AZ

Təkliyinə çarmıxlanmış nəsil

Qabriel Qarsia Markesin “Yüz ilin tənhalığı” romanı haqqında

Əvvəli ötən sayımızda…

Həcminə görə elə böyük olmasa da, “Yüz ilin tənhalığı” bir epopeya qədər tutumludur. Romanda baş verənlər təqribən yüz illik bir dövrü əhatə eləyir, bu zaman dilimində Buendia ailəsinin altı (bəlkə də yeddi) nəsli dünyaya gəlir, Makondo iyirmi daxmalıq bir kənddən böyük qəsəbəyə, şəhərciyə çevrilir, fəqət sonda insest bəlasına düçar olan nəsil də kəsilir, sivilizasiyadan aralanıb tarixin tozuna bürünən qəsəbə də dağılır. Qiyamət küləyi, Nuh tufanı hər şeyə son qoyur.

Əsərin strukturu çox qəlizdir, onu xırdalamaq, çözmək üçün ən azı onun özü boyda bir kitab bağlamalısan. Bu əsərdə baş qəhrəman yoxdur, əvəzində Buendia soyundan törəmiş çoxlu qəhrəmanlar var. Onların hər birinin öz xarakteri, temperamenti, maraq dairəsi olsa da, Buendiaların hamısını birləşdirən bir ümumi cəhət var: onlar sevgi hissindən, sevmək qabiliyyətindən məhrumdurlar, bu səbəbdən tənhalıq acısından qurtula bilmirlər. Təklik, yalqızlıq onların nəsil xəstəliyidir, tək yaşamaq, yalqız ölmək onların qismətidir.

Buendia soyunun təməli insest adlı günahla qoyulub, çünki nəslin başında duran Xose Arkadio Buendia ilə Ursula nənə əmoğlu-əmiqızıdırlar. Onlardan törəyənlər də doğma, qohum olmalarına baxmayaraq bir-birinə yaddırlar, bir-birinin dünyasından xəbərsizdirlər. Nəslin sonu da insestlə bitir, bilmədən xalasıyla evlənən Aureliano Babilonyanın arvadı ondan donuz quyruqlu uşaq dünyaya gətirir. Qadın qanaxmadan ölür, uşağı qarışqalar yeyir. Aureliano özü isə qaraçı Melkiadesin otağına çəkilib perqamentlərin sirrini çözməkdəykən anlayır ki, bu otaqdan daha çıxa bilməyəcək, Makondoya fələyin elçisi kimi gəlib-gedən qaraçının yazdıqları çin olub: Nuh tufanı qopub, Buendianın da, Makondonun da axırı çatıb.

***

Əsərdəki adlar nəsilbənəsil təkrarlanır, onları yadda saxlamaq elə də asan deyil. Ancaq xarakterlər təkrarlanmır, hətta əkiz qardaşlar belə bir-birindən çox fərqlənir. Romandakı hadisələr əsasən simvolik mahiyyət daşıyır: məsələn, Buendiaların yaşadıqları yerdən köçüb Makondoda məskunlaşması avropalıların yeni qitəyə köçünə, Xose Arkadionun elmi-texniki axtarışlara girişməsi İntibah (Renessans) dövrünün başlanğıcına işarə kimi yozulur. Axtarışlar nəticəsində nəslin ağsaqqalı dəli olur, onu bir ağaca sarıyırlar. Həmin ağacın Adəmdən başlanan şəcərənin rəmzi olduğunu düşünənlər var, hərçənd bu yozumun dəqiq olub-olmadığını bilmirik. Yuxusuzluq, yaddaşsızlıq epidemiyasının, dörd il on bir ay iki gün yağıb Makondoda fəhlələrə qarşı törədilmiş cinayətin (1928-ci ildə belə bir qırğın doğrudan baş verib) izlərini yuyan leysan yağışın da hansı lokal, yaxud qlobal ictimai-tarixi, yaxud təbii fenomenlərdən qaynaqlandığını söyləmək çətindir. Markes sağlığında şah əsərinin mənasına, mahiyyətinə dair heç bir konkret açıqlama vermədi, romanın dəqiq təhlili üçün açar yeri qoymadı, tənqidçilərdən ötrü qurduğu tələlərin yerini göstərmədi. Yəqin böyük yazıçı əsərinin sirri çözüləcəyi təqdirdə ona marağın azalacağından ehtiyatlanırmış.

“Yüz ilin tənhalığı” bəşəriyyətin acı taleyi haqqında yazılmış pessimist dastandır, əsərdə hər bir aparıcı personajın həm real, həm də mifik obrazı var. Apardığı otuz iki müharibənin otuz ikisini də uduzmuş polkovnik Aureliano Buendia diktatorluğa can atdığı illərdə üç metr radiusu olan dairəylə özünü hamıdan, lap yaxın ətrafından da təcrid olunmuş vəziyyətdə saxlayır. Birinci nəsil Buendiaların övladlığa götürdüyü yetim qız Rebeka ata-anasının sümükləri yığılmış kisəni daim kürəyində gəzdirir. Maurisio Babilonyanın başının üstündə müdam sarı kəpənəklər uçuşur. Gözəllər gözəli Remedios yenicə yuyulmuş, təmizlik qoxuyan mələfədən tutub göyə uçur. Amaranta əlini qızmar sobanın üstündə yandırandan sonra qara sarıqla gəzir, Odisseyin yolunu gözləyən Penelopa kimi daim özünə kəfən tikir, tikdiyini söküb bir də tikir.

Ümumiyyətlə, bu kitabın üstündəki tül örtüyü götürən olsa, onun altından Homer dastanlarından tutmuş “Hərb və sülh”ə, antik tragediyalardan tutmuş Şekspir faciələrinə, Rabledən tutmuş Servantesə, Bibliyadan tutmuş lotu romanlarına, Platondan Freydə, Zolyadan Bulqakova qədər bütün dünya ədəbiyyatı, fikir tarixi çıxar. Bu kitabın içində bir kitabxananın materialı var. Markesin üstünlüyü ondadır ki, onun intellektuallığı üzdə görünmür, göz deşmir, onun əsərini müəllifin bəsləndiyi kitablardan xəbərsiz sıravi adam da oxuyub məmnun qala bilər. Ancaq eyni adam, məsələn, Borxesi oxusa, heç bir zövq almayacaq.

***

Romanın oxucuya hansı mesajlar ötürdüyünü qətiləşdirmək də elə asan deyil. Əgər Buendia ailəsi bütün insanlığın timsalıdırsa, necə olur ki, bu nəsildə bircə nəfər sevən, düşünən adam, ağıllı, ya mömin bəndə tapılmır? Əgər fələyin müfəttişi kimi vaxtaşırı Makondoya baş çəkən, sanskrit dilində yazdıqlarını hamıdan gizləyən qaraçı Melkiadesin kitabında Buendia soyunun taleyi əvvəldən axıracan yazılıbsa (özü bunu nəslin patriarxına lap əvvəldən bəyan eləyir), onlarda nə günah var? Əgər insan ən doğma, əziz adamının belə ağrısını canında duya bilmirsə, öz təkliyini heç kimlə bölüşə bilmirsə, bu yaradılışda kimin suçu var? Hər kəs közü öz qabağına çəkməyə məhkumdursa, bu amansız eqoizmin müəllifi kimdir? Əgər dünyada bütün sevgilər illüziya, təkcə ehtiras, qorxu həqiqətdirsə, buna görə cavabdehlik kimin boynuna düşür? Həyat belə qurulubsa, Markes Buendia nəslini nə üstə cəzalandırır?

Ursula eşidəndə ki, oğlu gəmi qəzasına uğrayıb bir adanın sahilinə atılanda adam əti yeməyə məcbur olub, övladının yediyi adamın da hansısa bədbəxt ananın övladı olduğunu düşünmür, yalnızca buna təəssüflənir ki, onun əziz-xələf balası haram tikəylə qidalanmağa məcbur olub: “Zavallı oğlum, biz də burada qabağımızdan qalan nə qədər yeməyi donuzlara atmışıq”. İnsan insanın dərdinə kor baxır, hətta ana kimi bir varlığın şəfqət işığı da öz bətnindən uzağa düşmür. Gözəl Remediosu isə heç anası da anlamır. Mələk kimi qızın dərdindən ölənlər, divar dibində can verənlər onun qəlbinə yol tapmağın çəmini bilmirlər. Roman boyu baş verənləri flobersayağı laqeyd bir tövrlə kənardan, daha doğrusu, yuxarıdan izləyən, hadisələri nəhəng kamerasıyla tələsmədən seyr eləyən, dünya dağılsa belə halını dəyişməyən müəllif yalnız bu məqamda əsərin içinə girməyə, personajların qəlbinə dürtülməyə balaca, çox balaca bir ayaqyeri qoyur: Remediosun mükəmməl bədəninə aşiq olmuş bütpərəstlər anlamırlar ki, bu qızı ələ almaqdan ötrü onu sadəcə sevmək lazımdır. Sadəcə sevmək, vəssalam! Beləsi tapılmadığına görə qız mələk kimi göylərə çəkilir. Buendia nəslinin içində təkcə onu qiyamət əzabından qurtulmuş saymaq olar.

***

1970-ci ildə kubalı jurnalist Oskar Rettoya verdiyi müsahibədə Markes belə demişdi: “Tənqidçilər romanın mahiyyətinə varmayıblar. Burada əsas fikir ondan ibarətdir ki, tənhalıq həmrəyliyin tərs üzüdür. Buendia ailəsinin də, Makondonun da fəlakəti buradan qaynaqlanır. Düşünürəm ki, romandan hasil olan siyasi məram budur. Həmrəyliyə zidd gedən tənhalıq siyasi məzmun qazanır”. Ardınca da özünü təkzib eləyib söyləmişdi ki, Buendialar arasında mənəvi birliyin olmaması onların sevmək qabiliyyətinin yoxluğundan irəli gəlir.

Birinci fikrin səmimi olmadığı, siyasi konyunktura xidmət göstərdiyi adi gözlə də görünür. Aydındır ki, Markes dostu Fidel Kastronun meydançasında ona qol vurmaqdan, onun ideoloji ruporuna daş atmaqdan çəkinib suala siyasətlə cavab verir. İkinci fikrinsə əsərin ideya-məzmunuyla birbaşa əlaqəsi var. Yazıçı bizə demək istəyir ki, Adəm övladı cənnətdən günah yüküylə yola çıxıb, biz qardaş qatili Qabilin törəməsiyik (Buendia nəslinin patriarxı da qətl törətdiyinə görə yurdundan didərgin düşür), min illərdir günahlarımızı çiynimizdə daşıyıb nəsildən-nəsilə ötürürük. Ona görə də bizim qaynayıb-qarışmağımız, birlikdə xoşbəxt olmağımız, bir-birimizi sevməyimiz, duymağımız mümkün deyil.  Biz birlikdə yalnız ölə bilərik. Bundan ötrü bu dünyada hər şərait var.

“Yüz ilin tənhalığı” romanını rus dilinə çevirmiş tərcüməçilərdən biri, ispandilli ədəbiyyat üzrə məşhur mütəxəssis Valeri Stolbovun fikrincə, əsərin başlıca ideyası budur: insanlıq mənəvi birliyə nail olmasa, universal əxlaq kodeksinə yiyələnməsə, məhvə sürüklənəcək.

Yaxşı səslənir, ancaq mən əminəm ki, Markesin bu kitabı yazmaqla əsla bizə öyüd-nəsihət vermək, çıxış yolu göstərmək niyyəti olmayıb, yoxsa bu qədər usta yazıçının əlində öz fikrini, ideyasını hansısa personajın çiyninə yükləmək elə də çətin iş deyildi. Markes öz “aparatıyla” bizim hamı üçün ümumi, fəqət hər kəs üçün fərdi həyatımıza diaqnoz qoyub, sonda bu nəticəyə gəlib ki, bu fani dünyada, bu qaranlıq kainatda bizə qurtuluş yoxdur. Bizə genlərimizlə ötürülmüş taleyimiz əvvəlcədən müəyyənləşdirilib, qədərimiz yazılıb, ölümümüz proqramlaşdırılıb. “Avropanın qürubu” traktatının müəllifi Osvald Şpenqler kimi Markes də göstərir ki, hər bir canlı, hər bir sivilizasiya əvvəl doğulur, sonra çiçəkləyir, sonra bəhrəsini verir, sonra da solub məhv olur. Yer üzü kainatda qəzaya uğrayanda haqlı-haqsız, varlı-kasıb, dəli-ağıllı hamı qırılacaq. Ona görə də heç olmasa bir-birinizə - sevmək özünüzə qalsın, onsuz da bacarmırsınız - bir-birinizə heç olmasa rəhm eləyin...

F. Uğurlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
Mənbələr
Şərh ()
Bağla