AZ

Sabah Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq

Mayın 1-də Azərbaycan Mərkəzi Bankı faiz dəhlizinin parametrlərinə dair növbəti qərarını açıqlayacaq.

Marja.az xəbər verir ki, faktiki və proqnozlaşdırılan inflyasiya hədəflə (4±2%) müqayisədə aşağı olduğundan Mərkəzi Bankın növbəti dəfə də faizlərini azaldacağı ehtimalı böyükdür. Ötən iclasdan bəri illik inflyasiya tempi azalmaqda davam etmişdir. 2024-cü ilin martında 12 aylıq inflyasiya 0.4%, yanvar-mart ayları üzrə inflyasiya isə (2023-cü ilin yanvar-mart aylarına nisbətən) illik 1% təşkil etmişdir.  

Xatırladaq ki, Bundan öncə, 28 Mart 2024-cü il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7.75%-dən 7.5%-ə, faiz dəhlizinin yuxarı həddinin 8.75%-dən 8.5%-ə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdir.

31 yanvar 2024-cü il tarixində isə, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8%-dən 7.75%-ə, faiz dəhlizinin aşağı həddi 6.5%-dən 6.25%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8.75%-ə endirilmişdir.

Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya gözləntilərinin stabilləşməsi, risk balansında baş verən dəyişikliklər nəzərə alınmaqla verilmişdir.

"Pul siyasətinin yumşaldılması ilə bağlı növbəti qərarlar inflyasiyanın azalma meylinin davamlılığından, xarici və daxili mənşəli təklif və tələb amillərinin dinamikasından asılı olacaqdır. Qeyd olunan risklərin reallaşması halında pul siyasətinin ilin qalan dövründə yumşaldılması üzrə pauzanın götürülməsi imkanlarına baxıla bilər. Qarşıdakı dövrdə də makroiqtisadi göstəricilərin və faiz dəhlizinin parametrlərinin faizlərə ötürücülüyü üzrə monitorinq aparılacaqdır",- Mərkəzi Bank bəyat etmişdi.

Uçot dərəcəsi: 

29.03.2024     7.5%

01.02.2024     7.75%

21.12.2023     8.0%

02.11.2023     8.5%

04.05.2023     9.0%

30.03.2023     8.75%

02.02.2023     8.5%

Uçot dərəcəsi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
1
Mənbələr
Şərh ()
Bağla