AZ

İgityan: “Bu delimitasiya deyil, prosesi Azərbaycan diqtə edir”

“Qərb ölkələrinə görə, bu gün Ermənistanın sərhədlərində baş verənlərin hamısı müsbətdir. Çünki bu, Rusiyanın təsirinin zəifləməsinə gətirib çıxarır”.

KONKRET.az xəbər verir ki, bunu Qafqaz üzrə erməni ekspert Karen İgityan deyib.

“Tavuşdakı hazırkı prosesi delimitasiya və demarkasiya hesab etmək olmaz. Bu, birtərəfli güzəştdir. Tipik olaraq, delimitasiya və demarkasiya prosesi aşağıdakı mərhələlərdən keçir: əvvəlcə dövlətlərarası münasibətlər yaranırsa, o zaman ola bilsin ki, münasibətlərin qurulmasına dair çərçivə sənədi imzalanır; sonra delimitasiya komissiyası işləyir və yalnız onun başa çatmasından sonra torpaq üzərində sərhədlərin müəyyənləşdirilməsi aparılır. İndiki proses, gördüyümüz kimi, alt-üst edilib. Bu anormal bir prosesdir; heç bir yerdə belə baş vermir. Proses İlham Əliyevin birbaşa dediyi kimi, Azərbaycanın diqtəsi ilə gedir”, – İgityan “Trigger” verilişində deyib.

Niyə bu halda Ermənistan bu məsələdə kənardan dəstək almır, Qərb isə əksinə, prosesi hətta alqışlayır” sualına İgityan belə cavab verib ki, bu, Qərbin burada öz maraqlarının irəliləyişini görməsi ilə bağlıdır. Ermənistanın öz mövqelərini itirməsi faktı az adamı maraqlandırır. “Ümumilikdə Qərb ölkələri nəyə müsbət reaksiya verdi? Gəlin prosesə onların gözü ilə baxmağa çalışaq. Onların nöqteyi-nəzərindən regionda müəyyən proses gedirdi ki, bu zaman Rusiya öz təsirini artırdı. Məsələn, 2010-cu ildə sənəd imzalanıb ki, Rusiya təkcə MDB-nin xarici sərhədlərinin deyil, həm də Ermənistanın bütün xarici sərhədlərinin təhlükəsizliyinə zəmanət verir. 2020-ci ildən sonra Rusiya sərhədçiləri Tavuşda, Sünikdə, Rusiya sülhməramlı kontingenti isə Qarabağda peyda olur. Beləliklə, Rusiya öz təsirini artırır.

İndi proses əksinədir. Ermənistan Qərb platformalarında Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdı. Bütün bunlardan sonra Rusiya sülhməramlı kontingenti bölgəni tərk etdi. İndi sərhədin demarkasiyası kontekstində Nikol Paşinyan bildirib ki, Rusiya sərhədçiləri Tavuşu da tərk edirlər. Yəni Qərb dövlətlərinin maraqları baxımından hər şey çox müsbət görünür. Ermənistanın mövqelərini itirməsi, Ermənistanın təhlükəsizlik səviyyəsini aşağı salması onların gözündə xırdalıqdır”, – İgityan bildirib.

Natiq Səlim,

KONKRET.az

Seçilən
188
Mənbələr
Şərh ()
Bağla