AZ

"Qəbələ" - fiasko

“Qəbələ” Azərbaycan Premyer Liqasının XXXII turunda “Kəpəz”ə məğlub olub – 0:1. Bu nəticədən sonra “qırmızı-qaralar”ın mövsümü sonuncu bitirəcəyi dəqiqləşib. 9-cu “Araz-Naxçıvan”dan 15 xal geri qalan “Qəbələ” qarşıdakı bütün oyunlarında qələbə qazansa belə, mövqeyini dəyişə bilməyəcək.

Azərbaycan Kubokunun son qalibi tarixinin ən pis mövsümünü keçirir. Həmişə sərgilədiyi oyunla azarkeşlərin gözünü oxşayan bölgə klubundan indi əsər-əlamət qalmayıb. Baş məşqçi postunda dəyişiklik edən və Kaxaber Sxadadzeyə “sükanı” təhvil verən “Qəbələ”də gözləntilər qarşılanmadı. Gürcü mütəxəssis “batan gəmini” xilas etməyə gəlmişdi, amma gəmi batdı, xilaskar tapılmadı.

Sxadadze də etiraf edir, bildirir ki, problemlərin həlli üçün gəlmişdik, alınmadı. Bundan sonrasının necə olacağı da qeyri-müəyyəndir. Reqlamentə əsasən, komanda I Liqaya düşməlidir, ancaq hazırda AFFA-da komanda sayının artırılması müzakirə edilir və bu, “Qəbələ”nin son ümid yeridir.

32 oyunda cəmi 4 qələbə “Qəbələ” kimi komanda adına fiaskodur. Heyəti fərdi olaraq müqayisə etsək, “Kəpəz”dən də, “Araz-Naxçıvan”dan da daha yaxşıdırlar, ancaq sanki klub lənətlənib. Böyük ümidlərlə heyətə cəlb olunan legionerlər də ümidləri doğrultmadı. Əksinə, komandanı daha çətin duruma saldılar – kimisi boş qapıya düşə bilmir, kimisi qırmızı vərəqə alıb komandanı azlıqda qoyur. Hər bir halda, nəticə ortadadır. Nə olur olsun, bu komanda “zirzəmi”dən qurtula bilmədi. Adı, infrastrukturu da dada çatmadı. Elmar Baxşıyevlə başladı, Sxadadze ilə bitdi. 

Şahin Cəfərov
Seçilən
14
Mənbələr
Şərh ()
Bağla