AZ

Paşinyan üçün kritik 2 gün: “Taleyi bu tarixdə həll olunacaq...”

Ermənistan hökumətinin başçısı Putinin inauqurasiya mərasimində iştirak üçün Moskvaya getməlidir; onu 9 May paradında və Avrasiya İqtisadi Birliyinin yubiley tədbirində iştirak da gözləyir, lakin elə bir ərəfədə səfər edəcək ki...- şərh

“Rusiya prezidenti Putinin inauqurasiyası Paşinyan üçün ciddi sınaq olacaq”. “Yeni Müsavat”ın verdiyi xəbərə görə, bunu Ermənistanın Dövlət Gəlirləri Komitəsinin keçmiş rəhbəri David Ananyan “Ermənistan xəbərləri” - NEWS.am-ın müxbiri ilə söhbətində deyib. “Paşinyanın inauqurasiyaya getməsi ilə bağlı çox güman ki, qərar verilib”, - deyə qeyd edib. Ananyana görə, belə mərasimlər olan gün ölkədə gecələmək çox vacibdir və bu, həmin dövlətə dost münasibət göstərir: 

“Paşinyan yəqin ki, bir gün Rusiyada qalacaq. Əgər belədirsə, ondan sonrakı gün mayın 9-u olacaq. O zaman Qələbə bayramına da qalacaqmı? Mayın 7-dən 9-na qədər olan müddətdə davranışı Paşinyanın nə dərəcədə avropapərəst olub-olmamasını göstərəcək. Avropayönlü olmaq isə Nikolun fikrincə, antirusiyaçı olmaq deməkdir. Qısası, həmin 2 gün ərzində onun siyasi lider kimi yaxın və uzunmüddətli taleyi həll olunacaq”. Yeri gəlmişkən, Avrasiya İqtisadi Birliyinin də Moskvada toplantısı olacaq və erməni baş nazirin Rusiyaya getməməsi ağılasığmaz olardı.  

Maraqlıdır ki, andiçmə mərasimi ərəfəsində Avropa Parlamenti Rusiya əleyhinə qətnamə qəbul edib. Sənəddə Avropa İttifaqı (Aİ) ölkələri Rusiyada keçirilən prezident seçkilərinin nəticələrini tanımamağa çağırılır. Aİ-nin üstündə əsdiyi Ermənistanın rəhbəri isə Putinin andiçməsinə gedir. Bu arada kapitulyant ölkənin keçmiş müdafiə naziri, Moskvada yaşayan general Arşak Karapetyan da virtual olaraq Ermənistandakı antihökumət etirazlarına qoşulub. Üstəlik, o, “Paşinyan öz "xunta"sı ilə birlikdə mühakimə olunmalıdır, nəinki vəzifədən azad edilməlidir", - deyə onu hədələyib. Politoloq Elxan Şahinoğluna görə, 2020-ci ilin aksiyalarında hərbçilər və polislər etirazçılara qoşulmamışdılarsa, əksinə, radikallarla mübarizə aparırdılarsa, bu dəfə hərbçilərdən qopmalar baş verib ki, bu, polisə də sirayət edə bilər. Odur ki, onun fikrincə, Nikol Paşinyan taktikanı dəyişib etirazları yatırtmağa çalışmalıdır, əks təqdirdə, onun daxili və xarici düşmənləri birləşib çevriliş həyata keçirməyə çalışacaqlar.

Hər halda, Paşinyan üçün əhəmiyyətli dönəmdir. Bir yandan Rusiya səfəri, bir yandan isə ruspərəstlərin İrəvanda qarışıqlıq cəhdləri var. Paşinyanın Moskvaya səfəri çox mübahisəli ola bilər". Bunu da Rusiya Beynəlxalq Münasibətlər Şurasının eksperti Aleksey Fenenko deyib. “Ermənistanın baş naziri Qərb kuratorlarının tələbi ilə açıq şəkildə anti-Rusiya bəyanatları səsləndirməklə Moskva ilə İrəvan arasında daha da gərginlik yaradacaq addımlar ata bilər. Bu, Moskva ilə münaqişəni Ermənistan deyil, Rusiyanın başlatdığını göstərmək məqsədilə edilə bilər. Yazıda olduğu kimi: "KTMT Ermənistanı tərk etdi, Ermənistan KTMT-ni yox". Amma Nikol bunu yalnız o halda edəcək ki, Qərbdə ona real təhlükəsizlik təminatları veriləcəyinə əmin olsun", - o bildirib. Fenenkonun sözlərinə görə, Rusiyanın Ermənistana diplomatik dəstəyi getdikcə azalacaq: “Qərbin Ermənistana nə dərəcədə tam dəstək vermək istəyinin olması, məncə, hələ də böyük sualdır. Paşinyan ona tapşırılan vəzifəni - Ermənistanı KTMT-dən çıxarmağı həll etməlidir. Eyni zamanda ölkədə, o cümlədən gənclər arasında anti-Rrusiya əhval-ruhiyyəsi yaratmalıdır”.

Prezidentliyə

Fuad Əliyev

“Əgər Rusiyada andiçmə mərasiminə dəvətli olacaqsa, Paşinyan siyasi etiket və nəzakət qaydalarına uyğun olaraq ora getməlidir. O, Ərdoğanın da inauqurasiya mərasimində iştirak edib. Bundan imtina isə birmənalı şəkildə siyasi tərbiyəsizlik kimi qəbul ediləcək. Əlbəttə, Nikol istəməzdi ki, münasibətlərin gərgin dövründə Rusiyada çətin suallar qarşısında qalsın. Amma getməlidir, üstəlik, Avrasiya İqtisadi Birliyinin yubiley toplantısı da var...” - “Yeni Müsavat”a danışan siyasi ekspert Fuad Əliyev belə proqnozlaşdırır. Onun sözlərinə görə, Ermənistan lideri elə bir ərəfədə səfər edir ki, Zvartnots aeroportundan rus sərhədçiləri çıxarılır, KTMT-də iştirak “dondurulub”, spiker Simonyan Ukrayna müharibəsi ilə bağlı Rusiyanı işğalçı adlandırıb və qarşılıqlı ittihamlar da səngimir: “Amma gəlin onu da unutmayaq ki, Rusiyanı işğalçılıqda günahlandıran Ermənistan, bu ölkəyə tətbiq edilən sanksiyalardan yayınmaqda ona kömək edir. Deməli, İrəvan riyakardır. O baxımdan Nikol Moskvaya səfərində özünü diskomfort hiss etsə də, olan-qalan bu əlaqələri korlamamaq üçün getməyə məcbur qalacaq”. F.Əliyev Ermənistanda olan aksiyalarda bir qrup hərbçinin iştirakını riskli tendensiya hesab etsə də, hakimiyyətin prosesi hələ ki kontrol edə bildiyini düşünür: “Hərbi qiyam üçün Müdafiə Nazirliyinin rəhbərliyində siyasi hakimiyyətə itaətsizlik olmalıdır. Ancaq görürük ki, ölkənin müdafiə naziri Suren Papikyan Nikol Paşinyanın adamıdır və hadisələrin cızığından çıxmasına imkan verilmir. Hətta onlar hərbçi olmaya da bilər, kamfulyaj olunub aksiyada iştirak edə bilərlər. Fikrimcə, lokal xarakterli etirazlardır, bir müddət sonra səngiyəcək. O baxımdan Paşinyan Moskva səfərindən narahat olmamalıdır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
169
50
Mənbələr
Şərh ()
Bağla