AZ

Azərbaycan hər zaman Almaniya ilə əməkdaşlığa müsbət yanaşıb - AÇIQLAMA

"Almaniya son dönəmlər Azərbaycanın xarici siyasətində xüsusi önəmə sahib ölkədir".

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.

Ekspert bildirib ki, Azərbaycan Avropa ölkələri ilə əlaqələrə hər zaman önəm verib, o cümlədən Almaniya ilə əməkdaşlığa müsbət yanaşıb:

"Avropanın iki böyük ölkəsindən biri Almaniyadır. Digəri isə Fransadır. Fransa ilə münasibətlərimiz bəllidir. Əslində Avropa qurumları ilə də əlaqələrimizdə problemlər mövcuddur. Müəyyən gərginliklər var. Bu gərginlikdən çıxmaq və Avropa ilə əlaqələri normallaşdırmaq üçün böyük iqtisadi gücə malik Almaniya ilə əlaqələrin sıxlaşdırılması tamamilə doğru düşünülmüş addımdır”.

Politoloq deyib ki, Qərbin Azərbaycandan müəyyən istəkləri var idi. Onlar Ermənistanla sülhün bağlanmasını, sərhədlərin müəyyənləşməsini istəyirdilər. Azərbaycanın isə bu məsələlərlə bağlı müəyyən şərtləri var idi:

“Məsələn, Qazaxın 4 kəndinin qaytarılması, sərhədlərin delimitasiya və demarkasiyasının başlanması və Naxçıvana maneəsiz yolun təmin edilməsi. Artıq Azərbaycan istəklərinin müəyyən hissəsini reallaşdırıb. Ona görə də Qərb istənilən halda Azərbaycana təzyiqləri azaltmalı və münasibətləri normallaşdırmalıdır”.

Onun sözlərinə görə, rəsmi Bakı Qərbə yönəlik addımları ilə həm də göstərir ki, Azərbaycan onların iddia etdiyi kimi rusmeyilli istiqamət tutmayıb. Azərbaycandan rus sülhməramlılarının çıxarılması da ondan xəbər verir ki, biz Rusiyanın bölgədə davamlı qalmasında maraqlı olmamışıq:

“Prezident Rusiya səfərindən sonra birmənalı vurğuladı ki, Azərbaycan Avrasiya İqtisadi Birliyinə, KTMT-yə qatılmaq niyyətində deyil. Bununla da "Azərbaycan Rusiya ilə yaxınlaşır, forpost olmaq istəyir" kimi əsassız iddialar gündəmdən düşmüş oldu".

Turab Rzayev: Rəsmi Bakı Qərbə yönəlik addımları ilə göstərir ki, Azərbaycan rusmeyilli istiqamət tutmayıb

T.Rzayev vurğulayıb ki, Qərb Azərbaycanı Ermənistana hücum etməyə hazırlaşmaqda ittiham edirdi:

"Qazaxın 4 kəndinin qaytarılması və demarkasiya prosesinin başlaması göstərdi ki, Bakı qətiyyən müharibə arzusunda deyil. Təbii ki, bu cür əsassız iddiaların hamısı ermənipərəst qüvvələrin, anti-Azərbaycan dairələrin başının altından çıxmışdı. Məqsəd ölkəmizə təsir etmək, təzyiq göstərmək idi. Bu məsələlər Almaniyanın da diqqətindədir. Almaniyanın Azərbaycan və Ermənistan arasındakı sülh prosesində iştirakı ilk dəfə deyil. İki ölkənin rəhbərləri Münhen Təhlükəsizlik Konfransı çərçivəsində bir neçə dəfə görüşlər keçiriblər, müəyyən təmaslar olub. Bunun davamının gələcəyi gözlənilən idi və hazırda o baş verməkdədir. Prezidentin Almaniya səfərində önəmli məqamlardan biri də ölkə rəhbərinin Berlinə Füzuli hava limanından getməsi idi. Daha əvvəl Şuşaya, Ağdama gəlməyən səfirlərin təmsil etdikləri ölkələrin birbaşa Füzuli hava limanından qaxlmış təyyarəni qəbul etməsi mühüm amil sayılır".

Aydın Baxış

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla