AZ

Mərkəzi Asiya və Azərbaycan regionu inkişaf və innovasiyaların mərkəzidir - Visa Direct-in baş direktoru

Mərkəzi Asiya və Azərbaycan regionu sadəcə xəritədə bir bölgə deyil, inkişaf və innovasiyaların mərkəzidir.

Bu barədə Trend-ə özəl müsahibəsində Visa Direct-in baş direktoru, Ukrayna, Gürcüstan, MDB ölkələri və Cənub-Şərqi Avropada istiqamət rəhbəri Sanjar Süleymanov deyib.

"İlbəil bu regionda nağdsız ödənişlərdə fəal artım müşahidə edirik ki, bu da mövcud çağırışlara baxmayaraq, əhalinin maliyyə xidmətlərinə canlı marağından xəbər verir. Mərkəzi Asiya və Azərbaycan yeni servis və məhsulların yaranması üçün məhsuldar zəmindir, belə ki, burada yeniliklərə böyük maraq var. Maliyyə xidmətləri bazarında rəqabət bizdə çox kəskindir: hər bir oyunçu müştəri uğrunda mübarizə aparır və bu industriyada tərəqqini təşviq edir.

Biz daima ajiotaj vəziyyətindəyik, artan tələbatı qarşılamaq üçün daima əlavə resurslar qoymalıyıq. Bəzən yeni xidmətlərin işə salınması məhz bizim regiondan başlayır və daha sonra bütün dünyaya yayılır. Bu, innovasiyaların heç də həmişə yalnız inkişaf etmiş ölkələrdə yaranmadığını, maliyyə xidmətlərinə yeni yanaşmaların tətbiq olunduğu regionlarda da yarana və inkişaf edə biləcəyini təsdiqləyir", - o deyib.

S.Süleymanovun sözlərinə görə, bu trend davam edəcək, çünki Visa tərəfdaşlara, bazara və innovasiyalara aktiv şəkildə investisiya qoyur.

"Şirkətimiz təkcə ənənəvi olaraq Visa ilə assosiasiya olunan seqmentlərə daxil olmayacaq, həm də həyatın bütün sferalarını şirkətlə əlaqələndirəcək hərtərəfli ekosistem yaratmaq üçün müxtəlif istiqamətlərə, o cümlədən, gənc istedadlar və idmançıların dəstəklənməsinə fokuslanıb", - o deyib.

S.Süleymnov Azərbaycanda bank sektoru və fintex sektorunun yüksək sürətlə inkişaf etdiyini vurğulayıb.

O, Visa-nın uzun illərdir ki, ödəniş kartlarının emissiyası və istifadəsinin genişləndirilməsinə imkan yaratmaqla, ölkə iqtisadiyyatında özünə yer etdiyini əlavə edib.

"Şirkətin strategiyası inkişaf edib: biz nə vaxtsa sadəcə nağdsız hesablaşmaq imkanı təmin edirdik, bu gün isə, misal üçün, Visa Direct vasitəsilə ödənişlər almaq imkanına diqqət yetiririk", - S.Süleymanov deyib.

O qeyd edib ki, bankların təklif etdiyi keşbek və xüsusi təkliflər kimi ödəniş kartı və müxtəlif bonuslardan istifadə rahatlığı istehlakçılarda kartlarla daha çox ödəniş etməyə maraq oyadır.

"Bu, təkcə gündəlik həyatda ödəniş kartlarından istifadəni təşviq etmir, həm də maliyyə aktivliyi və inklüzivlik artımına səbəb olur", - deyə o əlavə edib.

S.Süleymanov, həmçinin, maliyyə bazarının müxtəlif iştirakçılarına dəstəyin vacibliyinə diqqət yetirib.

"Bizim məqsədimiz həm iri, həm də kiçik banklarla eyni dərəcədə səmərəli işləməklə bazarda müxtəlifliyi dəstəkləməkdən ibarətdir. Misal üçün, xaricə Visa Direct köçürmələri üçün qəfil sorğu kiçik bankların da xidmətə marağının olduğunu göstərdi, hansı ki, əvvəllər bu elə də gözə çarpmırdı. Biz hər bir bankın öz müştərilərinə ən yaxşı xidmətləri təklif etməyə motivasiyalı olduğu rəqabət mühitini yaratmağa çalışırıq ki, bu da öz növbəsində istehlakçıları ondan istifadəyə təşviq edir.

Sağlam rəqabət sayəsində, həmçinin, səyahət sferasının inkişafı, əcnəbi işçi və ya tələbələrin ehtiyacları kimi geosiyasi aspektlərə diqqət ayrılır. Beləliklə, ödənişlər həm ölkə daxilində, həm də ölkədən kənarda daha rahat və əlçatan olur", - deyə Visa Direct-in baş direktoru və istiqamət rəhbəri deyib.

S.Süleymanov vurğulayıb ki, Visa innovasiyaları və məhsulları Azərbaycanda təkcə maliyyə inklüzivliyinin inkişafına şərait yaratmır, həm də kiçik biznesin inkişafı və istifadəçilərin həyat keyfiyyətinin yaxşılaşdırılması üçün yeni perspektivlər açır.

Maliyyə xidmətlərinə çıxış imkanının genişləndirilməsinə imkan yaradan əsas innovasiyalar arasında o, Visa Direct-in iki məhsulunu ayırd edib.

"Birinci mühüm addım ödəniş sistemindən asılı olmayaraq, istənilən kartı istifadəçinin telefon nömrəsi ilə bağlamağa imkan verən servisin tətbiqi oldu. Bu servis tranzaksiya prosesini əhalinin bütün təbəqələri, o cümlədən, gənclər, eləcə də, digər maliyyə vasitələrini qəliz hesab edə biləcək yaşlılar üçün daha anlaşılan və əlçatan etdi. Maliyyə inklüzivliyini təşviq edən daha bir məhsul ödəniş sorğusu xidməti olan Visa Direct Request to Pay texnologiyasıdır. Bu funksiya misal üçün, ümumi ehtiyaclar üçün vəsait yığımı məqsədilə təkcə fiziki şəxslər arasında köçürmələri asanlaşdırmır, həm də kiçik biznes üçün yeni imkanlar açır. Bu servis sayəsində sahibkarlar mal və xidmətlərə görə asanlıqla ödəniş tələb edə bilər ki, bu da qarşılıqlı hesablaşmaları əhəniyyətli dərəcədə asanlaşdırır və maliyyə əməliyyatlarının təhlükəsizliyini artırır", - S.Süleymanov deyib.

Visa Direct-in baş direktoru və istiqamət rəhbəri vurğulayıb ki, bu məhsulların uğurunun açarı təkcə texnologiyaların özünün səmərəliliyində deyil, həm də istifadəçilərin özlərinin ödəniş savadlılığında və bu servislərin imkanları barədə məlumatılılıqda, eləcə də, tərəfdaş bankların inteqrasiyası üçün onlarla əməkdaşlıqdadır.

Onun sözlərinə görə, Özbəkistan ödəniş texnologiyalarının inkişafı üçün perspektiv imkanlara malik qeyri-adi dərəcədə maraqlı bazardır.

"Bir tərəfdən Özbəkistanda yerli ödəniş sistemləri çox inkişaf edib, lakin ölkə bir neçə il ərzində beynəlxalq ödəniş sistemləri üçün də açıqdır. Bu sayədə orada təqdim etdiyimiz imkan və xidmətlər nöqteyi-nəzərindən qarşımızda geniş üfüqlər dayanır", - o deyib.

S.Süleymanovun sözlərinə görə, məhz gənc nəsil Özbəkistanda innovasiya və yeni texnologiyaların inkişafını təşviq edir, bu səbəbdən Visa şirkəti onun ehtiyaclarına adaptasiya olunmuş geniş spektrə malik xidmətlər təklif edir.

"Son zamanlarda Özbəkistanda çox sayda rəqəmsal bank açılıb və bu sayədə cari maliyyə sistemi innovasiyalar nöqteyi-nəzərindən daha müxtəlif olub", - deyə o əlavə edib.

Visa Direct-in baş direktoru və istiqamət rəhbəri qeyd edib ki, Özbəkistan bazarı innovasiyaların baryerlərlə üzləşə biləcəyi digər bazarların fonunda fərqlənir. Özbəkistanda innovasiyaların tətbiqi müntəzəm baş verir ki, bu da maliyyə texnologiyalarının inkişafı üçün əlverişli mühit yaradır.

S.Süleymanov ölkənin maliyyə sektorunun inkişaf etməyə davam etməsi üçün iri və kiçik banklar arasında əməkdaşlığın, eləcə də, dövlət dəstəyi, fintex və vençur investisiyalarının əhəmiyyətini vurğulayıb.

Baş direktor Visa-nın Visa Direct Request to Pay texnologiyasına qoşulmuş ölkələr siyahısını genişləndirməyi planlaşdırdığını əlavə edib.

Onun sözlərinə görə, Visa Qazaxıstanda iki tərəfdaşla Request to Pay texnologiyasının pilot tətbiqini elan etdikdə dərhal Azərbaycan, Özbəkistan və Ukrayna bazarlarından sorğular daxil olmağa başladı.

"Telefon nömrəsi üzərindən köçürmələr xidmətimizin inkişaf etdiyi bazarlarda böyük tələbat gördük və insanlar bu barədə bilir. Yeni qoşulmalar barədə elanlar və press-relizlər ictimaiyyətə açıq olacaq. Xidmətin tələb olunduğunu göstərmək üçün, xüsusilə bu informasiyanı ictimai edirik", - o deyib.

S.Süleymanov Request to Pay texnologiyasının ideyası çox maraqlı şəkildə yarandığını qeyd edib.

"Eyni zamanda, servis hazırladıq və tərəfdaşlarımızla birgə düşündük: niyə telefon nömrəsi ilə ödəniş göndərmək olar, eyni qaydada pul istəmək olmaz? Visa Direct Request to Pay texnologiyasını yaratmaqla sadəcə xidmətlərimizi genişləndirdik və onu ayrıca bir xidmət kimi vurğuladıq", - o deyib.

Baş direktor, həmçinin, Visa Direct Request to Pay-in Qazaxıstanda genişləndirilmə planları barədə danışıb.

Onun sözlərinə görə, Visa gələcəkdə Visa Direct Request to Pay sistemi çərçivəsində transsərhəd sorğularında potensial görür.

"Hazırda bir çox satıcı öz məhsullarını xüsusi platformalarda satır. Bu platformalar onlara məhsullarını bütün dünyaya satmağa imkan verir. Bununla əlaqədar olaraq, digər ölkələrdən hesab təqdim olunması kimi xidmətlərin tətbiqində potensial görürük. Texnologiya müştərilərimizin sorğuları və ehtiyacları əsasında inkişaf edəcək. Həmçinin, təkcə maliyyə sektorunda tərəfdaşlarımız deyil, həm də dövlətlər üçün platforma təklif edirik", - o deyib.

S.Süleymanov, həmçinin, Visa-nın həllərinin nağdsız iqtisadiyyatın artımına kömək etdiyini qeyd edib.

"İnnovasiyalar gətirməklə və bazarın yeni xidmətlərə hazır olduğunu göstərməklə yerli bazarı təşviq edirik", - deyə Visa Direct-in baş direktoru və istiqamət rəhbəri əlavə edib.

Qeyd edək ki, Visa (NYSE: V) rəəqmsal ödənişlər industriyasında dünya lideridir. Visa 200-dən çox ölkədə və ərazidə istehlakçılar, biznes, maliyyə və hökumət müəssisələri arasında ödəniş tranzaksiyalarını işləyir. Visa-nın missiyası istehlakçıların rifahına, eləcə də, biznes və iqtisadiyyatın tərəqqisinə imkan yaratmaq üçün innovativ, rahat, etibarlı və təhlükəsiz ödəniş sisteminin köməyilə dünyanı birləşdirməkdən ibarətdir.

  • Mərkəzi
  • Mərkəzi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
50
Mənbələr
Şərh ()
Bağla