AZ

“Salah özünün kölgəsini xatırladır”

“Liverpul”un və İngiltərə yığmasının sabiq müdafiəçisi Ceymi Karrager hazırda “qırmızılar”ı çalışdıran Yürgen Klopp ilə bağlı düşüncələrini bölüşüb.

“Football-plus.az” xəbər verir ki, onun fikrincə, futbolçular baş məşqçini layiqincə yola salmaq üçün bütün gücünü qoymalıdı:
“Hətta komanda çempionluq şansını itirsə belə, oyunçular baş məşqçinin naminə maksimum dərəcədə çalışmalıdı”.


Karrager komandanın əsas ulduzu Məhəmməd Salahdan narazılığını da gizlətməyib:
“Salah mövsümün əksər hissəsində əvvəlki obrazının kölgəsini xatırlatdı, xüsusən də bərpa olunandan sonra. O, “Liverpul”un əfsanəsi, superulduzdu, bütün zamanların ən dahi oyunçularından biridi, ancaq “Everton”la oyunda Məhəmməd özünə bənzəmədi”.


“Liverpul”un adı ətrafında başqa maraqlı xəbərlər də var. “Feyenoord”un baş məşqçisi Arne Slot bu komandanın “sükanı arxasına” keçə biləcəyini təsdiqləyib:
“Aydındı ki, orda işləmək istərdim. Klublar danışıq aparır, odu ki, mən gözləyirəm. Razılıq əldə olunacağı anı gözləyirəm, məndə müəyyən əminlik var”.


45 yaşlı niderlandlının “Liverpul”un baş məşqçisi vəzifəsinə əsas namizəd olmasıyla bağlı xəbərlər ilk dəfə aprelin 23-də yayılıb. Slot 2021-ci ildən “Feyenoord”u çalışdırır. Onun komandası 30 turdan sonra lider PSV-dən 12 xal geri qalmaqla Niderland çempionatının turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

“Sportinq”in baş məşqçisi Ruben Amorim “Liverpul”a təzyiq göstərmək üçün “Vest Hem” ilə danışıq aparıb. 39 yaşlı portuqaliyalının londonlularla danışıq aparması xəbəri də aprelin 23-də yayılıb. Halbuki buna qədər Amorimin “Liverpul”da baş məşqçi vəzifəsinə iddialı olduğu deyilirdi. Amorim “Vest Hem”lə danışıqlarının “Liverpul”u müqavilə imzalanmasını tezləşdirməyə məcbur edəcəyinə bel bağlayırmış. Ancaq “qırmızılar” portuqaliyalının “çəkicdöyənlər”lə danışıqlarından xəbər tutan kimi onu dəvət etmək fikrindən daşınıb.

Xatırladaq ki, “Liverpul”un indiki məşqçisi Yürgen Klopp yanvarda mövsüm bitəndən sonra postundan ayrılacağını elan edib.
Seçilən
27
Mənbələr
Şərh ()
Bağla