AZ

“Turbo.az”, “tap.az” və “bina.az”ın sahibi bir gündə 174 milyon dollar zərər etdi


Dünyanın ən varlı insanlarının sıralamasında 3-cü sırada olan “Tesla” və “SpaceX” şirkətlərinin, həmçinin “X” sosial şəbəkəsinin (keçmiş “Twitter”) sahibi İlon Maskın sərvəti son bir gün ərzində 18,5 milyard dollar artıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı məşhur “Bloomberg” şirkəti yayımlayıb.
“Bloomberg”in məlumatına görə İlon Maskın ümumi sərvəti dünən 202 milyard dollar olub.
Son bir gündə sərvətini ən çox artıranların siyahısında ABŞ-ın sabiq prezidenti Donald Tramp da yer alıb. 7,95 milyard dollar sərvəti olan Trampın son bir gündəki qazancı 591 milyon dollar olub.
Sərvətini ən çox artıranlardan biri də Rusiyada yaşayan Azərbaycan əsilli milyarder Vahid Ələkbərov olub. Ələkbərovun sərvəti son bir gündə 318 milyon dollar artraq 27,4 milyard dollar yüksəlib.
“Bloomberg”in bugünə olan məlumatına görə hazırda ən zəngin insanların siyahısına LVMH şirkətlər qrupunun prezidenti Bernard Arnault başçılıq edir. Arnaultun ümumi sərvətinin 217 milyard dollar olduğu bildirilir. Son bir gündə Fransız iş adamının sərvəti 3,32 milyard dollar azalıb.
Son bir gündə sərvəti ən çox azalanların siyahısına “Google”un qurucuları olan Larri Peyc və Sergey Brin başçılıq edir. Larri Peycin sərvəti bir günə ərzində 4,37 milyard dollar azalaraq 148 milyard dollar, Sergey Brinin sərvəti isə 4,25 milyard dollar azalaraq 140 milyard dollar enib. Bu siyahıda 3-cü sıranı “Meta”nın qurucusu Mark Zukerberq tutub. Zukerberqin sərvəti son bir gündə 3,66 milyard dollar azalaraq 154 milyard dollar düşüb.
Sərvətini ən çox itirənlərin arasında Azərbaycanda internet istifadəçilərinin ən çox ziyarət etdikləri saytlardan 4-nün  - “turbo.az”, “tap.az”, “boss.az” və “bina.az”ın sahibi olan milyarder Mixail Lomtadze də var.
Gürcüstan vətəndaşı olan 48 yaşlı Mixail Lomtadze Qazaxıstanın ən böyük şirkətlərindən olan “Kaspi.kz”nin əsas səhmdarlarından biridir. Son bir gündə Lomtadzenin sərvəti 174 milyon dollar azalaraq 6,09 milyard dollar enib.
Onu da qeyd edək ki, Lomtadzenin Azərbaycanın aparıcı elan saytlarından olan “turbo.az”, “tap.az”, “boss.az” və “bina.az”ı nə zaman satın aldığı bilinmir. Lakin, bu saytların bağlı olduğu "DİGİTAL CLASSİFİEDS" MMC (VÖEN-1405631661) 16 avqust 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 min manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Rəsul Rza 75-də yerləşir. Şirkətin qanuni təmsilçisi Gürcüstan vətəndaşı olan Mamuka Kırvalıdzedir.
Dünyanın ən varlı 500 şəxsinin arasında Lomtadzedən başqa daha bir nəfər Gürcüstan, iki nəfər Qazaxıstan vətəndaşı da var. Gürcüstandan olan Bidzina İvanaşvilinin 6,87 milyard, Qazaxıstandan olan Vladimir Kimin 7,7 milyard, Vyaçislav Kimin isə 6,22 milyard dollar sərvəti var.
“Bloomberg”in “Dünyanın ən zəngin 500 şəxsi” siyahısına Türkiyədən heç kim daxil ola bilməyib.

Elnur Əli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
191
16
Mənbələr
Şərh ()
Bağla