AZ

Gürcüstanda etiraz aksiyaları: Hadisələr “məxməri inqilab”a gətirəcək?

Artıq bir neçə həftədir ki, Gürcüstanda qızğın və intensiv etiraz aksiyaları davam edir. Bu etiraz aksiyaların əsas səbəbi isə parlamentdə bir neçə həftə öncə qəbul edilən “Xarici təsirin şəffaflığı haqqında” qanundur. Qanuna görə, bundan sonra öz gəlirlərinin 20%-dən çoxu xaricdən maliyyələşən istənilən təşkilat dövlət qurumunda qeydiyyatdan keçməlidir.

Eyni zamanda, həmin təşkilatların adları “xarici agent” kimi deyil, əksinə, “xarici dövlətdən dəstəklənən təşkilat” kimi qeyd olunacaq.

Yenicag.az-a açıqlamasında qonşu ölkədə baş verən məsələlərə münasibət bildirən politoloq Soltan Zahidov deyib ki, bütün bu hadisələr bir çox gürcülərin çölə çıxmasına gətirib çıxarıb.

“Bu gün Gürcüstanda QHT-lər xeylidir və onların çoxu da xaricdən maliyyələşir. Həmin o QHT-lərin həyata keçirdiyi layihələr nəticəsində gəlir alan insanlar ki var, onlar bu gün etirazlarını nümayiş etdirmək üçün meydana çıxırlar”, – deyə o bildirib.

Politoloqa görə, müəyyən ekspertlər artıq Gürcüstanda da “məxməri inqilab”ın olacağını qeyd edirlər.

“Lakin mən düşünmürəm ki, hazırda bu, baş verə bilər. Çünki meydana çıxanlar və QHT sektorunda işləyənlər heç də Gürcüstan əhalisinin çoxluğu deyil və sırf buna görə də inanmıram ki, meydanlarda yüz minlərlə insan toplaşsın. Amma əgər Gürcüstan Birliyindən uzaqlaşmaq siyasətinə davam edərsə, bu, ölkədə siyasi sabitliyi təhdid edir və növbəti ciddi hadisələrin, hətta inqilabın baş verməsinə rəvac verə bilər. Bu yaxınlarda Gürcüstana namizəd üzv ölkə statusu verildi və Gürcüstan qarşısında 14 tələb qoyuldu. Lakin rəsmi Tbilisi nəinki bu tələbləri yerinə yetirdi, əksinə, parlamentin qəbul etdiyi sonuncu qanun Gürcüstanı Avropa Birliyindən uzaqlaşdıracaq bir qanun kimi qiymətləndirdi ki, Avropa İttifaqının bəyanatında da bu məsələ öz əksini tapıb”, – deyə o əlavə edib.

Onun fikrincə, Gürcüstan əhalisinin bir çoxu Rusiyadansa, Gürcüstanın Avropa Birliyinə yaxın olmasının tərəfdarıdır:

“Zamanında Ukrayna bu səhvi etdi və ovaxtkı Ukrayna lideri Viktor Yanukoviç Avropa Birliyi ilə ticarət sazişini imzalamadı, əvəzində Rusiya ilə Avrasiya İqtisadi İttifaqına daxil olmaq sazişini imzalamaq ərəfəsində ikən “Avromeydan” hərəkatları başladı. İndi də Gürcüstan hakimiyyətinin xalqın istəyini nəzərə almadan Avropa ilə olan bağları kəsib Rusiyaya meyllənməsi daha ciddi etiraz aksiyalarına və gələcəkdə “məxməri inqilab”ın baş verməsinə gətirib çıxara bilər”.

Rafi Müslümov

Seçilən
8
Mənbələr
Şərh ()
Bağla

Reytinq