirə bilər? Müsavatın “ana müxalifət” olmaq iddiasının reallaşması mümkündürmü? Bu kimi suallar səslənməkdədir. Xüsusilə, Arif Hacılının rəhbər olduğu dövrdə Müsavat Partiyası ümummilli məsələlərdən kənarda qaldı, dövlətin, dövlətçiliyin yanında dayanmadı, Vətən müharibəsi və sonrakı dövrdə Azərbaycandakı partiyaların xarici ölkədəki partiyalara, beynəlxalq qurumlara müraciətlərində Azərbaycan dövlətinin, iqtidarının, Ordunun və milli maraqlarımızın müdafiəsi ilə bağlı müraciətlərə qatılmadı, Necə deyərlər, siyasi yalquzaqlıq nümunəsi ortaya qoydu. İsa Qəmbərmi həmin siyasəti davam etdirəcəkmi?”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. 

 

“Çox istərdik ki, uzun müddət siyasətdə olan bu şəxs Arif Hacılının taktiki gedişlərini təkrarlamasın. Strateji xətt müəyyən etsin və həmin xətt ilə müxalifətçiliyini həyata keçirsin. İqtidarın siyasətində bu və ya digər məqamlarla razılaşmadığını dilə gətirsin, tənqid etsin, eyni zamanda alternativ variantlar təklif etsin. Tənqid ən asanıdır. Bəs çıxış yolunu nədə görürsən? Hansı təkliflərin, tövsiyələrin var? Çox istərdik ki, İsa Qəmbərin Müsavat rəhbərliyinə gəlişi reallaşacağı təqdirdə ümummilli məsələlərdə dövlətin, dövlətçiliyin yanında yer alsın. Bu, çox önəmli və vacibdir. Çünki iqtidara müxalifət olmaq olar, amma dövlətə, dövlətçiliyə heç bir halda müxalifət olmaq olmaz. Bu, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi kursdur. İsa Qəmbər partiya rəhbəri seçiləcəyi təqdirdə partiya maraqlarını həyata keçirərkən unutmasın ki, dövlət və dövlətçilik maraqları hər şeydən üstündür, hər şeyin fövqündə dayanır”, - deputat bildirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 30 Aprel 2024, 13:23   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
50
Mənbələr
Şərh ()
Bağla