AZ

Azərbaycan və Almaniya üçün ÜMUMİ MARAQLAR – TƏHLİL

Qlobal iqlim dəyişikliyi dünyanın heç bir ölkəsi üçün nə təsirsiz sayıla, nə də təsirsiz ötüşə bilməz. Çünki məhz qlobal iqlim dəyişikliyinin bu və ya digər dərəcədə dünya ölkələrinin əksəriyyətinə mənfi təsir etdiyi göz önündədir və bunu təkzib etmək mümkün deyil. İndi ən vacib məqam mənfi təsirlərin minimuma endirilməsi məsələsidir və təsadüfi deyil ki, hazırda BMT-nin koordinasiya etdiyi səylər də bu risklərin nəticələrinin minimuma endirilməsinə yönəlib. Deməli, məhz qlobal iqlim dəyişikliyinin mənfi təsirlərinin minimuma endirilməsi bütün dünya ölkələri üçün prioritet məsələ hesab olunur, hansıki bu, elə Azərbaycan və Almaniya üçün də ümumi maraqlardan biridir.

Ölkəmizin ekoloji gündəmlə bağlı mövqeyi bəllidir və Azərbaycanın irəli sürdüyü təkliflər bütün dünyanın diqqət mərkəzindədir

Bütün dünya ictimaiyyəti üçün sirr deyil ki, bu ilin, 2024-cü ilin noyabr ayında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası, COP29 öz işinə başlayacaq. Azərbaycan həmin tədbirə ev sahibliyi edəcək və bunun da təsadüfi olmadığını hər kəs çox yaxşı bilir. Ölkəmizin ekoloji gündəmlə bağlı mövqeyi də əlbəttə ki, bütün dünyaya bəllidir. Bununla belə, Almaniyada səfərdə olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, həmin ölkədə təşkil olunmuş 15-ci Peterberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı ölkəmizin ekoloji gündəmlə bağlı ardıcıl mövqeyini səsləndirib. Sözsüz ki, bu mövqe maraqla qarşılanıb və maraqla qarşılanması da səbəbsiz deyil. Çünki ekoloji gündəmlə bağlı Azərbaycanın irəli sürdüyü təkliflər, ölkəmizdə “yaşıl” enerjinin inkişafının sürətlənməsi bütün dünyanın diqqət mərkəzindədir.

Diqqətə çatdıraq ki, Petersberq İqlim Dialoqu Birləşmiş Millətlər Təşkilatının cari iqlim gündəmini müzakirə etmək üçün dünyanın illik toplantısıdır. Bir neçə ölkənin nümayəndələri bununla bağlı ildə bir dəfə məhz Avropada, Berlində toplaşıb müzakirələr aparırlar. Əlbəttə ki, məqsəd də bəllidir. Onu da xatırladaq ki, Petersberq İqlim Dialoqu məhz cari ilin noyabr aynda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə növbəti COP29 Konfransına hazırlıq məqsədi ilə keçirilib. Hər kəs bilir ki, iqlim dəyişikliyi ilə bağlı fəaliyyətlər üzrə növbəti dialoq Azərbaycanda olacaq və deməli, məqsəd artıq aydındır.

Beynəlxalq ictimaiyyət Azərbaycana etimad göstərir, yaşıl enerji sahəsində gördüyümüz işlər tanınır və yüksək qiymətləndirilir

“Biz yekdilliklə COP29-a ev sahibliyi edən ölkə kimi seçilməkdən şərəf duyuruq, bu, beynəlxalq ictimaiyyətin Azərbaycana etimadının, o cümlədən yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasının təzahürüdür”, deyə cənab Prezident İlham Əliyev bəyan etməsi heç də təsadüfi və səbəbsiz deyil. Ölkə rəhbərimiz tərəfindən məhz bir Avropa ölkəsində, Almaniyada xatırladılır ki, beynəlxalq ictimaiyyət Azərbaycana etimad göstərir. Eyni zamanda ehyam da vurulur ki, yaşıl enerji sahəsində gördüyümüz işlər tanınır və yüksək qiymətləndirilir. Xüsusilə nəzərə çatdırmaq yerinə düşərdi ki, 15-ci Petersberq İqlim Dialoquna dəvət olunan və tədbirdə iştirak edən Almaniya kansleri Olaf Şolz tərəfindən də fikirlər səsləndirilib. “Biz xarici tərəfdaşlarımızla birlikdə “yaşıl” enerjiyə keçidin bir hissəsi kimi irimiqyaslı layihələrə start verdik”, deyən Almaniya kansleri üçün Azərbaycan tərəfinin nə dərəcədə maraqlı olduğu dərhal bəlli olur.

Bərpa olunan enerji mənbələri sektorunun inkişafını Azərbaycan son illərdə sürətləndirib

Xatırladaq ki, mədən ehtiyatlarının hasilatının artırılmasına paralel olaraq, Azərbaycan son illərdə bərpa olunan enerji mənbələri sektorunun inkişafını sürətləndirib, həmçinin istixana qazı emissiyalarını 2030-cu ilə qədər 35%, 2050-ci ilə qədər isə 40% azaltmağı öhdəsinə götürübdür. Ölkəmiz metan emissiyalarının könüllü şəkildə azaldılması ilə birlikdə 2030-cu ilə qədər ölkənin quraşdırılmış enerji tutumunda bərpa olunan enerji mənbələrinin payını 30%-ə çatdırmağı qarşısına məqsəd qoyub. Bu məqsədlər üçün Qarabağ bölgəsində “yaşıl” enerji zonası formalaşdırılır, bərpa olunan enerji mənbələri elementləri olan “ağıllı” şəhər və kəndlər salınır, onlarla kiçik su elektrik stansiyası yenidən qurularaq tikilir, istifadəyə verilir. Yaxın gələcəkdə ölkəmizin ərazidində yeni günəş və külək stansiyaları istifadəyə veriləcəyi artıq nəzərdə tutulub. Oxşar layihələr Abşeron yarımadasında və Naxçıvan Muxtar Respublikasında da həyata keçirilir və Qara dənizin dibi ilə 1000 MVt gücündə sualtı elektrik kabelinin çəkilməsini nəzərdə tutan “Qara Dəniz Enerjisi” layihəsinə də hazırlıq işlərinə başlanılıb. Növbəti addım isə Xəzər dənizinin külək enerjisi potensialının inkişafı üçün xarici investisiyaların cəlb edilməsi, “yaşıl” hidrogenin hasil edilməsi hesab olunur.

“Yaşıl enerji sahəsində layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir və biz yalnız müvafiq infrastrukturu təmin edirik və bu investisiyalar üçün ən əlverişli mühit yaradırıq”, deyə bəyan edən cənab Prezident İlham Əliyev həmçinin qeyd edib ki, qaz və neft kimi təbii ehtiyatlarla zəngin ölkələrin iqlim dəyişikliyi ilə mübarizədə aparıcı rol oynamalıdır, hansıki bu müxtəlif platformalar iqlim məqsədlərinə birlikdə nail olmağa kömək edərək həmrəylik ruhunu yaratmağa kömək edir. Diqqətə çatdıraq ki, Azərbaycanın Aİ-nin doqquz üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsi imzaladığını qeyd edən dövlət başçımız 2022-ci ildə Aİ ilə enerji sektorunda tərəfdaşlıq sazişinin imzalandığını və 2022-ci ildə Azərbaycan qazının Avropaya nəqlinin artırılmasını da xatırladıb. Sözsüz ki, bu xatırlatma bütövlükdə Avropa üçün tamamilə yerinə düşən hesab olunur. İndi bunu elə başda Almaniya kansleri olmaqla, bütün almanlar özləri də yaxşı başa düşürlər.

“Son vaxtlar Almaniya-Azərbaycan münasibətləri sürətli inkişaf dövrünü yaşayır və ikitərəfli gündəm kifayət qədər genişdir”

“Mən şadam ki, bu il COP29 Azərbaycanda keçiriləcək və siz bu tədbirdə Almaniyanın dəstəyinə əmin ola bilərsiniz. Azərbaycan mühüm iqlim öhdəliyi götürüb və bu baxımdan Birləşmiş Ərəb Əmirliyi, Azərbaycan və Braziliyanın COP sədrləri ilə birlikdə Dubaydan, Berlindən Bakıya aparan körpünün üzərində işləyəcəyik”, deyə Almaniyanın xarici işlər naziri Annalena Barbok görüş zamanı bildirib. Bir gün əvvəl də o Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayevlə brifinq keçirib. Göründüyü kimi, Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylərini dəstəkləyən, o cümlədən BMT-nin iqlim gündəliyində ölkəmizin prinsipial mövqeyini alqışlayan Almaniya hökuməti iqtisadiyyatın digər sahələrində də əməkdaşlığı tam genişləndirməyə hazırdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kansler Olaf Şolzla birgə mətbuat konfransı zamanı BMT Konfransının 29-cu sessiyasına hazırlıqla bağlı Almaniyaya Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını bildirməsi heç də təsadüfi deyil. Bu, Almaniyanın ölkəmizə qarşı son zamanlar münasibətinin müsbət istiqamətdə dəyişməsinin təsahürüdür. “Son vaxtlar Almaniya-Azərbaycan münasibətləri sürətli inkişaf dövrünü yaşayır və ikitərəfli gündəm kifayət qədər genişdir. Bu münasibətlərin inkişafı həm ölkələrimiz, həm də bütövlükdə Cənubi Qafqazda inkişaf və sabitlik baxımından böyük əhəmiyyət kəsb edir”, deyən ölkə rəhbərimiz kansler Olaf Şolz ilə ötən ilin martında Berlində və iki ay əvvəl Münhendə keçirilən görüşləri də xatırladıb.

Azərbaycan Almaniya ilə ticarət-iqtisadi və investisiya əməkdaşlığının inkişafına böyük əhəmiyyət verir

Avropa iqtisadiyyatının “lokomotivi” olan Almaniya ilə ticarət-iqtisadi və investisiya əməkdaşlığının inkişafına Azərbaycan böyük əhəmiyyət verir. Ümumiyyətlə, Azərbaycan-Almaniya biznes tərəfdaşlığı geniş müqavilə-hüquq bazasına əsaslanır. Nəzərə almaq lazımdır ki, iki dövlət arasında səksəndən artıq sənəd imzalanıb, ümumilikdə 200-ə yaxın alman şirkəti ölkəmizdə qeydiyyatdan keçib və onlardan 170-ə yaxını Azərbaycan-Almaniya Ticarət Palatasının üzvüdür. Almaniya şirkətləri sənaye, tikinti materiallarının istehsalı, kənd təsərrüfatı sektoru, elektrik enerjisi sənayesi, telekommunikasiya, bərpa olunan enerji layihələri və iqtisadiyyatın rəqəmsallaşdırılması, limanların, dəmir yolu və digər nəqliyyat infrastrukturlarının modernləşdirilməsi və digər sahələrdə müxtəlif podrat layihələrində fəal iştirak edirlər. Eyni zamanda onu da unutmaq lazım deyil ki, Almaniyanın da Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin 70%-i məhz Azərbaycanın payına düşür. Qlobal böhranlara və tənəzzüllərə baxmayaraq, ticarət dinamik olaraq inkişaf edir və diqqətə çatdıraq ki, 2022-ci ildə qarşılıqlı ticarət dövriyyəsi 1,3 milyard dollar təşkil edib və bu rəqəm 2023-cü ildə 45,4 faiz artaraq 1,8 milyard dollara çatıb. Ələlxüsus, Cənub Qaz Dəhlizinin işə salınmasından sonra Almaniyanın Uniper SE qaz treyderi Cənubi Avropa regionunda Azərbaycan qazının ən böyük alıcısı kimi çıxış edir. Azərbaycan ixracatında əsas payın enerji xammalı olmasına baxmayaraq, son illər yerli biznes Almaniya bazarına şərab məhsulları, şirələr, təzə və konservləşdirilmiş meyvə-tərəvəz, fındıq tədarükünü artırır. Neft-kimya məhsullarının, əlvan və qara metallurgiya məhsullarının tədarükü qurulur, Orta Dəhliz üzrə nəqliyyat tranziti sahəsində turizm məhsulları və xidmətləri təşviq edilir. Biz sözlə, iki ölkə arasında əlaqələr və münasibətlər getdikcə yüksələn xətt üzrə inkişaf edir və görünən odur ki, Azərbaycan və Alamaniya üçün ümumi maraqlar mövcuddur və bu maraqlar bundan sonra əlaqələrimizi daha da yaxşılaşdıracaq.

Müəllif: İnam Hacıyev
Seçilən
7
Mənbələr
Şərh ()
Bağla