AZ

Şəhidlər Vətənin qəhrəmanlıq rəmzidir - MASALLIDA TƏDBİR

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi Masallı rayon Mərkəzi Kitabxanasında Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun anadan olmasının 55 illiyinə həsr olunmuş “Şəhidlər Vətənin qəhrəmanlıq rəmzidir” adlı tədbir keçirilib. Tədbir keçirilməzdən əvvəl torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən kitabxananın əməkdaşı Gülər Piriyeva bildirib ki, Milli Qəhrəman Albert Aqarunov çox şərəfli döyüş yolu keçmişdir. O, 1987-ci ildə həqiqi hərbi xidmətə çağırılmış və tank komandiri vəzifəsini yerinə yetirmişdir. Qəhrəman şəhidimiz 1989-cu ildə ordudan təxris olunduqdan sonra bir müddət Suraxanı Maşınqayırma Zavodunda işə başlayır. Qarabağ müharibəsinin qızğın vaxtında Albert Aqarunov yenidən könüllü olaraq cəbhəyə yollanır, tank komandiri təyin edilərək Şuşa cəbhəsinə göndərilir.

Sonra kitabxananın digər əməkdaşı Rasif Dadaşov məruzəsində bildirib ki, onun tank ekipajı tezliklə bütün cəbhə xəttində şöhrət qazanır. Cəsur tankçı Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində düşməni pərən-pərən salır, çoxlu yaraqlını və xeyli hərbi texnikanı məhv edir. 1992-ci il mayın 8-də növbəti döyüşdə düşmən gülləsinə tuş gələn Albert Aqarunov şəhidlik zirvəsinə yüksəlir. O, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Bakı şəhərində təhsil aldığı 154 nömrəli orta məktəb və Nərimanov rayonunda küçə onun adını daşıyır. Onun qəhrəmanlığı əbədiləşdirilərək təhsil aldığı məktəbin önündə büst, Nərimanov rayonunda hekəl ucaldılıb.

2017-ci ildə Suraxanı rayonunun Əmircan qəsəbəsində Albert Aqarunovun yaşadığı binada onun xatirə lövhəsinin açılış mərasimi keçirilib.

ƏLİHÜSEYN ŞÜKÜROV

Seçilən
9
Mənbələr
Şərh ()
Bağla