AZ

Gürcüstanın iqtidar partiyası Tbilisidə izdihamlı aksiya keçirib

Tbilisi, 29 aprel, AZƏRTAC

Tbilisidə hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının təşkilatçılığı ilə izdihamlı mitinq keçirilib.

AZƏRTAC xəbər verir ki, aksiyada hakim partiyanın qurucusu və fəxri sədri Bidzina İvanişvili, hökumət başçısı, parlamentin sədri, Tbilisinin meri və digər rəsmi şəxslər iştirak ediblər.

İlkin hesablamalara görə, aksiyada 150 mindən çox partiya üzvü və tərəfdaş iştirak edib.

Mitinqdə iştirak üçün on minlərlə Gürcüstan vətəndaşı avtobuslarla bölgələrdən paytaxta gətirilib.

Aksiya ilə əlaqədar Rustaveli prospektində, Azadlıq meydanında və ətraf küçələrdə nəqliyyatın hərəkəti dayandırılıb.

Aksiyada partiyanın qurucusu və fəxri sədri Bidzina İvanişvili, partiyanın baş katibi, Tbilisinin meri Kaxa Kaladze, partiyanın sədri İrakli Qaribaşvili, Baş nazir İrakli Kobaxidze, parlamentin sədri Şalva Papuaşvili və başqaları çıxış edərək Tbilisidə 2 həftədən çoxdur davam edən "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi əleyhinə etiraz aksiyalarının xalqın mövqeyini əks etdirmədiyini bildiriblər.

Bildirilib ki, qanun layihəsinə ictimai dəstəyin olduğunu göstərmək üçün hakim partiya özü parlament binasının qarşısında mitinq təşkil edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

 

Seçilən
48
6
Mənbələr
Şərh ()
Bağla