AZ

ADA Universitetində Tofiq Əhmədovun 100 illiyinə həsr olunmuş caz konserti keçirilib

Bakı, 29 aprel, AZƏRTAC

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşəbbüsü və təşkilatçılığı, ADA Universitetinin, eləcə də Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən Bakı Beynəlxalq Caz Günü ilə bağlı silsilə tədbirlər davam edir.

Bu tədbirlər çərçivəsində aprelin 29-da ADA Universitetində "Azərbaycanda caz orkestrləri ənənəsi: keçmiş və bu gün" mövzusunda diskussiya-konsert olub. Konsert Xalq artisti, dirijor, caz ifaçısı, musiqi sənətinin tanınmış nümayəndəsi Tofiq Əhmədovun 100 illiyinə həsr edilib.

AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə təhsil ocağında hər zaman Azərbaycanın tarixi şəxsiyyətlərinə həsr olunmuş yaradıcılıq gecələrinin təşkil edildiyini bildirib. "ADA Universitetində cazsevərlər çoxdur. Bugünkü tədbir Tofiq Əhmədovun yaradıcılığına həsr edilib. Bütün bunlar Azərbaycan mədəniyyətini yaxşı tanımaları üçün gənclərimizə məlumat vermək məqsədi daşıyır", - deyə F.İsmayılzadə vurğulayıb.

Əməkdar incəsənət xadimi Rafiq Seyidzadə görkəmli dirijor və caz ifaçısı Tofiq Əhmədovun həyat və yaradıcılığından danışıb. Bildirib ki, sevilən dirijorun rəhbərlik etdiyi estrada orkestri janrın inkişafında olduqca böyük əhəmiyyət kəsb edib.

Sonra Vyana Musiqi və Səhnə Sənətləri Universitetinin dosenti, trombon ifaçısı, bəstəkar, aranjimançı və “Big Band”ın rəhbəri Markus Geyzelxart “Almaniya və Avstriyada caz orkestrləri: keçmiş-bu gün-gələcək" mövzusunda məruzə ilə çıxış edib.

Digər çıxış edənlər Azərbaycanda caz musiqisinin tarixindən danışıblar. Həmçinin Azərbaycanda caz musiqisinin özünəməxsus ənənələrinin olduğu vurğulanıb.

Çıxışlardan sonra söz caz musiqiçilərinə verilib.

Müxtəlif kompozisiyaların səsləndiyi konsert proqramında sözlə ifadə olunması mümkün olmayan caz musiqisi zərifliyi ilə dinləyiciləri valeh edib.

Qeyd edək ki, Tofiq Əhmədov 1924-cü il fevralın 28-də Bakıda anadan olub. O, Azərbaycan Dövlət Konservatoriyasında klarnet ixtisası üzrə təhsil aldıqdan sonra Moskvanın məşhur caz qruplarında fəaliyyətə başlayıb. Tofiq Əhmədov qısa zamanda Moskvada həm mütəxəssislərin, həm dinləyicilərin rəğbətini qazanıb.

Tofiq Əhmədovun yaradıcılığının böyük bir hissəsi Azərbaycan Televiziya və Radiosu ilə bağlıdır. O, 1961-ci ildə "Biz Bakıdanıq" estrada ansamblının solistləri əsasında estrada orkestri yaradıb. Kollektivə Asəf Zeynallı adına Musiqi Texnikumundan, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasından (indiki Bakı Musiqi Akademiyası) tələbələri və məzunları dəvət edib. Bu axtarışları sayəsində orkestr mükəmməl kollektiv kimi formalaşıb. Tofiq Əhmədov ömrünün sonuna qədər kollektivin bədii rəhbəri və baş dirijoru olub.

2010-cu ildə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən estrada simfonik orkestrinə Tofiq Əhmədovun adı verilib.

Seçilən
81
1
Mənbələr
Şərh ()
Bağla