AZ

Əlyazmalar İnstitutunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə konfrans keçirilib

Bakı, 29 aprel, AZƏRTAC

Aprelin 29-da AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü və “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə “Klassik divan ədəbiyyatında bitki obrazı” mövzusunda respublika elmi-praktik konfransı keçirilib. Tədbir institutun Türk dünyası əlyazmalarının tədqiqi və Türkdilli əlyazmaların tədqiqi şöbələrinin birgə təşkilatçılığı ilə reallaşıb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, konfransdan öncə Əlyazmalar İnstitutunun ekspozisiya zalında “Əlyazmalarda təbiət motivləri və nəbati elementlər” adlı sərgi nümayiş olunub. Sərgidə qonaqlar dahi Nizaminin poemalarına çəkilmiş illüstrasiyalardan ibarət miniatürlərlə, Xurşidbanu Natəvanın “Gül dəftəri” illüstrasiyalı şeirlər albomu, ona məxsus “Quran”dan nümunələrlə, Mir Möhsün Nəvvabın “Bəhrüz-hüzən”, XIX əsrə aid “Kəlilə və Dimnə” adlı illüstrasiyalarla, Firdovsinin “Şahnamə” əsəri, eləcə də Fəxrəddin Əlinin Füzuli əsərlərinə çəkilmiş təbiət motivli nəbati elementlərlə zəngin müasir miniatür nümunələri və bir sıra qiymətli əlyazma nüsxələri ilə tanış olublar. Ekspozisiya zalında, həmçinin Əlyazmalar İnstitutunun əməkdaşlarının əl işlərindən ibarət çiçək konsepsiyalı tətbiqi-sənət sərgisi nümayiş olunub.

Konfransın plenar iclasında çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illik yubileyinə və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş konfransın orijinallığı və aktuallığı ilə seçilən mühüm bir mövzuya aid olduğunu bildirib. O, akademik Zərifə Əliyevanın Azərbaycanda qadın ziyalıların aparıcı qüvvəsi olduğunu, əsərlərinin bir çox xarici dillərə tərcümə edilərək yeni oftalmoloq alimlərin yetişməsinə töhfə verdiyini vurğulayıb.

Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli konfransın “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirildiyini qeyd edib. O, sıravi həkimlikdən akademik zirvəsinə ucalan Zərifə xanım Əliyevanın zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçdiyini, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr verdiyini qeyd edib, onun elmi araşdırmalarının, alim kimi qazandığı böyük uğurların Azərbaycanın tibb elmi tarixində xüsusi yer tutduğunu vurğulayıb. Bildirib ki, Zərifə Əliyeva haqqında söhbət düşəndə gözümüz önündə əsl Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı canlanır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, Azərbaycan Tibb Universitetinin kafedra müdiri Paşa Qəlbinur, Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Fatma Yıldırım, Əlyazmalar İnstitutunun şöbə müdiri Aygül Hacıyeva məruzələrində Zərifə xanım Əliyevanın mənalı və zəngin həyat yolundan nümunələr gətirərək onun Azərbaycan cəmiyyətinə verdiyi töhfələrdən söz açıblar.

Seçilən
73
4
Mənbələr
Şərh ()
Bağla