AZ

Türkiyəli futbolçu Terimin komandasının “evini yıxdı”

Yunanıstan çempionatında həftəiçi çempionluq pley-offunun 7-ci turunun oyunları keçirildi.

Əslində Fatih Terimin “Panatinaikos”unun bu tura qədər işləri pis getmirdi. Komandanın mövsümü iki titulla bitirmək və ən əsası 2010-cu ildən davam edən çempionluq həsrətinə son qoymaq üçün ciddi şansları var idi. 7-ci tura “Panatinaikos” 71 xalla 2-ci pillədə daxil olmuşdu. Afina nəhəngi 7-ci turda 72 xalla zirvədə qərarlaşan son çempion AEK-in qonağı oldu. Yəni yaxşı formada olan və 4 oyunluq qələbə seriyası yaxalasyan Terimin kollektivi bu dəfə də qalib gələcəyi təqdirdə sona 3 tur qalmış liderliyə yüksələcəkdi. Amma “Ayasofya” stadionundakı qarşılaşma “Panatinaikos” üçün böyük bir fiasko ilə nəticələndi. Belə ki, meydan sahibləri 3:0 hesabı ilə qalib gələrək zirvədə xal fərqini 4-ə yüksəltdilər. Qarşılaşmanın ardından tək “Pana”nın zəif oyunu yox, həm də türkiyəli mərkəz müdafiəçisi Samet Akaydının kobud səhvi böyük müzakirələrə səbəb oldu.

Xatırladaq ki, müqavilə ilə “Fənərbaxça”ya məxsus olan Akaydın məhz Terimin istəyi ilə “Panatinaikos” tərəfindən bu qış 6 aylıq icarəyə götürülmüşdü. 30 yaşlı futbolçu ilk vaxtlar yeni mühitə uyğunlaşmaqda çətinlik çəksə də, son dönəmlərdə kifayət qədər inamlı təsir bağışlayırdı. Amma AEK-lə oyunda faktiki olaraq məhz onun kobud səhvi həlledici rol oynadı. 38-ci dəqiqədə Sametin geriyə ötürməsi çox zəif alındı. Topu ələ keçirən argentinalı Ezekiel Ponse qapıçı ilə təkbətək çıxaraq rahat şəkildə hesab arasındakı fərqi iki topa çatdırdı. Bu epizod ehtiyat zonada dayanmış “İmperator”u da yaman qəzəbləndirdi. Akaydının bu qoldan sonra göz yaşlarını saxlaya bilməməsi diqqət çəkdi. Bu, artıq cari mövsümdə Sametin ağladığı ikinci epizoddu. Noyabrın əvvəllərində “Fənərbaxça”nın evdə “Trabzonspor”a 2:3 hesabı ilə uduzduğu görüşdə də bu futbolçu müdafiədə inamsız oyunu ilə diqqət çəkmişdi. Fanatların çox ciddi etirazından sonra baş məşqçi İsmayıl Kartal 73-cü dəqiqədə onu əvəzləmiş və Akaydın həmin an göz yaşlarını saxlaya bilməyərək birbaşa paltardəyişmə otağına yollanmışdı. Düzdü, bu dəfə Terim Sameti əvəzləmədi və Türkiyə yığmasının üzvü 90 dəqiqə meydanda qaldı. Amma Yunanıstan mətbuatının yazdığına inansaq, bu səhv Sametə baha başa gələcək. “Panatinaikos” yayda 4 milyon avro ödəyərək onu daimi əsasda transfer etmək hüququna malikdi. Deyilənə görə afinalılar bu hüquqdan yararlanmaq niyyətindən vaz keçiblər. Akaydın indiyə qədər “Panatinaikos”da 15 rəsmi oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə fərqlənib. Son qarşılaşmada Samet həm də sarı vərəqə almaqla cəzalı duruma düşdü və həftəsonu “Aris”ə qarşı oyunda meydana çıxa bilməyəcək.

Terim oyundan sonra AEK-in daha yaxşı oynadığını etiraf edərək rəqibi layiuqli qələbə münasibətilə təbrik etdi. Amma o eyni zamanda hakimlikdən gileylənməyi də unutmadı. Yunanıstanda vacib matçlarda əcnəbi hakimlərin xidmətindən tez-tez istifadə olunur. Sözügedən matçı da 31 yaşlı fransalı ədalət təmsilçisi Villi Delajo idarə etdi. Terim hesab 0:1 olarkən komandasının lehinə penalti verilməməsindən şikayətlərndi və “bu dərəcədə aşkar penalti verilmirsə, pul ödəyib Fransadan hakim gətirməyin heç bir mənası yoxdu” ifadəsini işlətdi. Ünlü mütəxəssis sonda çempionluq yarışından çəkilmədiklərini və son tura qədər mübarizə aparacaqlarını əlavə etdi.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla