AZ

Erlinq Haland: “Daim çempionluğu düşünməklə, dəli olmaq olar”

“Mançester Siti”nin hücumçusu Erlinq Haland bu mövsüm çempionluq yarışının onun əhval-ruhiyyəsinə təsir edib-etmədiyi haqda danışıb.

Arena.az xəbər verir ki, norveçli forvard İngiltərə Premyer Liqasının 35-ci turunda “şəhərlilər”in “Nottingem Forest” üzərində 2:0 hesablı qələbəsi ilə başa çatmış oyunundan sonra bunları söyləyib:

“Nottingem Forest”in cədvəldə harada olduğunu və bizi çətin oyun gözlədiyini bilirdik. Meydan ən yaxşılardan deyildi, amma qələbəyə ehtiyacımız olanda belə şeylərdən şikayət edə bilmərik. Biz də elə, belə etdik.

Əsas odur ki, qəniməti qazanmaq uğrunda yarış haqqında düşünməyəsən, xüsusən də belə məqamlarda. Düzünü desəm, onun haqqında çox düşünsən, dəli olarsan. Ona görə də dincəlmək, zövq almaq və diqqəti növbəti oyuna yönəltmək gərəkdir”.

Qeyd edək ki, hazırda “Mançester Siti” 34 oyundan 79 xalla Premyer Liqanın yarış cədvəlində 2-ci pillədə qərarlaşıb. “Şəhərlilər” mümkün lider statusunu daşıyırlar. Premyer Liqanın zirvəsində 35 oyundan 80 xalla “Arsenal” şərti lider olaraq qərar tutub.

Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Haland “şəhərlilər”in heyətində bütün yarışlarda 40 oyuna çıxıb, 32 qol vurub və 6 məhsuldar ötürmə verib. Halandın “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 93 oyun, 84 qol, 15 məhsuldar ötürmə.

Norveçli hücumçu həmçinin İngiltərə Premyer Liqasının cari mövsümünün ən sərrast futbolçusudur – 21 qol, 5 assist.

Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olub.

Erlinq Haland 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 31 oyun keçirib. O, bu oyunlarda 27 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı norveçli hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Erlinq Halandın dünyanın ən bahalı üç futbolçusundan biri olduğu deməkdir.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla