AZ

Ronaldo “Yuventus”a qismən qalib gəldi

Kriştiano Ronaldo artıq üç ildi İtaliyada oynamır.

“Football-plus.az” xəbər verir ki, buna baxmayaraq, “Yuventus” ona 9,8 milyon avro ödəməli olacaq. İtaliya Futbol Federasiyasının (İFF) arbitraj komissiyası belə qərar çıxarıb. Hərçənd hazırda Səudiyyə Ərəbistanında çıxış edən ulduz futbolçu sabiq klubundan bundan iki dəfə çox tələb edirdi.

Bu qədər borc necə formalaşıb?
Ortaya təbii sual çıxır: bu qədər borc necə formalaşıb? Bu, “Yuventus”un sabiq rəhbərliyinin məvacib ödənişi üzrə qəribə manevri nəticəsində ortaya çıxıb. Klub pandemiyanın ilk mərhələsində o vaxtkı baş məşqçi Mauritsio Sarri və oyunçularla 2020-ci ilin mart, aprel, may və iyun aylarının maaşlarının ödənilməməsi ilə bağlı razılığa gəlib.

Bütün komandaya və məşqçi korpusuna şamil olunan kollegial qərar yalnız ilk maaş tryukudu. İkinci tryuk isə rəhbərliyin hər bir oyunçu ilə təzminatlar mövzusunda məxfi danışıqlar aparması ilə bağlıdı. Bu müzakirələrin detalları uzun müddət kənar aləmə məlum olmayıb. Bu məlumatlar yalnız prokurorluğun “Yuventus”un 2018-21-ci illərdəki maliyyə fəaliyyətini “Prizma” kod adı verilən araşdırması nəticəsində ortaya çıxarılıb.

Komandanın sabiq hücumçusu Paulo Dibala 2022-ci ilin martında prokurorlara vacib bir etiraf etmişdi. Hazırda “Roma”da çıxış edən argentinalı dünya çempionu əksər futbolçuların rəhbərliyin 4 aylıq maaşdan tam şəkildə imtina ilə bağlı təklifini qəbul etmədiyini bildirmişdi. Onun dediyinə görə, oyunçular yalnız biraylıq məvacibdən klubun xeyrinə əl çəkməyə razılaşmışdılar:
“Razılaşmaya əsasən, növbəti mövsümdə (2021/22 mövsümü – red.) həmin 4 aydan üçünün maaşı bizə geri qaytarılmalı idi”.


Amma Dibala vəd verilən maaşını vaxtında geri ala bilmədi. Bu səbəbdən məhkəməyə müraciət etmək fikrinə düşdüyü üçün klub onunla 3 milyon avro təzminat (3,7 milyon avrodan) mövzusunda anlaşmağa məcbur oldu.

2023-cü ildə isə Kriştiano Ronaldo ilə də eyni razılaşmanın olduğu müəyyənləşdi. Amma portuqaliyalı hücumçuya kifayət qədər yüksək məbləğdə - 19,6 milyon avro təzminat sözü verilibmiş.

Ronaldo ilə razılaşma olub?
Müstəntiqlərin ilkin versiyasına əsasən, “Yuventus” bu iddiaları təsdiqləyən bütün sənədləri, o cümlədən Ronaldo ilə razılaşmanı məhv edib. Hüquq-mühafizə orqanı uzun müddət sənədin bir nüsxəsinin futbolçuda olduğunu ehtimal edib. Araşdırmalar nəticəsində bu msələnin üstü açılıb. “Prizma” əməliyyatı təzminatla bağlı “Carta Ronaldo” adlı sənədin 2022-ci ilin martında vəkil Federiko Restanonun ofisində tapılmasına şərait yaradıb. Həmin sənəddə klubun pulları hətta ulduz futbolçu “Yuventus”u tərk edəcəyi halda belə ödəyəcəyi aydın göstərilib. Onu da qeyd edək ki, sənəddə klubun sabiq idman direktoru Fabio Paratiçinin vizası olsa da, Ronaldonun imzasına rast gəlinməyib.

Bu səbəbdən “Yuventus” sənədi legitim saymayıb və Kriştianoya heç nə ödəmək istəməyib. Klubun hüquqşünaslarını nikbin düşünməyə vadar edən digər amil Ronaldonun “Mançester Yunayted”ə keçərkən “beynəlxalq transfer üçün razılıq” sənədini imzalamasıdı. Başqa sözlə, o, bununla sabiq klubundan maliyyə mövzusunda narazılığının olmadığını təsdiqləyib.
Amma Kriştiano İtaliya Prokurorluğu ilə məsləhətləşmədən sonra turinliləri məhkəməyə vermək qərarına gəldi.

Çox qəribə olan yekun qərar
İndi isə məsələnin ən maraqlı məqamına nəzər salaq. İFF-nin arbitraj komissiyası ötən ilin oktyabrında tərəflərə öz aralarında razılığa gəlməyi təklif etdi. Amma “sülh” mümkün olmadı. Nəticədə bu komissiya yekun qərarını verməli oldu. Qərarın əsas müddəaları aşağıdakılardı:
* Klubun oyunçu qarşısında “razılaşmadan əvvəlki məsuliyyət”ini göstərən təzminatla bağlı hətta hər iki tərəfin imzası olmayan sənəd müəyyən edilib.
* Kriştiano Ronaldo “fəaliyyətsizliyinə görə” gizli anlaşmadakı iştirakı üçün təqsirkar hesab edilib.
* “Yuventus” “qarşılıqlı səhlənkarlığ”a görə oyunçuya onun tələb etdiyi məbləğin yarısını – 9,8 milyon avro və bu məbləğin faizini ödəməlidi.

Turin klubunun yaydığı məlumatda arbitraj komissiyasının oyunçulara təzyiq edilmədiyi və məvacibləri ödəmək üçün seçilən manevrdə (maaşların azaldılması ilə bağlı razılaşma) fırıldaqçılığın olmadığı qənaətinə gəldiyi bildirilir. Amma klub təzminatla (“razılaşmadan əvvəlki məsuliyyət” nəzərdə tutulur) bağlı sonrakı danışıqların baş tutmamasında ittiham olunub. Başqa sözlə, razılaşma sənədində Ronaldonun imzasının olmaması klubun nöqsanı hesab edilib. Daha doğrusu, nöqsan hər iki tərəfdə olub. Bu səbəbdən portuqaliyalı futbolçu tələb etdiyi məbləğin yalnız yarısını ala biləcək.
Maraqlıdı ki, “Yuventus”un hüquqşünasları özlərinə o dərəcədə əmin olublar ki, klub bu məsələdə futbolçuya uduzacağı halda ortaya çıxacaq zərəri büdcədə nəzərdə tutmayıb. İndi rəhbərlik qərarlardan apellyasiya vermək imkanlarını öyrənir. Doğrudu, “Tuttosport”un qiymətləndirməsinə əsasən, İFF-nin qərarlarından yalnız “istisna hallarında” şikayət verilə bilər. Amma bu da var ki, hər iki tərəf üçün İdman Arbitraj Məhkəməsinə müraciət etmək variantı həmişə mümkündü.

Ronaldo: “Yuventus” üçün növbəti problem
Bir qədər əvvəl Ronaldo ilə gizli razılaşmanı sübut edən sənədin klubun 2018-21-ci illərdəki maliyyə fəaliyyətinin araşdırılması nəticəsində aşkarlandığını qeyd etdik. Qanundankənar məqamların çoxluq təşkil etdiyi fəaliyyətin mühakiməsini iki yerə ayırmaq olar: məsələnin təhqiqatı həm idman, həm də vətəndaş məhkəməsi yolu ilə aparılıb. Artıq bu yollar üzrə müəyyən hökmlər də verilib. Bilindiyi kimi, “Yuventus”un sabiq rəhbərliyinin klub kapitalını süni şəkildə artırması ötən mövsüm komandanın hesabından 10 xal çıxılmasına səbəb oldu, kluba 718 min avro cərimə kəsildi, başda prezident Andrea Anyelli olmaqla bir sıra bossları isə futboldan müxtəlif müddətə kənarlaşdırıldı. “Ağ-qaralar”ı UEFA da cəzalandırdı: bu mövsüm komandanın Konfrans Liqasında iştirakına qadağa qoyuldu, üstəlik kluba 20 milyon avro cərimə (bu məbləğin 10 milyonu şərti xarakterlidi, qalan hissəsi isə üç il sınaq müddətində analoji qanun pozuntuları ortaya çıxacağı halda tətbiq oluna bilər) də kəsildi.

Turin prokurorluğu eyni zamanda vətəndaş araşdırması yolu üzrə işi davam etdirir. Söhbət gizli məvacib ödənişlərindən gedir və bu təhqiqatın hələ uzun sürəcəyi dəqiqdi. İttihamçı orqan belə hesab edir ki, klubun “qənaət etdiyi” 90 milyon avrodan təxminən 60 milyonu komandanın üzvlərinə gizli sxem üzrə, illik maliyyə hesabatında göstərilmədən ödənilib. Bu məsələdə əsas ittiham kluba yönəldilib. Belə qanun pozuntularına görə “Yuventus”un 2023-cü ilin yanvarında rəsmən postlarından ayrıldığı sabiq bossları 8 ilədək həbs, klub isə böyük məbləğdə cərimə olunmaq təhlükəsi ilə üzləşib. Bu sanksiyalara məhkəmə aydınlıq gətirəcək.
Futbolçular cəzalardan az və ya çox dərəcədə qaça bilərlər. Bir şərt var: onlar müstəntiqlərlə əməkdaşlıq etməlidilər. Amma görünür, fevralın 5-də 39 yaşını tamamlayan Kriştiano üçün artıq heç bir təhlükə yoxdu. O, “Yuventus”dan tələb etdiyi məbləğin yarısı ilə kifayətlənməli olacaq.
Seçilən
40
Mənbələr
Şərh ()
Bağla