AZ

Blinkenin telefon zəng göstərdi ki...

Sərhədlərin delimitasiya və demarkasiyasının başlanması, ABŞ Dövlət katibinin Prezident İlham Əliyevə zəng etməsi göstərdi ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün əla fürsət yaranıb

Sərhədlərin delimitasiyası, hətta demarkasiyası prosesinin baş­lanması və 1990-cı və 1992-ci illərdə işğal edilmiş Qazax rayonunun dörd kəndinin Azərbaycana qaytarılması ikitərəfli əməkdaş­lığın müsbət nəticəsidir. Bakı və İrəvan istənilən xarici oyunçunun “vasitəçilik xidmətindən” yararlanmadan öz aralarında bu problemi də həll etməyi bacardılar. Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması istiqamətində atılan bu addımlar Cənubi Qafqaza sülhün və əmin-amanlığın gələcəyinə ümidləri xeyli artırıb. 

Azərbaycan regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəkləyir

Hazırda iki ölkə sülh sazişinin imzalanmasına heç vaxt olmadığı qədər yaxındır. Daha doğrusu, Prezident İlham Əliyevin aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə keçirilən mətbuat konfransında bildirdiyi kimi,  sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var: “Bütün bu işdə bizə kömək etmək istəyən ölkələrlə biz əməkdaşlıq etməyə hazırıq. Ümid edirik ki, çox vaxt keçmədən bu istiqamətdə də müsbət addımlar atılacaq”. Yeri gəlmişkən qeyd edək ki, ötən ilin fevral ayında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Kanslerinin dəstəyi ilə Ermənistanla Azərbaycan arasında keçirilmiş görüş çərçivəsində aparılmış müzakirələr sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə ciddi təkan verib.

Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edərək Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşmanın ABŞ tərəfindən təqdir edildiyini vurğulayıb. O, ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəli aparılması üçün bundan sonra da dəstək göstərməyə hazır olduğunu bildirib. Dövlət katibi, həmçinin  ABŞ ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin gücləndirilməsi üçün ölkəsinin niyyətini ifadə edərək enerji, iqlim, nəqliyyat, COP29 sahələrində əməkdaşlıq məsələlərindən də söz açıb.

Azərbaycanın ABŞ ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayan dövlətimizin başçısı iki ölkənin delimitasiya komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsi olduğunu qeyd edib. Prezident İlham Əliyev delimitasiya prosesinin ardınca iki ölkənin sərhədində artıq demarkasiya işlərinin başlanmasının da müsbət bir addım olduğunu vurğulayıb.

Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndirdiyini vurğulayan dövlətimizin başçısı sülh sazişinin imzalanmasına doğru əlavə addımlar atıldığını da bildirib. Belə ki, Prezident İlham Əliyev Qazaxıstan tərəfinin təklifi ilə Ermənistanın və Azərbaycanın xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə danışıqları davam etdirmələri üçün növbəti görüşün Almatıda təşkil olunacağını vurğulayıb. Sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarının Azərbaycan olduğunu xatırladan Prezident İlham Əliyev ölkəmizin sülh gündəliyinin bundan sonra da davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb və Azərbaycanın bu xüsusda qəti siyasi iradəyə malik olduğunu qeyd edib. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəkləyir.

Bəli, bu gün  bir faktdır ki, Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlar in­tensivləşib. Hətta Prezident İlham Əliyev ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda keçirilən beynəlxalq forumda bildirmişdir ki, Ermənistan da Azərbaycan qazını ala bilər. Bunun üçün isə təcavüzkar ölkə Azərbaycana qarşı iddialarından, o cümlədən konstitusiyasında qondarma “Dağlıq Qa­rabağ”ın Ermənistanın bir hissəsi olması barədə qeydindən, Ağrı dağının təsviri olan milli gerbindən əl çəkməli, havadarlarının, o cümlədən Fransanın çaldıqları ilə oynamamlı  və sülh sazişi imzalamalıdır. Bu mənada sülh müqaviləsinin imzalanması ilk növbədə Ermənistana vacibdir və yalnız bu halda dalan ölkə olmaqdan qurtula bilər. Proseslərin gedişi və bölgədə baş verən hadisələr də İrəvanın sülhdən başqa çıxış yolu olmadığını diktə edir. Bəli, sülh üçün tarixi şərait tam yetişib, hətta  şəkililər demişkən, Ermənistanın lap ağzının içindədir. Bunu Ermənistanın gələcəyini düşünənlər, o cümlədən Nikol Paşinyan da yaxşı dərk edirlər.  Yetər ki,  Ermənistan sözdən əmələ keçsin. Çünki hazırda rəsmi İrəvanın dirçəlmək üçün ona xeyirxahlıqla uzanmış əldən yapışmaqdan başqa çarəsi qalmayıb. Təcavüzkar ölkə bundan istifadə etməsə, yalnız özünə zərbə vuracaq. Yaranmış şəraitin Ermənistan üçün bir şans olduğunu qeyd edən Prezident İlham Əliyev bunu birməna­lı şəkildə rəsmi İrəvanın da diqqətinə çatdırmşdır: “Əgər onlar bu dəfə də yersiz xülyalardan əl çəkməsələr, daha ağır durumla üz-üzə qala­caqlar”.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Seçilən
200
50
Mənbələr
Şərh ()
Bağla