AZ

“Sülh sammitini təşkil edən Qərb Rusiyanın iştirakçılığını görmək istəmir” - Politoloq

İyunun 15-16-da İsveçrədə Ukrayna üzrə yüksək səviyyəli sülh sammiti keçiriləcək. Rusiyanın İsveçrədəki səfiri Sergey Qarmonin deyib ki, keçirilməsi planlaşdırılan Ukrayna üzrə sülh sammitinin səs-küylü, lakin mənasız bir piar kampaniyasına çevrilməsi riski var, çünki Rusiya danışıqlarda iştirak etməyəcək: “Rusiyanın iştirakı olmadan Ukraynada nizamlanma ilə bağlı hər hansı söhbət mənasızdır”.

Rusiyasız belə görüşlərin keçirilməsində məqsəd nədir? Nəticəsi olmayan yerdə belə görüşlərin keçirilməsinə nə dərəcədə ehtiyac var?

Qafqaz: əməkdaşlıq və inteqrasiya” klubunun sədri, politoloq Anar Əliyev Herbiand.az-a bildirib ki, 24 fevral 2022-ci ildə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başladığı dövrdən indiyə kimi ötən iki ildən artıq müddət ərzində Rusiya-Ukrayna arasında münasibətlərin sülh yolu ilə danışıqlar masası arxasında həllinə müxtəlif cəhdlər edilib:

“Xüsusilə də münaqişənin başladığı ilkin dövrlərdə Türkiyə kifayət qədər aktiv idi və tərəflər arasında görüşə vasitəçilik etməklə münaqişənin sülh yolu ilə həllinə töhfə verməyə çalışırdı. İnsan ölümü, müharibə cinayətlərinin davam etməsinin qarşısını almaqla tərəflər arasında ortaq nöqtənin tapılması baxımından Türkiyə formatının kifayət qədər uğur doğuracağına inam formalaşmışdı. Təəssüf ki, həmin dövrdə məhz bu münaqişənin başlanmasında maraqlı tərəf kimi çıxış edən Qərb Türkiyə formatının gözdən salınması və heç bir uğur qazanmaması üçün bütün zəruri addımların hamısını atdı. Biz 2022-ci ildə Türkiyə vasitəçiliyi ilə tərəflər arasında bir neçə görüşün, xüsusilə də İstanbulda və Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən görüşləri xatırlayırıq. Həmin görüşlərdə müəyyən irəliləyişlərin əldə olunması imkanları özünü göstərirdi. Lakin Qərb tərəfindən idarə olunan mövcud Ukrayna idarəetməsindəki aktyor truppası təəssüf ki, Ukraynanın milli maraqlarından daha çox havadarlarının maraqlarına xidmət edən mövqe sərgilədi. Bundan da istifadə edən Rusiya özünün işğalçılıq siyasətini davam etdirmək üçün daha rahat mühit qazanmış oldu”.

Politoloq qeyd edib ki, həmin dövrdən sonra da biz dəfələrlə ayrı-ayrı dövlətlərin timsalında Rusiya və Ukrayna arasında münasibətlərin normallaşması, sülh danışıqlarının başlaması, bu proseslə bağlı Sülh sammitinin keçirilməsi ilə bağlı təşəbbüsləri eşitdik:

“Amma çox təəssüf ki, bu səsli-küylü, daha çox təbliğata hesablanmış tədbirlərin heç biri real nəticələr doğurmadı. Çünki bu tədbirlərin keçirilməsində hədəf Rusiyanın Ukraynaya qarşı işğal siyasətini dayandırmaq və prosesdən danışıqlar vasitəsilə çıxış yollarını axtarmaq deyildi. Bu şou xarakterli tədbirlərdə Qərb guya özünün sülhpərvər olduğunu nümayiş etdirmək, amma nəticə etibarilə Rusiya-Ukrayna müharibəsinin davamlılığını təmin edəcək gərgin mühit formalaşdırmaq və formalaşmış mühitin davamlılığını təmin etmək istəkləri, planları dayanırdı. Ona görə də İsveçrədə iyun ayının ortalarında keçirilməsi planlaşdırılan Ukrayna üzrə yüksək Sülh sammitinin ciddi real nəticələr doğuracağı və Ukraynanın üzləşdiyi acınacaqlı vəziyyəti düzəltməyə xidmət edəcəyi hər hansı bir nəticənin əldə olunacağı o dərəcədə inandırıcı görünmür. Məsələ ondadır ki, Rusiya-Ukrayna müharibəsinin tərəflərin hər hansı birinin ciddi üstünlük əldə etmədiyi indiki şəraitdə münaqişənin davam etməsi iki qardaş xalq arasında münaqişə formalaşdırmağa çalışan və buna nail olan Qərbin maraqlarına tamamilə uyğundur. Öz maraqlarına uyğun indiki şəraiti dəyişmək təbii ki, Qərbin heç ağlından belə keçmir. Belə görüşlər keçirməklə guya Rusiyanın sülhə hazır olmadığını, özlərinin və onların əlaltısı olan Ukraynanın mövcud hakimiyyətinin sülh proseslərinə hazır olduğunu, amma qarşı tərəflə - işğalçı ilə danışmaq mümkün olmadığı görüntüsünü formalaşdırmaq, bununla da Rusiyaya qarşı formalaşmış beynəlxalq təzyiqə müəyyən mənada hüquqi don biçməyə çalışırlar. Bu konfrans da bundan öncə keçirilmiş, sözdə təbliğata hesablanmış şou xarakterli sülh sammitlərindən heç nə ilə fərqlənməyəcək. Nəticə etibarilə, yenə də iki xalq arasında olan münaqişədən Ukrayna dövləti, Ukrayna xalqı və Rusiya dövləti böyük itkilər çəkmiş olacaq”.

Anar Əliyevin sözlərinə görə, maraqlı məsələlərdən biri ondadır ki, bu sülh sammitini təşkil edən Qərb tərəfi münaqişədə tərəf kimi çıxış edən Rusiyanın iştirakçılığını ümumiyyətlə görmək istəmir:

“Maraqlıdır ki, münaqişəni yaradan, Ukraynaya qarşı hərbi təcavüzdə ittiham olunan Rusiyanın iştirakı olmadan bölgədə münaqişənin dayandırılması müzakirəyə çıxarılır və hansısa ciddi nəticələrin əldə olunacağı düşünülür. Təbii ki, bunlar hamısı kifayət qədər qeyri-ciddi və gülünc doğuracaq yanaşmalardır. Rusiyanın iştirakı olmadan hər hansı bir müzakirənin aparılması və effektiv nəticələrin əldə olunması təbii ki, real deyil. Rusiyanın dəvət olunmamasında əslində hədəf Qərbin maraqlarına xidmət edən indiki şəraitin tərəflərdən hər hansı birinin üstünlüyünə gətirib imkan verməyəcək müharibə vəziyyətinin davam etməsidir. Ona görə də belə ucuz şoularla hansısa nəticələr əldə etmək, müharibəni dayandırmaq, insan ölümlərinin qarşısını almaq, ciddi deyil və real nəticələr doğura bilməz”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla