AZ

Almaniya və Azərbaycan əlaqələrindəki inkişaf...

Son vaxtlar Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır. İkitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir.
 
Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan bu ölkə ilə əlaqələrin inkişafına mühüm önəm verir. Ötən il fevralın 20-də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub. Bu müddət ərzində Azərbaycanla Almaniya arasında müxtəlif sahələrdə əməkdaşlıq sürətlə inkişaf edib. Xalqlarımız arasında əlaqələrin dərin tarixi kökləri vardır. XIX əsrdə bir qrup alman ailə Azərbaycan ərazisinə köçüb, burada üzümçülüyün və şərabçılığın inkişafında mühüm rol oynayıb, eləcə də iqtisadiyyatın digər sahələrinin inkişafına böyük töhfə verib. Azərbaycanda ilk alman koloniyası Yelenendorf Gəncədən 7-8 kilometr aralıda, Xanarxlar deyilən kənddə (indiki Göygöl şəhəri) salınıb. Sonradan isə Gəncədən 35 kilometr şimal-qərbdə yerləşən indiki Şəmkir torpaqlarında Annenfeld adlı ikinci koloniya yaradılıb. Sonradan isə almanlar bu ərazilərdə yayılaraq Gəncə və Qazax qəzalarında Georqsfeld (Şəmkirin Çinarlı qəsəbəsi), Alekseyevka, Qrünfeld (Ağstafanın Həsənsu kəndi), Ayxenfeld (Şəmkirin İrmaşlı kəndi), Traubenfeld (Tovuz şəhəri) və Yelizavetinka (Ağstafa şəhəri) kimi yeni koloniyalar yaradıblar. Onlar Azərbaycanın siyasi həyatında da iştirak ediblər. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində milli azlıq fraksiyasının 4 üzvündən biri alman əsilli Lorentz Kuntz olub. O, Azərbaycandakı alman icmasını təmsil edib. İndi də Azərbaycan dövləti və xalqı ölkəmizdə alman tarixi və mədəni irsinə böyük hörmətlə yanaşır, onun qorunub-saxlanılmasını təmin edir.
 
Azərbaycan ilə Almaniya arasında siyasi əlaqələr yüksək səviyyədədir, ali səviyyəli dialoq mövcuddur. Prezident İlham Əliyev 2004-cü və 2007-ci illərdə Almaniyaya rəsmi, daha 11 dəfə isə işgüzar səfər edib. Sonuncu səfər bu il fevralın 16-19-da baş tutub və dövlətimizin başçısı Münxen Təhlükəsizlik Konfransında iştirak edib. Ötən il fevralın 15-də Prezident İlham Əliyev Almaniya Prezidenti Frank Valter Ştaynmayeri yenidən prezident seçilməsi münasibətilə təbrik edib. Eləcə də bu il yanvarın 13-də iki ölkənin prezidentləri arasında telefon danışığı olub. Söhbət zamanı prezidentlər Azərbaycan-Almaniya əlaqələrinin mövcud vəziyyətindən məmnunluqlarını bildirib, əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Prezident İlham Əliyevin martın 13-14-də Almaniyaya işgüzar səfəri iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər zamanı dövlətimizin başçısının həm Almaniya Prezidenti Frank Valter Ştaynmayer, həm də Almaniyanın Federal Kansleri Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib, eləcə də Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri və nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub. Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Eyni zamanda, bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu təqdir edir.
 
Xatırlatmaq yerinə düşər ki, 2022-ci ilin iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, Azərbaycan 2027-ci ilə qədər təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırır. Bu sənəd, eyni zamanda, Azərbaycan ilə Aİ arasında bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur. Qeyd edək ki, dövlətimizin başçısının Almaniyaya səfəri Azərbaycan-Almaniya etibarlı tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir. Əminliklə söyləmək olar ki, bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaq. İqtisadiyyat sahəsinə gəldikdə, Azərbaycanla Almaniya arasında əlaqələr kifayət qədər inkişaf edib. Ticarət dövriyyəsi genişlənib, qarşılıqlı ixrac artıb. 2022-ci ildə iki ölkə arasında ümumi ticarət dövriyyəsinin həcmi 1 milyard 255 milyon ABŞ dolları olub və Almaniya Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkələr sırasında 8-ci yeri tutub. Həmin il Azərbaycandan Almaniyaya ixrac olunan məhsulların dəyəri 591,3 milyon ABŞ dolları olub. Azərbaycanda qeydiyyatdan keçmiş 239 alman şirkəti var və hazırda onlardan 166-sının fəaliyyəti aktivdir. Bu şirkətlər sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, tikinti, bank, sığorta, ticarət və xidmət sahəsində fəaliyyət göstərirlər. Almaniya şirkətləri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka maraq göstərirlər və bununla bağlı müraciət ediblər. İki ölkə arasında enerji sahəsində də əməkdaşlıq yüksələn xətlə inkişaf edir. SOCAR və Almaniyanın “Uniper” şirkəti 2013-cü ildə uzunmüddətli qaz tədarükü haqqında müqavilə imzalayıblar. 2020-ci il dekabrın 31-dən Cənub Qaz Dəhlizi Azərbaycan təbii qazını İtaliyadakı qəbul nöqtəsi vasitəsilə Avropa İttifaqının bazarına çatdırır. “Uniper” şirkəti Avropa bazarında təbii qazın əsas alıcılarından biridir. Bu, şirkətin ən uzunmüddətli qaz alışı layihəsidir (2020-2045). Bu günə qədər “Azərbaycan Qaz Təchizatı” şirkəti tərəfindən “Uniper”ə 3,1 milyard kubmetr qaz təchiz olunub. Bundan əlavə, ötən il SOCAR tərəfindən Almaniya istiqamətində 1,764,5 min ton xam neft ixrac edilib. Bundan əlavə, 2016-cı ildə SOCAR və “Uniper” şirkətləri Azərbaycanda enerji səmərəliliyi layihələrini inkişaf etdirmək üçün Birgə Müəssisə (SOCAR (51%), “Uniper” (49%)) yaradıblar. Birinci layihə Sumqayıtda “Azərikimya”nın kimya zavodunda buxar və enerji istehsalı kompleksinin təkmilləşdirilməsi və istismarı idi. Layihənin 2023-cü ilin yayında başa çatdırılması nəzərdə tutulur. Zavodda istehsal olunacaq elektrik enerjisi SOCAR-ın müəssisələrinə veriləcək və daha sonra Azərbaycanın milli elektrik şəbəkəsinə çatdırılacaq. Azərbaycandakı alman şirkətləri bərpaolunan enerjinin inkişafı layihələrinə də maraq göstərirlər. Almaniyanın “Berlin Wind” şirkəti tərəfindən Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki 50 MVt-lıq “Yeni Yaşma” Külək Elektrik Parkında yenidənqurma işləri aparılıb və 2018-ci il oktyabrın 11-də parkın açılışı olub. Ölkələrimiz arasında səhiyyə sahəsində də əməkdaşlıq genişlənir. 2008-2016-cı illərdə tibbin prioritet sahələri üzrə 300-ə yaxın azərbaycanlı tibb mütəxəssisi Almaniyada təkmilləşmə kurslarına göndərilib. Bu gün də Almaniyada tibb sahəsində təhsil alan tələbələrin sayı kifayət qədərdir. Azərbaycan və Almaniya arasında müqavilə-hüquq bazası olduqca genişdir. Bu sahədə indiyədək 77 sənəd imzalanıb və 7 sənəd layihəsi baxılmaqdadır. İki ölkə arasında humanitar əlaqələrin inkişafından danışarkən qeyd etmək olar ki, Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində 900-dən çox azərbaycanlı tələbə Almaniyada təhsil alıb. Eləcə də Alman Akademik Mübadilə Xidmətinin (DAAD) məlumatına görə, hazırda iki min nəfərə qədər Azərbaycan vətəndaşı Almaniyada təhsil alır. Onlardan 75-i DAAD təqaüdçüsüdür (magistratura və doktorantura səviyyələri üzrə). Bütün bunlarla yanaşı, ölkəmizdə alman dilinə böyük maraq var. Belə ki, alman dili ölkəmizdə bir sıra orta və ali təhsil müəssisələrində tədris olunur. 2018-ci ildə açılmış Bakı Qöte Mərkəzi alman dilinin tədrisinə mühüm töhfə verir. Azərbaycan Almaniya şəhərləri ilə də əməkdaşlıq əlaqələrinin qurulmasına maraq göstərir. Belə ki, Bakı ilə Mayns, Sumqayıt ilə Lüdviqşafen şəhərləri “qardaşlaşıblar”.
 
Bütün bunları nəzərə alaraq əminliklə demək olar ki, bu səfər zamanı keçiriləcək görüşlər, aparılacaq danışıqlar nəticəsində Azərbaycanla Almaniya arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyacaq, bir sıra sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi üçün əlverişli imkanlar yaranacaq. Bu gün Qarabağda və Şərqi Zəngəzurda bütün bərpa, yenidənqurma işləri maksimum şəffaf şəkildə aparılır. Ayrılan vəsaitlə bağlı, müntəzəm olaraq ictimaiyyətə, o cümlədən media nümayəndələrinə məlumat verilir. Bu ilin sonuna qədər, müharibə başa çatandan sonra Qarabağa və Şərqi Zəngəzura 12 milyard manat, yəni, təqribən 7 milyard dollar ətrafında vəsait yatırılır və yatırılacaqdır. Müharibədən cəmi üç il yarım vaxt keçib və artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir. Bu ilin sonuna qədər 20 min köçkün qayıdacaq və hər qayıdan insan Azərbaycan Ordusuna, Azərbaycan rəhbərliyinə minnətdarlıq hissi ilə qayıdır, şəhidlərə Allahdan rəhmət diləmək sözləri ilə qayıdır.  Müntəzəm olaraq azad olunmuş torpaqlara media turları təşkil edilir. Bu turlarda yerli jurnalistlərlə yanaşı xarici media nümayəndələri də iştirak edir, yerlərdə vəziyyətlə tanış olurlar. Beləliklə, Prezidentin Almaniyaya səfərindən, aparılan danışıqlardan Avropa ölkələrinə bir daha bəlli oldu ki, İlham Əliyev konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yürüdür. Belə olan halda Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri beynəlxalq münasibətlər sisteminin faktorları olan dövlətlər üçün strateji əhəmiyyət daşıyır.
 
Məhz bu faktlar təsdiq edir ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar. Aparıcı dövlətlər ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu bəyan edirlər. Ermənistanla sülh müqaviləsinin imzalanmasından sonra isə regionda yaranacaq sabitlik Azərbaycanın gücünü, potensialını və imkanlarını daha da artıracaq.
 
Ramil Bəylərzadə,
Bərdə rayon Xəsili kənd tam orta məktəbin tarix müəllimi
 
Seçilən
4
Mənbələr
Şərh ()
Bağla