AZ

"Balıq başdan iylənər" ifadəsi futbol idarəçiliyi üçün də keçərlidi - TƏHLİL

"Barselona" nə qədər çətin vəziyyətdə olsa da, Xuan Laporta kənardan nə qədər güvən verməsə də, hazırda klubda bəyəndiyim bir məqam var.

Rəhbərlik bilir ki, ardıcıl məşqçi dəyişiklikləri komandaya heç bir fayda verməyəcək. Uğursuzluqların əsas səbəbi də məşqçi işi deyil. Xavinin iki kuboku var və artıq sübut edib ki, düzgün idarəçilik olacağı təqdirdə titulları sıralaya bilər. Rəhbərlik də başa düşür ki, əsas problem idarəçilikdədi. "Barselona" bu mövsümü sözün bütün mənalarında yola verdi. İndi əsas hədəf yeni mövsümə qədər klubdaxili  məsələləri yoluna qoymaqdı. 

Hazırda dünya futbolunda çətin dövrdən keçən bir çox klubun yeni möcüzə axtarışında olduğunu görürük. Onlar bütün məşqçilərdən Xabi Alonso möcüzəsi tələb edirlər. Axı bir komandanın uğurlu nəticələrinin əsas səbəbkarı həmişə baş məşqçi olmur. Daxili hərc-mərclik vəziyyətində heç bir məşqçi maksimumunu ortaya qoymaq istəyində olmaz. Heç kim belə şəraitdə inkişaf haqda düşünə bilməz. Elə Azərbaycan çempionatında da "Neftçi" rəhbərliyinin öz səriştəsizliyini ört-basdır etmək üçün bütün məsuliyyəti məşqçilərin üzərinə atdığını görürük. Plansız transferlər, tələsik məşqçi seçimləri klubun brend kimi formalaşması prosesinə də ciddi zərər verir. Məlumdu ki, "Neftçi" bu mövsüm daha mediayönümlü siyasət yürütdü, klubun brend kimi dünya bazarına çıxmasına cəhd göstərdi. İndiki durumda bunun da uğurlu alındığını söyləmək olmur. 

Türkiyədə eyni taleyi "Beşiktaş" yaşayır. Futbolçular mövsümboyu sabit sistem altında birləşə bilmədilər, hər yeni məşqçi qısa müddətə öz oyun üslubunu, taktikasını komandaya diqtə etməyə çalışdı. İndi də ortada komanda yox, böyük bir xaos, sistemsizlik var. Ümumiyyətlə, uğurlu olan komandaların daxili işlərindəki sabitlik diqqəti çəkir. "Balıq başdan iylənər" ifadəsi futbol idarəçiliyi üçün də keçərlidi. Futbol həm çox mürəkkəb, həm də çox sadədi. Bu təzadın içində itib-batan idarəçilər heç vaxt uğurlu nəticə görə bilmirlər. İstər Azərbaycan, istərsə də Türkiyə klubları üçün Avropa təcrübəsindən faydalanmağa böyük ehtiyac var. Böyük bir komanda ilə kubokları sıralayan, böyük gəlirlər əldə edən klubun rəhbərliyinin hansı addımları atdığını təhlil etməyə gərək var. "Mən komandamı brend edəcəm, meydandakı nəticələr müvəqqətidi" demək azarkeşin, futbol ictimaiyyətinin başının altına yastıq qoymaqdan başqa bir şey deyil.

ADİL NƏHMƏTLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla