AZ

Bir ayda ikinci zəng...

Azərbaycanın mövqeyi beynəlxalq aləm üçün  xüsusi əhəmiyyətə malikdir

ABŞ Dövlət katibi əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb

Ötən ilin dekabrından başlayaraq Ermənistan ilə Azərbaycanın delimitasiya və demarkasiya üzrə müvafiq dövlət komissiyalarının intensiv görüşləri öz bəhrəsini verməkdədir. 2023-cü ilin dekabrın 7-də yayılmış birgə bəyanat, 2024-cü il aprelində isə 4 kəndin qaytarılması ilə bağlı əldə olunan razılaşma, sülh prosesinə dinamizm qazandırmaq üçün planlaşdırılan məsələlər onu göstərir ki, Azərbaycanın təşəbbüsü ilə meydana çıxmış ikitərəfli görüşlər mühüm nəticələr vəd edir. Artıq vasitəçisiz olaraq münasibətlərin normallaşması prinsipləri müzakirə edilir, ortaq nöqtələrin tapılması üçün real addımlar atılır. Buna ən real misal isə yaxın zamanda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin Almatıda görüşünün planlaşdırılmasıdır. Bəlli olduğu kimi, görüşlə bağlı artıq tərəflər öz mövqelərini bəyan ediblər. Bu kimi görüşlər isə Cənubi Qafqazda yeni siyasi-iqtisadi, ən əsası isə ticari situasiyanın formalaşmasına yol açan amillərdən sayılır. 

Cənubi Qafqazı gözləyən perspektiv...

Bu gün ölkəmizin Cənubi Qafqazın ümumi inkişaf tempinin daha da sürətlənməsi, əməkdaşlıq platformalarının genişləndirilməsi işində oynadığı rol əvəzsizdir. Cənubi Qafqazın stabil və sabit məkan kimi şöhrət tapması, tanınması qlobal layihələrin bizim coğrafiyada təşəkkül tapmasını təmin edən mühüm faktlardan birinə çevrilmə imkanını formalaşdırır. Bu isə prosesin beynəlxalq miqyasda diqqətlə izlənilməsini təmin edir. Təsadüfi deyil ki, bölgədə stabilləşdirici faktor kimi tanınan Azərbaycanın mövqeyi beynəlxalq aləm üçün xüsusi əhəmiyyətə malikdir - bu məqam, bütün detalları ilə ortadadır. Azərbaycanın son antiterror tədbirləri ilə yaratdığı mənzərə regionun gələcəyinin yeni inkişaf strategiyası, hətta yol xəritəsi sayılır və qəbul edilir - hətta böyük güclər Cənubi Qafqaz ölkələrinin bu yeni inkişaf strategiyasını yaxından təqib edir, onun bütün ştrixlərini nəzərə alırlar. Regionda reallaşmış tarixi layihələr - Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz kimi mühüm layihələrin yeni mahiyyətdə diversifikasiya edilməsi Şərq - Qərb ticari xəttinə yeni rənglər qazandıracaq. Ölkəmizin yaratdığı yeni mərhələ isə bu inkişafı daha da irəliyə daşımaq əzmindədir. Bu amil isə bütün böyük dövlətlər tərəfindən qəbul edilir. Təsadüfi deyil ki, aprel ayı ərzində ABŞ-ın Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə iki dəfə zəng edib. 

Sülh gündəliyinin irəliyə aparılması üçün... 

Aprelin 28-də edilən zəng zamanı Antoni Blinken, ilk növbədə, Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb, bunun ABŞ tərəfindən təqdir edildiyini vurğulayıb. Dövlət katibi ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəli aparılması üçün bundan sonra da dəstək göstərməyə hazır olduğunu bildirib. Dövlətimizin başçısı iki ölkənin delimitasiya komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsi olduğunu qeyd edib. Prezident İlham Əliyev delimitasiya prosesinin ardınca iki ölkənin sərhədində artıq demarkasiya işlərinin başlanmasının da müsbət bir addım olduğunu vurğulayıb. 

İkitərəfli təmasların verdiyi nəticələr göz gönündədir - illərdir ki, Ermənistanın ortaya qoyduğu qeyri-konstruktiv mövqe bölgənin sabit və davamlı inkişafına ən böyük maneə qismində çıxış edib. Halbuki, Azərbaycanın mövqeyi aydın və şəffafdır. Artıq “Qarabağ problemi” adlı bir məsələ yoxdur və bu mənada yeganə həll olunası məsələ məhz münasibətlərin normallaşması, sərhədlərin müəyyənləşdirilməsidir. Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanla hər hansı bir müzakirədə kimlərinsə iştirakına ehtiyac yoxdur. Dövlətlər ikilikdə də danışıb bütün suallara aydınlıq gətirə bilər. Son proseslər bu fikri qəti şəkildə təsdiqlədi. Çünki tənzimləmə üçün beynəlxalq hüquq və əsas götürülən sənədlər kifayət edir - fərqli maraq, fərqli müdaxilə isə yalnız və yalnız problemlər yarada bilər. Məsələn, Fransanın timsalında Ermənistanı sülhdən yayındıran bəzi qüvvələrin qeyri-adekvat davranışları indiyə qədər müsbət implusların əldə olunmasını istisna edirdi. O baxımdan, hazırki situasiya bir daha təsdiqləyir ki, məsələnin birdəfəlik həlli üçün Ermənistan mütləq siyasi iradə nümayiş etdirməli, prosesdə müstəqil iştirak etməlidir. 

Sülh müqaviləsinin əsasını təşkil edən 5 prinsip...

Telefon danışığı zamanı dövlətimizin başçısı sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcəklərini bildirib. Sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarının Azərbaycan Respublikası olduğunu xatırladan Prezident İlham Əliyev ölkəmizin sülh gündəliyinin bundan sonra da davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb və Azərbaycanın bu xüsusda qəti siyasi iradəyə malik olduğunu qeyd edib. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəkləyir.

Bəli, Azərbaycanın hələ 2022-ci ilin martında irəli sürdüyü məsələlər bu və ya digər şəkildə bu gün Ermənistanın siyasi rəhbərliyi tərəfindən təsdiqlənir. Belə ki, Azərbaycanın irəli sürdüyü 5 baza prinsipinin birincisi dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanımasıdır. Bu məsələ həm BMT-nin təməl prinisiplərinə, həm də digər beynəxalq qanunvericiliyə əsaslanır. Ermənistan Azərbaycanın beynəlxalq aləm tərəfindən qəbul edilən sərhədlərinin toxunulmazlığını tanımalıdır. Bu, amil Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində ən mühüm addım sayıla bilər. Aprelin 19-da əldə olunan razılaşma isə bu detalın qarşıdakı mərhələdə tam və praktik şəkildə həyata keçəcəyini deməyə əsas verir. Digər bir prinsip isə, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. 200 ilə yaxındır ki, Azərbaycana qarşı əsassız torpaq iddaları irəli sürən, işğal siyasəti aparan Ermənistan artıq bu iddialarından geri durmalıdır. Onlar anlamalıdırlar ki, bu cür xəstə təfəkkürə söykənən əsassız iddialar iki xalqın arasında münasibətlərin kəskinləşməsi ilə yanaşı, normal qonşuluq münasibətlərinin yaranmasına da mane olur. Burada da ikitərəfli təmasların rolu böyük ola bilər - məsələn, sərhədlərin müəyyənləşməsi məsələsi Ermənistanın gələcəkdə hər hansı bir əsassız iddia səsləndirməsinin qarışısını alacaq hüquqi sənəd qismində çıxış edəcək. Üçüncü baza prinsipi isə dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinməkdir. Bundan başqa, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, o cümlədən, nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması da ikitərəfli münasibətlərin normallaşması üçün nəzərdə tutulan baza prisipləri arasında yer alır. Bu müddəalara nəzər saldıqda məlum olur ki, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Bu, qarşıdakı dövrdə ölkələr arasında normal münasibətlərin qurulmasına da stimul verən amilə çevrilər. Yəqin ki, Qazaxıstanda baş tutacaq danışıqlar prosesinin növbəti və yeni raundundan sonra bu və ya digər məsələlərin qısa zamanda reallaşmasının da şahidi ola biləcəyik. 

Beləliklə, sülhün imzalanmasına bir addım qalmış mənzərə təxminən bu formadadır - Azərbaycan dünyanın yeni iqtisadi münasibətlər sistemində özünəməxsus yerə malik olan Cənubi Qafqaz platformasının inşasını uğurla davam etdirir, bu yolda ortaya çıxan maneələri aradan qaldırmaq üçün bütün diplomatik, iqtisadi, siyasi rıçaqlarından istifadə edir. Verilən bəyanatlar, səsləndirilən fikirlər bu prioritetin nə qədər ciddi olması ilə yanaşı, uğur qazanma ehtimalının da böyüklüyünü ortaya qoyur. Bu əməkdaşlıq mühiti isə Cənubi Qafqaz üçün təhdid yaradan ayrıcı xəttlərin birmənalı şəkildə aradan qalxmasını da təmin edəcək...

Əməkdaşlıqdan məmnunluq ifadə olunub...

Dövlət katibi Antoni Blinken ABŞ ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin gücləndirilməsi üçün ölkəsinin niyyətini ifadə edərək enerji, iqlim, nəqliyyat, COP29 sahələrində əməkdaşlıq məsələlərini qeyd edib. Dövlətimizin başçısı da öz növbəsində Azərbaycanın ABŞ ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb. Telefon söhbəti zamanı COP29 çərçivəsində Azərbaycan və ABŞ nümayəndə heyətləri arasında əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Ümumiyyətlə, Azərbaycanın Cənubi Qafqaz üçün müəyyənləşdirdiyi mühüm gələcək potensialı həm də çoxşaxəliliyi ilə seçilir - burada ənənəvi iqtisadi imkanlar, tranzit - logistika seqmenti, daşımaçılıqla yanaşı, yeni qlobal çağırışlar da yer almaqdadır. Bu ilin sonunda Bakıda baş tutacaq COP29 Azərbaycanla yanaşı, bölgənin yaşıl inkişafında yeni bir mərhələ sayılır. Sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarın yekdilliklə dəstəklənməsi isə mühüm əhəmiyyətə malikdir. Azərbaycana növbəti dəfə inanılıb və hörmət göstərilib. Bu, son dərəcə böyük etimaddır. Dünya birliyinin respublikamıza bu böyük etimadı göstərməsi isə heç də təsadüfi deyil. Bu, bir tərəfdən Azərbaycanın apardığı siyasət, digər tərəfdən isə ölkəmizin müsbət reallıqları ilə bağlıdır. Xüsusi vurğulanmalıdır ki, hətta Ermənistan da COP29-a Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı razılığını bildirmişdi. Dekabr ayında iki dövlətin müvafiq strukturlarının birgə bəyanatında bu məqam vurğulanırdı. Beləliklə, payızda baş tutacaq COP29 bölgə üçün xüsusi özəlliyi ilə də seçilə bilər - məsələn, o zaman qədər iki dövlət arasında əldə olunacaq sülh yaşıl dünya imknlarını və çağırışlarını daha da irəliyə daşımaq üçün perspektiv formalaşdırır. Bunun üçün imkanlar mövcuddur. 

İnsan hüquqlarının qorunması... 

Antoni Blinken son zamanlarda Azərbaycanda insan haqları ilə bağlı atılmış addımları müsbət qiymətləndirərək, bunun davamlı olması ilə əlaqədar arzusunu da ifadə edib. Prezident İlham Əliyev Azərbaycanın insan hüquqları sahəsində öhdəliklərinə sadiq olduğunu və ölkəmizdə demokratik islahatların davam etdirildiyini diqqətə çatdırıb.

Azərbaycanın insan hüquq və azadlıqları kontekstində nə qədər ciddi və prinsipial mövqedə olması bütün dünya üçün açıq məsələdir. Ölkəmizdə fundamental insan hüquq və azadlıqlarının qorunması üçün əsas sənəd rolunda çıxış edən ölkə Konstitusiyası mövcuddur ki, bu sənədin təxminən yarıdan çoxu insan hüquq və azadlıqlarının ayrı-ayrı kontekstlərini əhatə edir. Azərbaycan eyni zamanda, tolerantlıq nümunəsi olaraq da dünyada fərqlənir. Ölkəmizdə dini, irqi, etnik baxımdan ayrı-seçkilik yoxdur və Konstitusiya ilə bütün ölkə vətəndaşları qanun qarşısında bərabərdir. Digər tərəfdən, ölkəmizdə söz və mətbuat azadlığının mövcud olması Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunur. Bir sözlə, ölkəmizdə fundamental insan hüquq və azadlıqları qanunvericiliyin tələbləri əsasında yüksək səviyyədə təmin edilir. Ölkəmiz insan hüquqlarının qorunması prinsiplərini özündə ehtiva edən beynəlxalq müqavilələri və konvensiyaları dəstəkləyir - BMT Baş Məclisinin 1948-ci il qətnaməsi ilə qəbul olunan “İnsan hüquqları haqqında” Ümumi Bəyannaməni dəstəkləyən Azərbaycan bu istiqamətdə götürdüyü bütün öhdəlikləri yerinə yetirib.

Azərbaycanda insan hüquq və azadlıqlarının qoruniması istiqamətində atılan addımları müsbət dəyərləndirməklə Antoni Blinken həm də ABŞ Dövlət Departamentinin 2023-cü il üzrə insan haqların dair hesabatında yer alan məqamların qərəzli olduğunu, əsl həqiqəti əks etdirmədiyini etiraf etmiş olur. Bu hesabatın təzyiq xarakteri daşıdığı bütün komponentlərindən bəlli idi - ABŞ Dövlət katibinin fikirləri isə bir daha onu göstərir ki, bu kimi hesabatlar heç də detallı şəkildə həqiqəti özündə ehtiva etmir. Başqa sözlə, bu kimi “hesabatlar” açıq ikili standartın növbəti nümunəsidir...

P.İSMAYILOV

Seçilən
100
Mənbələr
Şərh ()
Bağla