AZ

Övlada nənə-babanın adını qoymaq hansı problemlərə səbəb olur? – VİDEO

İnsan doğulmadan öncə valideynləri, yaxınları ona ad seçirlər. Məşhur dastandakı kimi ad qazanmaq üçün müəyyən il yaşayıb, qəhrəmanlıq göstərməyə ehtiyac yoxdur. Tarixdə öz qəhrəmanlığı ilə yadda qalan insanların adları da valideynlərin istəyi ilə körpələrə qoyulur.

Həmçinin, nənə və babanın adını nəvəyə vermək adəti çox yayılıb. Körpələr bəzən həyatda olan nənə və babaların, bəzən isə dünyadan köçənlərin adlarını daşıyırlar. Ailədə vaxtsız vəfat edən birinin adını da uşaqda yaşatmaq adəti mövcuddur. 

Bəs bunun uşaqların psixologiyasına nə kimi təsiri var?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Gülnar Orucova deyib ki, körpəyə baba adının verilməsini çox vaxt qayınanalar istəyir:
 

MÖVZU İLƏ BAĞLI:

Doğum sayının azalması ilə bağlı QORXUNC STATİSTİKA – Bizi hansı fəsadlar GÖZLƏYİR?


“İnsan övladına qoyacağı adı xüsusi seçməlidir. Bu gün bəzi qayınanalar istəyirlər ki, nəvələrinə vəfat etmiş həyat yoldaşının adını versinlər. Bəzən də dünyasını dəyişməyən baba və nənələrin adı uşaqlara verilir. Ümumiyyətlə, hər bir övladı ana min bir əziyyətlə dünyaya gətirir. Övladına ad qoymaq da onun haqqıdır. Buna da biz istər valideyn, istərsə də insan kimi hörmətlə yanaşmalıyıq”.

Psixoloq hesab edir ki, ad insanın həyatında heç nəyi dəyişməsə də insan gələcəkdə o adların təsirinə düşə bilir:

“Bəzən körpələrə qoyulan adlara görə uşaqlar özgüvən əskikliyi yaşayır, adlarını deyəndə utanır, çəkinirlər. Adlarını təkrar soruşanda aqressivləşirlər. Sovet dönəmində sovet, kombayn kimi adlar qoyulurdu. İndi də qəribə adlar qoyurlar. Hətta gündəlik yaşamda istifadə edilən əşya adlarını da uşaqlara qoyanlar var.

Addakı hərflərin, sait səslərin belə insanın həyatına təsiri var. Ona görə də insan ad qoyanda mütləq o adı seçməlidir. Biz ölmüş insanın adını öz övladımıza qoyuruq. Gələcəkdə o insandan övladımıza keçən hər hansı xüsusiyyət, hər hansı dönüşlər olur. Baxırıq ki, bu, həmin insanda da olmuşdu. Sanki ad bəzi məqamları da ötürür”.

O, hər il uşaqlara çox sayda qoyulan adların qadağan olunmasının tərəfdarıdır:

“Bəzən uşaqlara qəhrəmanların adını qoyurlar, uşaq da həmişə ona bənzəmək istəyir. Uşaq öz həyatını yaşamaqdan çox ona uyğun olmaq arzusunda olur. Statistikaya baxanda dini adlar, Məhəmməd, Əli, Fatimə, Zəhra kimi adların artdığını görürük. Bu adların çoxalması gələcəkdə həmin soyadların da çoxalmasına, eyni soyadlı insanların ortaya çıxmasına səbəb olur. Sayları çox olduğuna görə bu adların qoyulması müəyyən qurumlar tərəfindən qadağan olunmalıdır. 

Uğur, cəsur kimi adlar uşaqları hərəkətləndirir. O elə bilir ki, adına uyğun  olaraq hər yerdə uğurludur, amma uğursuzluğa da düçar ola bilər. Yəni ad uğur yox, uğursuzluq da gətirə bilər”.

Günay Şahmar, Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
1
Mənbələr
Şərh ()
Bağla