AZ

“Özümə qapalı insanam, çox danışmağı xoşlamıram” - Musialanın kumiri kimdi?

Bu futbolçu “Bayer-04”lü Florian Virts ilə birlikdə Almaniya futbolunun gələcəyi sayılır.

Qarşıdakı Avropa çempionatında almanlar ondan çox şey gözləyəcək. Söhbət “Bavariya”nın və bundestimin 21 yaşlı ulduzu Camal Musialadan gedir. Atası nigeriyalı, anası isə polşaəsilli alman olan Musiala 2003-cü ildə Ştutqartda doğulub. Amma 7 yaşından İngiltərədə yaşayıb. “Sauthempton” və “Çelsi”nin akademiyasını keçən Camal 16 yaşında “Bavariya”nın diqqətini cəlb etdiyi üçün Almaniyaya qayıtmalı olur və Münhen nəhəgninin akademiyasına qoşulur. Həm Almaniya, həm də İngiltərənin aşağı yaş qruplarından ibarət yığmalarında forma geyən bu istedad sonda bundestimə üstünlük verir. O, “Bavariya”da indiyə qədər 161 rəsmi oyunda 43 qol, 30 məhsuldar ötürmə ilə yadda qalıb və artıq indidən 9 titul qazanıb. Musiala bugünlərdə İspaniyanın “Marka” nəşrinə müsahibə verib.

- Oyun tərzini nəzərə alsaq, sanki İspaniyada doğulmusan. Səndə cənubi amerikalıların texnikası var. Virts barədə də eyni sözləri demək olar.
- Almaniyada belə oyun tərzinə malik olan və texnikası ilə seçilən bir neçə futbolçu var. Bəli, Virst bu baxımdan seçilir. Almaniya futbol ictimaiyyəti onu çox sevir. Yeni nəsil futbolçular arasında da texnikalılar çoxdu.

- Topla belə rəftar etməyi harda öyrənmisən?
- Uşaq yaşlarımdan topla böyümüşəm. İstər bağımızda atamla, istər həyətdə dostlarımla yalnız topla oynayırdım. Çox məşq edirdim. Atamla saatlarla təkbətək oynayırdım. Sonra maneələr quraşdırırdı və topla onların arasından keçməyimi istəyirdi. Bütün bunların mənə çox faydası dəydi. Atam uşaq vaxtı həmişə deyirdi ki, klubdakı məşqlər kifayət deyil və bu məşqlərlə kifayətlənsəm, böyük oyunçu olmayacam. Ona görə də evə gəldikdən sonra əlavə məşqlər edirdim. Hər gün topla eyni hərəkətləri dəfələrlə təkrarlayırdım. Sonra da oyun vaxtı mənə çox rahat olurdu.

- İndi 8 yaşlı qardaşın da eyni mərhələdən keçir. O da futbolu sevir?
- Bəli, indidən ona bəzi fəndləri öyrətmişəm. O da bütün gün saatlarla bağda məşq edir. Mən də onun yaşında belə idim.

- Meydanda ideal mövqeyin hansıdı?
- Özümü ən çox oyun qurucusu və sol vinger mövqeyində rahat hiss edirəm. Meydanı yaxşı gördüyüm üçün oyun qurucusu kimi oynamağı sevirəm. Həmişə topu qəbul edib və üzü rəqib qapıya doğru çevrilib irəliləməkdən zövq alıram. Əslində aşağı yaş qruplarında başqa mövqelərdə, hətta müdafiədə də oynamışam. Futbolçu hər mövqedən yeni bir şey öyrənməyə çalışmalıdı. Bu, ümumi inkişafa yardım edir.

- İndi yığmada “10” nömrəli formanı geyirsən. Bu nömrəyə nə vaxtdan maraq göstərməyə başlamısan?
- Uşaq yaşlarımdan məşhur “10 nömrə”ləri izləyərək böyüdüyüm üçün bu nömrə həmişə məni özünə cəlb edib. Ronaldinyo, Neymar və Messini daim izləyirdim. Onların hamısı bu nömrə ilə oynayırdı.

- Uşaq vaxtı sevimli futbolçun kim idi?
- Təbii ki, Messi və Ronaldinyo. Gün ərzində onların saysız-hesabsız videolarını izləyirdim. Uşaq vaxtı məndə Zidanın Fransa yığmasındakı “10” nömrəli forması da var idi.

- Amma əsas kumirin Messi idi?
- Bəli. Ona heyran idim. Hər dəfə onu ağzıaçıq izləyirdim. Leo ilə Neymarı izləyərək böyümüşəm. Onlar fanatları əyləndirirdilər və bu oyuna zövq qatırdılar. Messinin vurduğu qollara, Neymarın topla hərəkətlərinə baxdıqdan sonra topu götürüb bağımıza tərəf qaçırdım. Mən də eyni hərəkətləri etməyə çalışırdım. Valideynlərim bir dəfə mənə Messinin Argentina yığmasında ilk vaxtlar geydiyi “19” nömrəli formanı hədiyyə etmişdilər. Onu əynimdən çıxarmırdım.

- Bəzi cəhətlərinə görə Messiyə bənzəyirsən. Məsələn, sən də onun kimi az danışırsan və özünə diqqəti cəlb etməyi xoşlamırsan. Amma topla meydanda xarüqələr yaradırsan.
- Bəli, özümə qapalı insanam. Çox danışmağı, müsahibə verməyi xoşlamıram. Amma yaşıl meydana çıxan kimi mənə özümü ifadə etmək daha asan olur. Sakit təbiətli olsam da, meydanda ünsiyyətcil oluram. Həmişə boş mövqeyə açılmağa, top istəməyə çalışıram. Komanda yoldaşlarıma da nə istədiyimi anladıram.

- Messi 10 ölkə çempionluğu və 4 ÇL qazanıb. Sən də 21 yaşda 4 bundesliqa və 1 ÇL qazanmısan. Onun göstəricilərinə çata bilərsənmi?
- Bilmirəm. Özümü Messi ilə müqayisə edə biləcəyimi düşünmürəm. Bu, mümkünsüz bir şeydi. Həm də başqası ilə müqayisə olunmaq mənasızdı. Sadəcə, ildən-ilə oyunumu gücləndirməyə, daha da peşəkar olmağa, titullar və çempionluqlar qazanmağa çalışıram.

- Ötən mövsüm PSJ ilə oyundan sonra Messi ilə aranızda forma dəyişmək mövzusunda maraqlı dialoq olmuşdu...
- İlk oyunda Alfonso Devis ondan formanı istədi. Mən Neymara yaxınlaşdım və o da formasını verdi. Cavab oyunundan sonra Messiyə birinci mən yaxınlaşdım. Mənə dedi ki, formalarımızı paltardəyişmə otağında dəyişərik. Amma sonradan qələbəni fanatlarımızla birlikdə hay-küylü şəkildə qeyd etdik və paltardəyişmə otağına vaxtında gedib çıxa bilmədim. Sonra da PSJ-nin oyunçularını narahat etmək istəmədim. Ona görə də onların paltardəyişmə otağına getmədim. Bu söhbət elə orda da qaldı.

- Yaxın dostun Cud Bellingem haqda nə deyərdin?
- İngiltərənin aşağı yaş qruplarından ibarət yığmalarında onunla birlikdə oynamışam. Gözəl vaxtlar idi. İlk gündən onunla meydanda bir-birimizi əla anlayırdıq. Həm də otaq yoldaşı idik və həyatda da yaxın dost idik. İndiyə qədər də dostluğumuz davam edir. Onun “Real”dakı uğurlarına çox sevinirəm.

- Onun Madriddə ilk mövsümdən özünü bu cür yaxşı tərəfdən göstərməsi səni təəccübləndirir?
- Xeyr. Çünki hər zaman onun necə güclü mentallığa malik olduğunu bilirdim. Özünəinamı çox böyükdü. Heç vaxt çətinliklərdən qaçmır. Düzdü, adətən, debütant futbolçulara uyğunlaşma üçün bir qədər vaxt tələb olunur. Amma dediyim kimi, Cudun keyfiyyətlərinə uşaq yaşlarımdan bələd olduğuma görə onun dərhal özünü göstərməsi məni təəccübləndirmədi.

- ÇL-in yarımfinalında yenidən qarşılaşacaqsız.
- Bu oyunları böyük səbirsizliklə gözləyirəm. İkimiz də uşaq yaşlarımızdan məhz belə oyunların iştirakçısı olmaq arzusu ilə böyümüşük.

- Anan həyatında önəmli rollardan birini oynayıb. Çətin şərtlər altında 3 uşaq böyüdüb...
- Atam və anam haqda sizə saatlarla danışa bilərəm. İndi olduğum futbolçuya çevrilməyimdə, bu səviyyəyə çatmağımda ən çox rolu olan insanlar məhz onlardı. Hər gün yorulmadan məni məktəbdən sonra məşqə aparırdılar. Onların mənim üçün etdiklərinin əvəzini heç vaxt qaytara bilməyəcəm. Bunun üçün bir ömür kifayət etməz. Həmişə onlara minnətdar olacam.

- Bu yaşda indidən öz fondun, fizioterapevtin, aşpazın, tibbi komandan var.
- Bəli, ətrafımda əla komanda toplaşıb. Hər sahənin peşəkarları mənə yardım edir. Bu da həyatımı asanlaşdırır. Belə gənc yaşda əlavə şeylər haqda düşünməmək və yalnız futbola köklənə bilmək çox vacibdi.

- Əla texnikan olsa da, uzun ötürmələr baxımından Toni Kroosla yarışa bilərsənmi?
- Toninin sağ ayağı sehrlidi. Uzun ötürmələri dəqiq və ideal alınır. Belə bir yarış keçirilsə, özümə pul qoyuluşu etmərəm (gülür).

- Onun qayıdışı ilə Almaniya yığması əvvəlkindən güclü oldu?
- Düzdü, hələ ki onunla birlikdə cəmi iki oyun keçirmişəm. Amma bu iki oyun onun necə möhtəşəm futbolçu olduğunu görmək üçün yetərli oldu. Onunla birlikdə AÇ-də oynamağı səbirsizliklə gözləyirəm. Şübhəsiz, onun ötürmələrinin bizə böyük faydası dəyəcək. Amma mən istəməzdim ki, indidən göylərdə uçaq və çempionluq barədə düşünək. Sadəcə, yaxşı formada olmağa çalışmalı və pillə-pillə irəliləməliyik. Çünki yaxşı komandalar çoxdu. Son illərə baxsaq, həm oyun planında, həm də nəticələr baxımından bizi bir çox komanda üstələyib.

- Bəs favorit kimdi?
- Təbii ki, Fransa. Onlardan sonra əla heyətə malik olan İngiltərə gəlir. İspaniyanın da Lamal, Qavi, Kubarsi, Pedri kimi maraqlı oyunçuları var. Fikrimcə, baxımlı turnir olacaq. Sürpriz komandalar da ortaya çıxacaq. Çünki heç bir böyük turnir sürprizsiz ötüşmür.

ƏLİ RAUFOĞLU

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
Mənbələr
Şərh ()
Bağla