AZ

Kamal Quliyev yaxın günlərdə AFFA-nın qapısını döyəcək

Uzun müddətdi gözdən-könüldən uzaq düşmüş Kamal Quliyev hələ də işsizdi.

AFFA-nın aprelin 2-də keçirilən Hesabat-Seçki Konfransında rəhbərlik dəyişdi, bir sıra yeniliklər baş tutdu. Artıq müəyyən zaman keçib. Bu müddətdə işsiz qalan veteran futbolçu Kamal Quliyevə hansısa təkliflər oldumu? İllərlə millinin forması altında meydana çıxmış Quliyevlə bu barədə danışdıq:

“Öncəliklə AFFA-nın yeni prezidenti Rövşən Nəcəfə uğurlar arzulayıram. İnanıram ki, mən və mənim kimi mütəxəssislər layiq olduqları vəzifədə oturacaqlar. Əminəm ki, bir gün işə qiymət veriləcək. Hələ ki kənarda qalmışam və yeni seçkidən sonra federasiya tərəfindən rəsmi bir təklif almamışam. Ancaq planımda var idi ki, gedib federasiyanın qapısını döyüm, yeni rəhbərin qəbuluna düşüm. Qısası, Rövşən müəllimlə görüşüb söhbət etmək istəyirdim. İnanıram ki, onunla görüşsəm, durumumu açıqlasam, mənə də bir çarə tapılar. Yenə də fikrimdən daşınmamışam. Sadəcə, gözlədim ki, bəlkə federasiya tərəfindən hansısa qərarlar verilər. Həm də prezident yeni seçildiyindən bir müddət pauza verdim. İnşallah, yaxın günlərdə o qapını döyəcəm”.

Vaxtilə ölkənin bir sıra klublarında oynayan, hətta “Volin”da legionerlik həyatı yaşamağa fürsət tapan futbol adamına hansısa klubdan təklif olub-olmadığını da soruşduq:

“Mənə nə premyer-liqadan, nə 1-ci liqadan, nə 2-ci liqadan, nə də Region liqasından təkilf gəlib. İndi ölkə futbolunda çalışan şəxslərə baxıram, sadəcə, gülməyim gəlir. Yəni bu gün Kamal Quliyevin futbolçu karyerasını qoyuram kənara, məşqçilik karyerasına nəzər yetirdikdə, heç 40 illik məşqçinin elə karyerası yoxdu. Gör bu gün kimlər məşqçilik edir, kimlər futbola can qoyub və kimlər qıraqda qalıb. Təkcə məşqçilik demirəm, AFFA-nın özündə belə hansısa iş olsa, mən canla-başla hazıram. Hazırda federasiyada işləyən, lakin futbola aid olmayan adamların sayı yoxdu. Kiməsə paxıllıq etmirəm, sadəcə, haqqın tərəfdarıyam. Bu günə qədər haqqı demişəm və bundan sonra da deyəcəyəm. Yəqin ki, bir kişi oğlu ortalığa çıxacaq və ona bu işin mütəxəssisi, peşəkarı lazım olacaq, o vaxt məni dəvət edəcək”.

Xatırladaq ki, Quliyev “Neftçi”, “Keşlə”,”Neftçala” kimi klublarda məşqçi fəaliyyətiylə məşğul olub.

KAMAL SƏFƏR
Seçilən
53
Mənbələr
Şərh ()
Bağla