AZ

QDİƏT PM-nin komitə iclasında...

Azərbaycan yeni enerji layihələrinin fəal təşəbbüskarıdır 

Azərbaycan üzv olduğu beynəlxalq təşkilatlar çərçivəsində fəal siyasət həyata keçirir. Bu baxımdan, ölkəmiz Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində də (QDİƏT PM) fəal təmsil olunur. Qeyd edək ki, 27-28 aprel tarixlərində Türkiyənin Zonquldaq şəhərində QDİƏT PM-nin İqtisadi siyasət və inkişaf komitəsinin 62-ci iclası keçirilib. İclasda “QDİƏT-ə üzv dövlətlər arasında enerji resurslarının ticarəti sahəsində əməkdaşlıq” mövzusunda məruzə müzakirəyə çıxarılıb. 

Tədbirdə Azərbaycanı Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu təmsil edib. Elşad Mirbəşiroğlunun “Yeni Azərbaycan”a verdiyi məlumata görə, komitənin iclasında təşkilata üzv ölkələrin nümayəndələri  enerji sahəsində əməkdaşlıqla bağlı fikirlərini söyləyiblər. 

Elşad Mirbəşiroğlu: Azərbaycan yeni enerji layihələrinin fəal təşəbbüskarı kimi çıxış edir 

İclasda çıxış edən E.Mirbəşiroğlu Azərbaycanın qlobal xarakterli bir sıra enerji layihələrinin təşəbbüskarı və iştirakçısı olduğunu bildirib. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Onun sözlərinə görə, müzakirə edilən məruzədə də Azərbaycanın enerji siyasətinin önəmi vurğulanır,  Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji kəmərlərinin  vacibliyi qeyd edilir. Bu gün isə Azərbaycan yeni enerji layihələrinin həyata keçirilməsinin fəal təşəbbüskarı rolunda çıxış etməkdədir. Bu konkekstdə millət vəkili xüsusilə, alternativ enerji sahəsində görülən işlərdən bəhs edib. O, diqqətə çatdırıb ki, Azərbaycan bərpaolunan enerji mənbələrinin yaradılması istiqamətində mühüm addımlar atır. Yaşıl enerji ixracı sahəsində də ardıcıl işlər görülür. COP29-un ölkəmizdə keçirilməsi bu baxımdan böyük önəm kəsb edir.  İclasda Azərbaycanın region ölkələrinin iştirakı ilə, xüsusilə Türkiyə və Gürcüstanla əməkdaşlıq şəraitində alternativ enerji sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Bu da ölkəmizlə  enerji sahəsində həm əməkdaşlıq imkanlarını, həm də tərəfdaşların sayını genişləndirir. Bütövlükdə, E.Mirbəşiroğlu hesab edir ki, komitənin 62-ci iclas çərçivəsində çox səmərəli müzakirələr aparılıb və Azərbaycanın enerji sahəsində verdiyi qlobal töhfələrin əhəmiyyəti vurğulanıb.

İclas çərçivəsində, həmçinin nümayəndə heyətləri üçün ekskursiyalar da təşkil olunub. Zonquldaqda yerləşən Qara dəniz bölgəsinin ən böyük enerji-qaz terminalı ilə tanışlıq və dağ-mədən sahəsində görülən işlərə baxış keçirilib.

Fatih Dönmez: Cənubi Qafqazda uzunmüddətli sülh və sabitlik regional təhlükəsizliyin vacib prioritetləridir

Qeyd edək ki, komitənin iclasında Cənubi Qafqaz regionunda sülh və əməkdaşlıq məsələsi haqqında da fikir və rəylər səsləndirilib. Türkiyənin QDİƏT PM-də nümayəndə heyətinin rəhbəri Fatih Dönmez bildirib ki, Cənubi Qafqazda uzunmüddətli sülh və sabitlik regional təhlükəsizliyin vacib prioritetləridir. İkinci Qarabağ müharibəsinin nəticəsi bu məqsədə çatmaq üçün münasib imkanlar yaradıb. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh sazişinin olmaması Cənubi Qafqazda sülh yolunda əsas maneədir. “Türkiyə sülh sazişi layihəsi üzrə fikir ayrılıqlarının (Bakı ilə İrəvan arasında - red.) aradan qaldırılmasına töhfə verməyə çalışır”, - deyə Türkiyə nümayəndə heyətinin rəhbəri bildirib.

Eyni zamanda, o, ABŞ, Avropa İttifaqı (Aİ) və bir sıra Qərb ölkələrinin Cənubi Qafqazdakı proseslərə münasibətini balanslaşdırılmamış və birtərəfli adlandırıb. “Avropa İttifaqı ölkələri, Amerika Birləşmiş Ştatları və bəzi digər Qərb dövlətləri Azərbaycan və Ermənistan arasındakı fikir ayrılıqları məsələsində obyektivlikdən uzaqdırlar. Tərəflərdən birinin mövqeyini dəstəkləməklə, digər dövlətin narahatlığına məhəl qoymurlar və bu, şübhəsiz ki, Türkiyənin də narazılığına səbəb olur. Bu münasibət Cənubi Qafqazda problemlərin həllinin açarına çevrilməli olan qərəzsizlik və bütün tərəflərin mövqeyinin nəzərə alınması prinsiplərinə ziddir”, - deyən Dönmez qeyd edib ki, Qərb ölkələrinin yanaşmaları regionda sülh proseslərini ləngidə bilər. O bildirib ki, Ankara bundan sonra da bütün regionda, o cümlədən Yaxın Şərqdə və Ukraynada ziddiyyətlərin, münaqişələrin həllinə töhfə verməyə çalışacaq.

Xatırladaq ki, QDİƏT çərçivəsində ölkəmiz bir sıra tədbirlərə də ev sahibliyi edib. Məsələn, aprelin 22-də Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Dövlət Turizm Agentliyi və QDİƏT-in birgə təşəbbüsü ilə təşkilata üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşü keçirilib. Görüşdə Azərbaycan, Türkiyə, Rusiya, Albaniya, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Serbiya və Ukrayna daxil olmaqla təşkilatın 11 üzv ölkəsindən rəsmi dövlət nümayəndələri və turizm təhsili müəssisələrinin təmsilçiləri, eləcə də BMT-nin Ümumdünya Turizm Təşkilatının nümayəndələri iştirak edib.

Görüş çərçivəsində “Hökumət, akademiya və sənayenin əlaqələndirilməsi: Turizm təhsilində ən yaxşı təcrübələr”, “Kurikulum dizaynı: Sabahın ehtiyacları üçün turizm təhsilinin təkmilləşdirilməsi” mövzularında panel diskussiyalar, həmçinin “Turizm təhsilində keyfiyyət təminatı və akkreditasiya” mövzusunda dəyirmi masa keçirilib. Müzakirələr zamanı əsas əməkdaşlıq sahələrinin və tərəfdaşlıq imkanlarının müəyyən edilməsi, əməkdaşlığın təşviqində problemlər və potensial həll yollarının müzakirəsi, məzunların turizm sektorunun tələblərinə hazır olmalarını təmin etmək yolları, sənayedəki trendlərin təhlili və onların təlim proqramlarına daxil edilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.Tədbirin yekununda “Bakı Bəyannaməsi” qəbul edilib.

Nardar B.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla