AZ

Qara pullar, məkrli məqsədlər...

Gürcüstan hakimiyyəti “yox”, müxalifət “hə” deyir

Qonşu Gürcüstanın paytaxtında etirazlar səngimək bilmir. Təxminən bir il bundan əvvəl Gürcüstanın vətəndaş cəmiyyətini ayağa qaldıran müvafiq qanun layihəsinin parlamentdə müzakirələrinin dayandırılması ilə etirazları səngitmək mümkün olmuşdu. Hazırda isə fərqli mənzərə müşahidə edilir. Müxalifət hakim “Gürcü arzusu” partiyası tərəfindən “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin yenidən parlamentin gündəliyinə salınmasına və bununla bağlı müzakirələrə başlanılmasına qarşıdır. Rəsmi Tbilisi isə bu dəfə geri çəkilmək və sözügedən qanun layihəsinin parlamentdə müzakirələrini dayandırmaq niyyətində deyil. Buna görə də paytaxtın küçələrində, xüsusilə də parlament binasının qarşısında, Rustaveli prospektində permanent aksiyalar keçirilir. Növbəti daha genişmiqyaslı aksiya aprelin 28-də baş tutub. Tbilisidəkı Respublika meydanında keçirilən

mitinqdə 126 ictimai təşkilat və media qurumunun 10 minədək üzvü iştirak edib. Həmçinin verilən məlumatlara görə, parlament binasının qarşısına xüsusi təyinatlı qüvvələr yerləşdirilib.

Tbilisini çalxalayan qanun layihəsi özündə nəyi ehtiva edir?

Aksiya iştirakçıları hakim “Gürcü Arzusu-Demokrat Gürcüstan” partiyasının parlamentə təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz olaraq hakimiyyətlə əməkdaşlığı dayandırdıqlarını bildiriblər. Əllərində Gürcüstanın və Avropa İttifaqının bayraqlarını tutan aksiya iştirakçıları “Avropaya hə! Rusiyaya yox!” şüarları səsləndiriblər. Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası da ümumrespublika mitinqi elan edib.

Sözügedən qanun layihəsinin parlamentin müzakirələrinə çıxarılması cəmiyyətdə olduğu kimi, hakimiyyətdə də parçalanma yaradıb. Bu günlərdə hökumət rəsmilərindən və prezident Salome Zurabişvilidən bir-birini inkar edən ziddiyyətli açıqlamalar gəlməkdəddir. Gürcüstanın Baş naziri İrakli Kobaxidze qanun layihəsini birmənalı şəkildə müdafiə edir. O, bu dəfə qanun layihəsinin müzakirələrinin dayandırılmayacağını bildirib.

Hökumətin israrlı yanaşmasına rəğmən, prezident Salome Zurabişvili əks mövqedən çıxış edir. O,  etirazçıların yanında yer alır. Prezident ikinci və üçüncü oxunuşdan keçəcəyi təqdirdə qanuna veto qoyacağını vəd edib.

Bəs Tbilisini qarışdıran, Gürcüstan hakimiyyətini və cəmiyyətini iki yerə bölən qanun özündə nəyi ehtiva edir? “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsinə əsasən, illik gəlirinin 20 faizdən çoxunu xarici dövlətlərdən, beynəlxalq təşkilatlardan, Gürcüstan vətəndaşı olmayan qurum və şəxslərdən əldə edən və dövlət tərəfindən təsis edilməyən media orqanları və QHT-lər Gürcüstandakı  “xarici gücün maraqlarını güdən təşkilat” kimi reyestrdən keçməli olacaqlar. Qanun layihəsinə verilən izahata görə, xarici dövlətlərin maraqlarını güdən təşkilat anlayışını təqdim etmək və müvafiq olaraq bu qurumların qeydiyyatına başlamaq lazımdır. Həmçinin qeyd edilir ki, qanunvericilik aktı yalnız məlumat məqsədinə xidmət edir və xarici maraqların dirijoru kimi tanınacaq təşkilatların fəaliyyətini məhdudlaşdırmayacaq.

Reyestrdən keçməyənləri isə maliyyə sanksiyaları gözləyir. Lakin onun normaları fiziki şəxslərə şamil edilməyəcək. Gəlirlərinin 20 faizdən çoxu xaricdən gələn qeyri-kommersiya hüquqi şəxslər və mətbuat orqanları qanunun təsir dairəsində olacaqlar. Belə təşkilatlar hər ilin yanvar ayında Ədliyyə Nazirliyinə xərcləri haqqında bəyannamə təqdim etməlidirlər. Bu öhdəliyi yerinə yetirməsələr, 25 min lari (təxminən 9,3 min dollar) məbləğində cərimələnəcəklər. Cərimədən sonra belə bəyannamə təqdim edilməzsə, bəyannamənin vaxtı keçmiş hər ay üçün 20 min lari (təxminən 7,4 min dollar) tutulacaq.

Hakimiyyət  üçün “qırmızı xətt”

Müxalifət, prezident S.Zurabişvili və onlara dəstək verən Avropa dairələri qanun layihəsinin demokratik dəyərlərə, insan haqlarına qarşı olduğunu, şəffaflığa əngəllər yaradacağını və Gürcüstan üçün geridönüş olacağını əsaslandırmağa çalışırlar. Rəsmi Tbilisi isə mövcud vəziyyətin Gürcüstanın milli təhlükəsizliyi - hakimiyyətin “qırmızı xətti” üçün təhdidlər yaratdığını bildirir. Hakim çoxluq o qənaətdədir ki, ölkənin milli maraqlarına nüfuz edilməsinin qarşısı qəti şəkildə alınmalıdır və parlamentin müzakirələrinə çıxarılan qanun layihəsi də bu məqsədə xidmət edir. Hazırda kiçik, beş milyonluq Gürcüstanda Qərb qrantları alan qeyri-hökumət təşkilatlarının sayı əhəmiyyətli dərəcədə artaraq 10 mini ötüb. “Gürcüstan online” nəşrinin məlumatına əsasən, ABŞ və Avropadan gələn pullarla QHT-lər çoxsaylı sosial və siyasi problemləri həll edirlər. QHT-lər əsas maliyyə dəstəyini bir çox beynəlxalq təşkilatdan alırlar. Ən böyük donorlara aşağıdakılar daxildir: Corc Sorosun “Açıq Cəmiyyət”  Fondu, “Demokratiyanı Dəstəkləyən Avropa Fondu”, Amerikanın “Milli Demokratiya İnstitutu” və “Demokratiyanı Dəstəkləyən Milli Fond” (USAID və NED), Almaniya təsisatları - “Konrad Adenauer Fondu”, “Fridrix Ebert Fondu”, “Henri Bell Fondu”, “AyREKs” beynəlxalq qeyri-kommersiya təşkilatı,  “Emnesti Interneşnl”. Sorosun “Açıq Cəmiyyət” Fondu Gürcüstanda 1994-cü ildən fəaliyyət göstərir və o vaxtdan ölkəyə 100 milyon dollardan çox vəsait yönəldib. 2023-cü ildə “Avropa naminə Vahid Gürcüstan” layihəsi başlayıb. Məqsəd Gürcüstanın Avropa İttifaqına inteqrasiyasını təşviq etməkdir.  Layihənin təşəbbüskarları Konrad Adenauer Fondu (KAS),  “Gürcüstan Açıq Cəmiyyəti” Fondu (OSGF), İqtisadi Siyasət Araşdırmaları Mərkəzi (EPRC) və Azad Jurnalistlər Evidir (IJH). Layihənin maliyyələşdirilməsi üçün 33 ay ərzində 3 milyon avroya yaxın vəsait ayrılıb.

Təbii ki, böyük həcmlərdə maliyyə vəsaitləri heç də həmişə xoş niyyətlə ayrılmır. Bu gün dost Gürcüstan üçün acı reallıq ondan ibarətdir ki, cəmiyyət getdikcə daha çox dərəcədə Qərbdən gələn tezislərə uyğun davranır. Ən azından sayı getdikcə artan qeyri-hökumət təsisatları yeni maliyyə əldə etməkdən ötrü etimadı doğrultmağa çalışırlar.

Rəsmi Tbilisi suyu bulandıran ABŞ senatorlarına qarşı

Bu günlərdə ABŞ Senatının  ayrı-ayrı üzvlərinin Gürcüstanın milli maraqları ilə bir araya sığmayan açıqlamaları rəsmi Tbilisi tərəfindən ciddi etirazla qarşılanıb. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ABŞ Senatının üzvlərini sərt tənqid edib. Xatırladaq ki, ABŞ-ın senatorları hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının təşəbbüsü ilə parlamentə təqdim olunan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə əlaqədar Gürcüstan hökumətinə iradlarını çatdırıblar. Belə ki, ABŞ-ın 14 senatoru Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə müraciət ünvanlayıblar. Onlar bildiriblər ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi qəbul olunarsa, ABŞ-ın Gürcüstana qarşı siyasətində fərdi sanksiyalar, maliyyə yardımına yenidən baxılması və viza qadağasının uzadılmasını əhatə edə biləcək dəyişikliyi təşviq etməyə məcbur olacaqlar.

Parlamentin sədri Şalva Papuaşvili isə bildirib ki, ABŞ Milli Demokratiya Fondu Gürcüstanda konkret olaraq nəyi maliyyələşdirdiyini açıqlamır. Amerika büdcəsindən Gürcüstana gələn pulların hara və hansı məqsədlər üçün xərcləndiyi ictimaiyyətə izah olunmalıdır. “Konqres və ya Senat müraciət etməkdənsə, Amerika büdcəsindən Gürcüstana gələn pulların nəyə xərcləndiyini ictimaiyyətə açıqlamalıdır. Pulların nəyə xərcləndiyi bu günə qədər gizlədilir və biz təsadüfən onu özümüz tapırıq. Amerika vətəndaşlarının pullarının partiyaları, radikal və dezinformasiya qruplarını maliyyələşdirmək üçün dairəvi şəkildə xərcləndiyini görürük. Nəticədə də bu, Amerikanın Gürcüstanla dostluğuna kölgə saldığını göstərir”, - deyə, Ş.Papuaşvili vurğulayıb.

Qaranlığın tərəfində olan Avropa Parlamenti

Hazırda ayrı-ayrı Avropa təsisatlarının milli dövlətlərə qarşı siyasi təzyiq aləti qismində istifadə olunduğu acı reallıqdır. Bu qəbildən olan təsisatlar arasında  Avropa Parlamentinin (AP) adı ön sırada gəlir. Sözügedən təsisat Tbilisi hadisələrində də xüsusi canfəşanlığı ilə diqqət çəkir. Bu günlərdə qurum Gürcüstanla bağlı qərəzli qətnamə qəbul etməsi ilə gündəmə gəlib. AP-nin divarları arasında qəbul olunan qətnamə hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası tərəfindən ciddi tənqid olunub. Sənəd, əsassız və qərəzli hesab edilib. Hakim partiyanın baş katibi, Tbilisi şəhərinin meri Kaxa Kaladze brifinq keçirərək məsələyə münasibət bildirib.

K.Kaladze deyib ki, Avropa Parlamentinin deputatları müzakirə edilən şəffaflıq qanununun əksinə olan qətnaməni qəbul etməklə birbaşa qeyri-şəffaflığın və qaranlığın tərəfində olduqlarını göstəriblər. “Avropa Parlamentinin deputatları biabırçı qətnamə ilə bizi şəffaflıq haqqında qanunu rədd etməyə çağırırlar. Onların istəyi gizli şəkildə ölkəmizə “qara pul” yeritməkdir. Bu pullar sonradan ölkəmizə qarşı destruktiv fəaliyyətə sərf olunur. Paradoksdur, amma bu qətnaməni dəstəkləyən deputatlar qeyri-şəffaflığın, qaranlığın tərəfində dayanırlar. Bu da yaxın gələcəkdə Avropa İttifaqının özünün xarici maliyyələşdirmə ilə bağlı daha sərt qanun qəbul edəcəyi fonunda baş verir. Qətnamədəki bu qeydlə onlar bizə birbaşa bildirdilər ki, onların etdikləri bizə haramdır”, - deyə Kaladze bildirib.

Fikirlərinə davam edən K.Kobaxidze qurumun ünvanına daha kəskin ifadələr işlədib. Qətnaməni “tullantı kağız” adlandıran hakim partiyanın rəsmisi vurğulayıb: “Bu tullantı kağızı dəstəkləyən deputatlar bir daha Avropa institutunu və azadlıq, bərabərlik, şəffaflıq və həqiqət üzərində qurulan Avropa ideyasını təhqir etdilər” - deyə Kaladze vurğulayıb.

O, Avropa Parlamentinin hakim “Gürcü Arzusu” partiyanın yaradıcısı və fəxri sədri Bidzina İvanişviliyə qarşı impiçment tələb etməsini də absurd adlandırıb. Baş katib Avropa Parlamentinin Gürcüstanla viza rejiminə yenidən baxmaq təklifinə də münasibət bildirib. Qeyd edib ki, Avropa Parlamentinin qətnaməsindəki “vizanın liberallaşdırılmasına yenidən baxılması” məsələsi absurddur. Onun sözlərinə görə, bu absurdun məqsədi hansısa yolla əhali arasında ajiotaj yaratmaq, ictimaiyyəti çaşdırmaq, daha sonra isə bu məsələni böyütməkdir. “Bu prosesin başlanması üçün Aİ-yə üzv olan 27 ölkənin razılığı lazımdır. Xoşbəxtlikdən, Avropa bürokratiyasında hələ də sağlam siyasi qüvvələr var ki, onlar belə biabırçı addımı atmayacaqlar” - deyə, Kaladze vurğulayıb.

Mübariz ABDULLAYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla