AZ

Belarus Avropa çempionatının oyunlarını qanunsuz yayınlayacaq

Avropa çempionatının startına iki aydan az vaxt qalıb.

“Köhnə qitə”də və ondan kənarda teleyayınla bağlı məsələlərin son detalları həll edilir. Almaniyada bu yay təşkil ediləcək nəhəng turnir ərəfəsində diqqəti cəlb edən məqamlardan biri Belarusla bağlıdı. Matçları bu ölkənin futbolsevərləri də izləyəcəklər. Amma oyunlar qanunsuz yayınlanacaq.

UEFA-nın qadağasına məhəl qoyulmayacaq
Məsələnin detalları artıq rəsmən açıqlanıb. Belarus Respublikasının İnformasiyalar Nazirliyi yerli telekanallara AÇ-2024-ün matçlarını UEFA ilə razılaşmadan ekranlara daşımaq hüququ verib. Bu barədə Milli Huquq sahəsini işıqlandıran internet portalının məlumatında qeyd edilib. Nazirlik mülkiyyət hüququ qitə futbol qurumuna məxsus olan məhsulun ölkə ərazisində istfadəsinə razılıq verib. Daha UEFA-nın zəruri sayılan razılığını almağı lazım bilməyib. Səbəb kimi “Belarus vətəndaşlarının dünya mədəniyyətinin nailiyyətlərinə əlçatanlığını təmin etmək” göstərilib.
Yeri gəlmişkən, bu hal postsovet məkanından olan ölkə üçün yeni deyil. Bir müddət əbbəl Belarusda çimərlik futbolu üzrə dünya çempionatının da analoji şəkildə yayınlanmasına icazə verilmişdi.

Qadağaya sanksiya səbəb olub
Bilindiyi kimi, Belarus Ukraynaya 2022-ci ilin fevralında hərbi təcavüz edən Rusiyanı dəstəklədiyi üçün bu ölkənin bir çox sahələri müxtəlif qadağalara məruz qalıb. Teleyayın sahəsi də istisna deyil. Avropa İttifaqının 6-cı sanksiyalar paketini bəyan etməsindən sonra - 2022-ci ilin yayında “Belteleradio” şirkəti Avropa Yayınları İttifaqından (EBU) çıxarılıb. Nəticədə “Avroviziya” mahnı müsabiqəsinin Belarus ərazisində yayınına, Avropa İttifaqının ərazisində baş verən hadisələrlə bağlı hadisə yerindən hazırlanan xüsusi xəbərlərin və təsvirlərin verilməsinə qadağa qoyulub, “Belteleradio” şirkətinin əməkdaşları isə EBU Akademiyasında təhsil almaq hüququnu itiriblər.
Onda EBU 18 idman növü üzrə yarışların yayın hüququna malik idi. Qadağalar çox sayda turnirin Belarus ərazisində sərbəst şəkildə izlənməsinin qarşısını aldı. Sanksiyalar altına düşən futbol matçları FİFA və UEFA-nın təşkil etdyi yarışlara aid idi. “Belteleradio”nun rəhbəri İvan Eysmont qadağalara belə reaksiya vermişdi: “Qərbdə Belarus sakinlərinin Avropa futboluna tamaşa etməsini istəmirlər? Vətəndaşlarımız bundan sonra yerli və Rusiya futbolunu izləyəcək, bizim himnlərimizi dinləyəcək və bayraqlarımıza baxacaqlər. Öz ölkələrinə və bizim müttəfiqlərimizə daha yaxın olacaqlar”.
Eysmont 2023-cü ilin payızında məlum mövzuda belə açıqlama vermişdi: “Belteleradio” şirkəti Çempionlar Liqasının oyunlarını göstərməyəcək, bizim bu layihəni ölkə ərazisində reallaşdırmaq hüququmuz yoxdu, ona görə ki, tenderdə iştirak etməmişik. Hələ ki AÇ-2024 haqda düşünməmişik. Amma mənə elə gəlir ki, bu yarış da ölkə ərazisində görünməyəcək. Bu haqda məsələ hələlik müzakirə olunmayıb”.
Şirkətin rəhbəri Belarusun DÇ-2022-ni nə üçün yayınlaya bilmədiyinə də aydınlıq gətirmişdi: “Düzünü desəm, belə tərəfdaşlarla ümumi iş qurmaq istəmirik. Çünki əvvəlki bir neçə yarış üçün ilkin ödəniş etsək də, pulumuzu geri ala bilməmişdik. Başqa sözlə, bizim vəsait mənimsənilib. Sözün düzü, belə münasibət bizim avropalı tərəfdaşlarımızın ruhundadı. Son illər onlarla iş görmək təhlükəli biznesə çevrilib. Ziyana düşdüyümüz məbləğ isə heç də az deyil”.

Bəs Rusiyada vəziyyət necədi?
AÇ-2024-ün Rusiya ərazisində yayınlanmasına qadağa qoyulmayıb. UEFA-nın nümayəndələri martda qitə çempionatını bu ölkədə işıqlandırmaq hüququnun “Telesport Group” şirkətinə məxsus olduğunu bəyan ediblər. Teleyayın hüququna hansı kanalın sahib çıxması ilə bağlı rəsmi məlumat yayılmayıb. Buna baxmayaraq, şayiələrə görə, “Матч ТВ” bütün oyunları ekranlara daşımağı planlaşdırır. “Телеспорт” və adı çəkilməyən üç telekanalın mövzu ilə bağlı açıqlama verməkdən imtina etdiyini də bildirək.
Sonda qitə çempionatının iyunun 14-dən iyulun 14-nə qədər keçiriləcəyini xatırladaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla