AZ

Gözlər Almatıda: Nazirlər masaya bu dosye ilə oturur

Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu dəfə platforma kimi Qazaxıstanda görüşəcək. Əslində, bu cür görüşlərin ayrı-ayrı məkanlarda baş tutması məsələnin mahiyyətinə elə də təsir etmir. Burada əsas amil tərəflərin niyyəti ilə bağlıdır.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Partiya sədri hesab edir ki, tərəflərin bu görüşlərə portfeldə hansı planla gəlməsi önəmlidir:

“Bundan sonra həqiqətən də sülhə doğru gedildiyini söyləmək olar. Azərbaycan bu məsələyə hazırdır. Bakının hansısa problemi və kompleksi yoxdur. Sülhlə bağlı Azərbaycan 5 prinsiplə çıxış edib”.

Millət vəkilinə görə, erməni tərəfində tərəddüdlər var idi:

“Qazaxın 4 kəndinin geri qaytarılmasından sonra Ermənistanın da xoşməramlı addımı diqqətdən yayına bilməz. Artıq ilk addım atılıb. Bu o deməkdir ki, maneələr ortadan qalxmaqdadır. Tərəflər müəyyən uzlaşma və razılaşma imkanları əldə edib”.

Deputatın fikrincə, bu mərhələdən sonrakı münasibətlər olduqca önəmlidir:

“Görüşlərin post-sovet məkanında keçirilməsi də diqqət mərkəzindədir. Çünki Avropa məkanında erməniləri yalançı vədlərlə istiqamətləndirib çətinliyə salırlar. Ona görə də, onlara real mühiti göstərmək lazımdır ki, bölgədə şərtlər dəyişib. Məhz bu baxımdan belə bir addımın atılması vacibdir”.

Fazil Mustafa vaxtilə atəşkəsin Bişkek protokolu ilə tarixə düşdüyünü söyləyib:

“Sərhədlərin delimitasiya və demarkasiyası Almatı prinsiplərinə uyğun aparılır. Əldə ediləcək sülhün isə Qazaxıstan kimi qardaş ölkənin adı ilə hallanması Azərbaycan xalqı üçün də xoş təəssürat yaradacaq”.


Müəllif: Tapdıq Qurbanlı
Seçilən
12
Mənbələr
Şərh ()
Bağla